Mən Azərbaycan Yazıçılar Birliyinin işlərinə qarışmıram və birliyi müdafiə etmək niyyətim yoxdur. AYB haqqında yazıçı danışsa bunu anlamaq olar, lakin çox vaxt bu quruma aidiyyəti olmayan və ya istedadsız, birliyə üzv olmaq üçün dəridən-qabıqdan çıxan adamlar yazır.
Teleqraf.com xəbər verir ki, bunu yazıçı Sabir Rüstəmxanlı deyib.
Yazıçı qeyd edib ki, vaxtilə birliyin sədirliyi söhbətində onun da adı hallanıb:
“Mən fikrimi aydın demişəm, nə qədər ki, Anar işləmək istəyir, mən ona mane olmaram. Bu, Anarın Birliyin sədri kimi əvəzolunmazlığı demək deyil. Bu, insana öz xidmətlərinə görə sayğıyla yanaşmaqdır. AYB-də bir dəstə gənc çalışır. Çingiz Abdullayev kimi dünya şöhrətli və işləməkdən yorulmayan birinci katib, yenə başqa iki istedadlı və gənc katib Rəşad Məcid və İlqar Fəhmi olan yerdə Anarın işləməsinə ehtiyac da qalmır.
Heç bir iş görmədən öz təcrübəsiylə bunları yönləndirsə onun yaşını hallandırmağın nə mənası? Əksinə, məncə yazıçılar sevinməlidirlər ki, birliyə Anar kimi bütün ömrü boyu Azərbaycan və ümumtürk ədəbiyyatına, mədəniyyətinə, ictimai və siyasi fikrinə ləyaqətlə, yorulmadan xidmət etmiş, nüfuzlu, hörmətli, sözü keçən, müdrik bir insan başçılıq edir; bu qədər vaxtını, əsəbini sərf edir birliyin gündəlik içlərinə.
AYB-yə məzarlıq deyənlərin görünür, birliyin işlərindən xəbərləri yoxdur. Xatırlatmaq istəyirəm: mətbuatın böhran içində olduğu günlərimizdə AYB “Azərbaycan”, ”Ulduz”. “Qobustan” “Literaturnıy Azerbaydjan” kimi yüksək səviyyəli dərgiləri və “Ədəbiyyat qəzeti” kimi maraqlı bir qəzeti nəşr edir, Natəvan klubunda hər gün bir ədəbi məclis var. AYB başqa neyləməlidir ki, siz onun canlı olduğunu hiss edəsiniz?”.
Sabir Rüstəmxanlı AYB-ni müdafiə etmək fikrində olmadığını deyib:
“Amma Anarı müdafiə etməyi, onun haqqında qələm adamına, bir Azərbaycanlıya və insana yaraşmayan ifadələr işlədənlərə cavab verməyi özümə borc bilirəm və bu elə mənim işimdir. Çünki bu, artıq bir ləyaqətli böyüyümüzə münasibət çərçivəsindən çıxıb; bu, bir millətin əxlaq məsələsidir, bu, bizim yüz illərlə formallaşmış milli xarakterimizi, kişilik, mərdlik, sözübütövlük, böyük-kiçik yeri bilmək özəlliyimizi məhv edən qüvvələrə qarşı dirəniş vəzifəmizdir; bu, harda, necə yetişdirildiyi bəlli olmayan dağıdıcılıq ehtirası ilə yaşayanlara yerini göstərmək , bəlkə də bəzi həqiqətləri anlamalarında onlara yardımçı olmaqdır”.