1918-ci il dekabrın 7-də Azərbaycan Cümhuriyyətinin parlamentinin açılışı olur. Bu münasibətlə hökumət xatirə jetonu hazırlayır. 70 illik əsarətə baxmayaraq həmin xatirə jetonu tarixin maneələrindən keçərək günümüzə qədər gəlib çatır.
…Milli Azərbaycan Tarixi Muzeyindəyik. Həmin jeton Cümhuriyyətdən qalan bir xatirə kimi şüşənin altında sərgilənir. Materialı bürüncdür, üçrəngli lentdən asılıb. Onun yanında isə başqa bir dəyərli material var: Azərbaycan Parlamenti deputatının döş nişanı. Bürünc minada Azərbaycan bayrağı. Bu nişan Azərbaycan Parlamentinin sədri Əlimərdan bəy Topçubaşova aiddir.
Başımızın üzərində isə bir bayraq asılıb. İzahedici lövhədə yazılıb: “Azərbaycan Cümhuriyyətinin bayrağı. İpək, əl ilə tikmə. 109x149 sm. Türkiyədə mühacirətdə olan Məhəmməd Əmin Rəsulzadə öz həyat yoldaşı ilə birlikdə 1952-ci ildə 28 may günü ərəfəsində hazırlamışdır. Mühacir Gülmirzə Bağırov bayrağı qoruyub saxlamış, 1998-ci ildə Müsavat Partiyasına təhvil vermişdir. 2003-cü ildə bayraq həmin partiya tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə olunmuşdur”.
Rəsulzadə xanımı Leyla Rəsulzadə ilə birlikdə tikdiyi bu bayrağın bir gün Azərbaycanda asılacağına inanırdımı?
Şübhəsiz ki, bəli. Çünki o, Azərbaycan xalqına son müraciətlərində də buna əmin idi: “Bu qabiliyyət qüvvəsi qızıl istibdad zülmü altında inləyən əziz Vətənimizdə 1918-ci ilin 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz”.
Cümhuriyyət arxivləri təkcə sahibləri kimi mühacirət edib, muzeyə gəlməyib. Mühüm materiallar elə SSRİ dönəmində də repressiya maşınından xilas olaraq bu günə gəlib çatıb. Təkcə insanlar deyil, əşyalar da repressiyaya məruz qalır. 1937-ci ildə Azərbaycanın böyük şəxsiyyətləri sadəcə cismani məhv edilmədi, onların evləri də talanaraq əsərləri, qiymətli əşyaları yox edildi. Bu baxımdan Cümhuriyyət dönəminə aid mühüm əşyaların bu günə çatması sadəcə möcüzədir.
…Qarşımızda möhürlər var. Birinin üzərində ərəb qrafikası ilə türk dilində yazılıb: “Azərbaycan Dövlət Teatr Cəmiyyəti, 1919-cu il”. Dairəvi formalı, tutacaqlı möhür tuncdan hazırlanıb. Eyni formalı digər möhürdə isə həm türk, həm də rus dilində yazı var: “Bakı Dövlət Universiteti, 1919-cu il”.
Gələn il 100 illiyini qeyd edəcəyimiz Bakı Dövlət Universitetinin ilk möhürünün qorunub saxlanılması tariximiz üçün olduqca mühümdür. Qəribədir ki, Azərbaycan Parlamentinin də möhürü günümüzə sağ-salamat gəlib çıxa bilib. Həmin möhür Ədliyyə Nazirliyinin muzeyində saxlanılır.
Azərbaycan Cümhuriyyəti dövründə hərbi nazirin müavini olmuş Əliağa Şıxlinskiyə aid qapı lövhəsi də muzeydədir. Metaldan ibarət lövhənin ölçüsü 16,5x5 sm-dir.
Muzeydə Azərbaycan Cümhuriyyətinin İstiqlal Bəyannaməsinin iki müxtəlif nüsxəsi var. Azərbaycan (türk) dilində olan nüsxə 1920-ci ildə İngiltərədə istehsal olunmuş vatman kağızı üzərində qara mürəkkəblə, əllə yazılıb. Digəri isə fransız dilindədir, Hollandiya istehsalı olan “Van Gelder Zonen” fabrikinin məhsulu olan kağızda əllə yazılıb.
Yeri gəlmişkən, İstiqlal Bəyannaməsinin orijinal nüsxəsi də dövlət arxivində qorunur.
Muzeydə Əli bəy Hüseynzadənin, Əlimərdan bəy Topçubaşovun, Məhəmməd Əmin Rəsulzadənin müxtəlif fotoşəkilləri saxlanılır. Rəsulzadənin tək çəkilən, bir çox kitablarda istifadə edilən məşhur fotosu buradadır. Arxasında əski əlifba ilə yazılıb: “Rəsulzadə. İstanbul. 30 mayıs 1923”.
Əlimərdan bəylə böyük türk mütəfəkkiri, qəzetçisi İsmayıl bəy Qaspıralının nadir fotoşəkli də bu muzeydə yer alır.
Qiymətli sənədlərdən biri Paris Sülh Konfransında təqdim edilmək məqsədilə tərtib edilən Azərbaycan Cümhuriyyətinin xəritəsidir. Fransız dilindədir. 1919-cu ildə hazırlanıb.
Muzeydə həmçinin Azərbaycan Cümhuriyyəti dönəmində işlənən pullar, markalar, müxtəlif qiymətli kağızlar, Qafqaz İslam Ordusuna aid silahlar və digər materiallar saxlanılır.
Maraq doğuran materiallardan biri də tarixi xəncərdir. Xəncər kəmər üzərindədir. Kəmərə 15 ədəd qızılı işləməli metal lövhələr vurulub. Onlardan biri toqqa, üçü dil, qalan on biri müxtəlif formalıdır. Qının aşağı və yuxarı hissələrində nəbati naxışlı və qızıl işləməli lövhələr vurulub. Qının arxa tərəfində kiçik ölçülü bıçağı var. Xəncər Azərbaycanın və Dağıstanın görkəmli ictimai xadimi, Zaqafqaziya Seyminin üzvü İbrahim bəy Heydərova məxsus olub. Xəncər 2011-ci ildə İbrahim bəyin nəvəsi Mina Tansel xanım tərəfindən muzeyə hədiyyə edilib.
Təəssüf ki, Cümhuriyyətə aid bəzi materiallar yoxa çıxıb. 1919-cu ildə Bakıda “İstiqlal” muzeyi yaradılır, Cümhuriyyətə aid materiallar burada toplanmağa başlanılır. Lakin 27 aprel işğalından sonra “İstiqlal” muzeyi ləğv edilir, 1920-ci ilin iyunun 15-də Tədris muzeyi yaradılır, həmin ilin oktyabrın 25-də Azərbaycan SSR Dövlət Muzeyi fəaliyyətə başlayır. Muzeyin ilk direktorları olan Məmməd Məlikov, İsmayıl Şeyxzadə həmin dönəmin şərtlərinə baxmayaraq Müsavat hökuməti dövrünün materiallarını da qoruyurlar. Lakin 1928-1932-ci illərdə muzeyə Sero Manutsyan, 1932-1934-cü illərdə A.Melkumyanın muzeyin direktoru olduğu dövrlərdə Müsavat dönəminə aid materiallar toplanaraq Moskvadakı İnqilab Muzeyinə göndərilir.
Əvəzində isə muzey Şaumyan və onun yoldaşlarının fəaliyyəti ilə zənginləşdirilir…
Nəhayət, bir də 1991-ci ildə müstəqillik qazanıldıqdan sonra muzey işçilərinin gərgin fəaliyyəti nəticəsində cümhuriyyətçilərin ailə üzvləri əllərində olan materialları muzeyə bağışlayırlar və həmin illərdə ilk Cümhuriyyət sərgisi də təşkil edilir…