“Azərbaycanın Liviyadakı diplomatik nümayəndəliyi rəsmi şəkildə fəaliyyətini davam etdirir”.
Bunu Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürov deyib. “Bu ölkədə hazırda yalnız bir neçə Avropa ölkəsinin səfirliyi fəaliyyət göstərir ki, Azərbaycan səfirliyi də diplomatik fəaliyyətini davam etdirənlər sırasındadır”, - deyə o, söyləyib.
Liviyadakı azərbaycanlılarla bağlı sualı cavablandıran A. Şükürov 2011-ci ildə bu ölkədən 38 azərbaycanlının təxliyyə edildiyini və hazırda Liviyada səflrik personalından kənar yalnız 1 Azərbaycan vətəndaşının qaldığını bildirib. Səfir həmin şəxsin Liviya-Azərbaycan müştərək şirkətinin əməkdaşı olduğunu qeyd edib.
A. Şükürov vəziyyətlə bağlı Azərbaycan XİN-ə məruzə edildiyini və tezliklə bu ölkədə diplomatik fəaliyyətin davam etdirilib-etdirilməməsi ilə bağlı qərarın qəbul olunacağını bildirib.
Xatırladaq ki, Liviyada hökumət qüvvələri və islamçı qruplaşmalar arasında gərginliyin artması ilə əlaqədar bir sıra ölkələr öz səfirliklərini bu ölkədən təxliyyə ediblər.
/APA/