Avqustun 2-də Qazaxıstan Respublikasının Mangistau vilayətində “TENİZ-2018” beynəlxalq kompleks təlimi başlayıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Teleqraf.com-a bildiriblər ki, təlim “Xəzər dənizi akvatoriyasında, o cümlədən Xəzəryanı ölkələrdə təbii və texnogen qəzaların nəticələrinin aradan qaldırılması zamanı Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya və İranın xilasetmə qüvvələrinin fəaliyyətinin təşkili” mövzusuna həsr olunub.
Təlimdə FHN-in Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Aviasiya dəstəsi və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin şəxsi heyəti (ümumilikdə 32 nəfər) və texnikası, o cümlədən “İveco” markalı səyyar kimyəvi laboratoriya, “Mersedes Sprinter” markalı xüsusi təyinatlı xilasetmə, “Toyota Land Cruiser” markalı “Qərargah-rabitə” avtomobilləri və “BE-200 ÇS” amfibiya təyyarəsi iştirak edir.
Beynəlxalq təlim avqustun 3-də Mangistau vilayətinin sahil hissəsində və Xəzər dənizi akvatoriyasında davam etdiriləcək.