16 Avqust 2018 17:28
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

25 ildir özlərini radikal müxalifət elan edən Əli Kərimli, Arif Hacılı və digərləri bir-birlərinə qarşı amansız mübarizə aparırlar. Heç vaxt bir-birlərini qəbul etməyiblər, nifrət ediblər, bir-birlərinin zəifləməsinə xidmət ediblər. Buna görə də onlar İlqar Məmmədova nə dərəcədə önəm verə bilərlər? Nə dərəcədə onu özlərindən öndə, yaxud öz yanlarında görə bilərlər? Buna görə də düşünmürdüm ki, onlar İlqar Məmmədovu ziyarət edəcəklər. Onlar heç İlqar Məmmədovun varlığını qəbul etmirlər.

Bunu Teleqraf.com-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı ənənəvi müxalifət liderlərinin bir neçə gün əvvəl azadlığa çıxmış İlqar Məmmədovla görüşməməsi məsələsinə münasibət olaraq deyib.

Niyaməddin Orduxanlı qeyd edib ki, Əli Kərimlinin “trolları” onun tapşırığı ilə bütün gün sosial şəbəkədə İlqar Məmmədovu təhqir edirlər: “Buna görə də gözləmirdim ki, onlar bundan sonra da bir-birlərinə qarşı xoş münasibətdə olsunlar. Çünki onlar da bilirlər ki, heç vaxt Azərbaycan cəmiyyətinin dəstəyini qazana bilməyəcəklər. Onlar hakimiyyətə gəlsələr, ölkədə xaos olacaq, ölkə vətəndaş müharibəsinə sürüklənəcək”.

Qeyd edək ki, avqustun 13-də Şəki Apellyasiya Məhkəməsində hakim Gündüz Abbasovun sədrliyi ilə REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. Prosesdə İ.Məmmədovun azadlığa buraxılması barədə qərar qəbul edilib.

Partiya sədrinin azadlığa çıxmasından keçən bir neçə gün ərzində müxalifət liderlərinin hələ də onunla görüşməməsi diqqət çəkir.


Müəllif: Mənsur Rəğbətoğlu