10 Avqust 2018 10:27
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov cavablandırıb:

- “Moody’s” beynəlxalq reytinq agentliyi 2019-cu ildə Azərbaycanda iqtisadi artım tempinin sürətlənəcəyinə dair hesabat yayıb. Bu hesabatı necə şərh edərdiniz?

- “Moody’s” kimi beynəlxalq maliyyə reytinqini müəyyənləşdirən mötəbər agentliklər Azərbaycanla bağlı çox nikbin proqnozlar verir. Bu isə təsadüfi deyil. 2016-cı ildən başlayaraq cənab prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının demək olar ki, bütün sektorlarını əhatə edən strateji yol xəritəsi tərtib etdi. Başlıca məqsəd ölkə iqtisadiyyatının neftdən asılılığını minimuma endirmək idi. Qeyri-neft sektorunun şaxələndirilmiş şəkildə inkişaf etdirilməsi perspektiv olaraq qarşıya qoyulmuşdu. Artıq o hədəflərə çatılıb.

Qeyri-neft sektoru getdikcə daha sürətlə inkişaf edir, ümumi daxili məhsulun tərkibində bu sektorun çəkisi artır, kənd təsərrüfatı, turizm, sənaye və digər sahələrdə çox böyük nailiyyətlər əldə olunub. Qısacası ölkənin ixrac potensialı daha da genişlənib.

Digər tərəfdən maliyyə-bank sektorunda aparılan dərin islahatlar öz nəticəsini verməkdədir. Dünya bazarında neftin qiymətinin artması kimi amillər ona rəvac verir ki, ölkəmizdə dayanıqlı və dinamik sistem formalaşsın. Bu isə beynəlxalq reytinqi müəyyənləşdirən təşkilatların diqqətini cəlb edir. Onlar təhlillər aparır və Azərbaycanla bağlı hesabatlar faktlara, araşdırmalara, ölkəmizdəki gedən proseslər və onların nəticələrinə əsaslanır.

- Sizcə, rubl, lirə və realın ucuzlaşmasının manata təsiri olacaqmı?

- Azərbaycanda devalvasiyanın olacağına dair narahatlığa əsas yoxdur. Ölkə manatının devalvasiyaya uğraması səbəbləri bizə məlumdur. Hansı tendensiyalar baş verəndə manatın ucuzlaşdığını bilirik, biz bu yolu keçdik və onun qarşısının alınması ilə bağlı kifayət qədər təcrübəmiz var. Əgər “Moody’s” kimi mötəbər təşkilat Azərbaycandakı iqtisadi inkişafı müsbət dəyərləndirirsə, ümumi daxili məhsulun artımının bu il 1,5 faiz, 2019-cu ildə 3 faiz artacağını bəyan edirsə, bu, ölkədəki dinamik inkişafın, iqtisadi dayanıqlılığının, başlıcası isə ölkəyə daxil olacaq valyuta ehtiyatlarının artması hesabına baş verir.

Getdikcə valyuta ehtiyatlarımız daha da genişlənir. Manatın məzənnəsinin müəyyənləşməsi bizim valyuta ehtiyatlarımızla sıx bağlıdır. Valyuta ehtiyatlarımız kifayət qədərdir, eyni zamanda getdikcə valyuta gətirən mənbələrimiz daha da çoxalır. Artıq tranzit ölkəyə çevrilirik. Bu, bizə valyuta gətirəcək. İxrac etdiyimiz sənaye, kənd təsərrüfatı məhsulları valyuta gətirir.

Neftin qiymətinin dünya bazarında qiymətinin indi və gələcəkdə ən azı bu səviyyədə qalması onu deməyə əsas verir ki, Azərbaycan manatı üzərində heç bir təzyiq yoxdur. Manatın digər xarici valyutalar qarşısında güclənməsinin ən başlıca səbəbi Prezident İlham Əliyevin apardığı dayanıqlı iqtisadi siyasətdir. Büdcəmizə turizm sektoru vasitəsi ilə böyük məbləğdə valyuta daxil olub.

- Ötən gün ölkə başçısı avtobus parkının yenilənməsi ilə əlaqədar sərəncam imzaladı. 300 avtobusun paytaxta gətirilməsinin nə kimi faydası olacaq?

- Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin bütövlükdə məqsədi Azərbaycan vətəndaşlarının sosial rifah halının yüksəldilməsi, gəlirlərinin artması, insanların rahatlığının təmin olunması ilə bağlıdır. Ölkə başçısının “Bakı şəhərində avtobus parkının yenilənməsi haqqında” sərəncamı Azərbaycan vətəndaşlarının rahatlığına və komfort nəqliyyat vasitələrindən istifadə etməsinə xidmət edir. Vətəndaşların ən çox istifadə etdiyi vasitələrdən biri də nəqliyyat sistemidir, avtobus parklarının yenilənməsi o deməkdir ki, paytaxta müasir standartlı, insanların rahatlığını təmin edən avtobuslar gətiriləcək.

Bu, günün tələbi idi ki, artıq prezident bununla bağlı müvafiq sərəncam verdi və Bakı Nəqliyyat Agentliyinə 47 milyon 924 min manat vəsait ayırdı.

- “Cənub Qaz Dəhlizi” layihəsinin ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalarda istisna hal olmasını necə qiymətləndirirsiniz?

- Azərbaycan xalqın və dövlətinin mənafeyini ifadə edən, qonşularla balanslaşdırılmış, qarşılıqlı etimad mühitində unikal siyasət həyata keçirir, ölkəmiz Avropanın mavi yanacaqla təmin olunmasında ən etibarlı mənbələrdən biridir. Bu layihə birinci növbədə Azərbaycanın və onun prezidenti İlham Əliyevin siyasi qətiyyətinin təntənəsidir. Bu, iqtisadi məna kəsb etməklə yanaşı, Azərbaycanın siyasi nüfuzunun daha da artması, Cənubi Qafqazda böyük potensiala malik olması deməkdir.

Cənubi Qaz Dəhlizi Azərbaycana iqtisadi səmərə verməklə yanaşı Avropa ölkələrinin marağındadır ki, qazımızı alsınlar. Bu layihə həm də o deməkdir ki, Azərbaycan regionda böyük güc mərkəzinə çevrilir, eləcə də Avrasiya məkanında logistik və nəqliyyat qovşağı olmaqla yanaşı, Avropanın enerji təchizatında etibarlı bir tərəfdaşdır.

Ölkəmiz son illər ərzində üzərinə götürdüyü bütün öhdəlikləri layiqincə yerinə yetirir, beynəlxalq hüquq normalarına hörmətlə yanaşır. ABŞ bu kimi faktorları hər zaman nəzərə alır. Bu səbəbdən Cənubi Qaz Dəhlizi layihəsinin inşası zamanı ABŞ-dan təkan vardı, Birləşmiş Ştatlar bu layihə barədə müsbət fikirlərini açıqlamışdı.


Müəllif: Nərgiz

Oxşar xəbərlər