13 Sentyabr 2018 20:18
2 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş yarmaq kimi əzadarlıq nümunəsi məntiqli deyil. Bəzi qüvvələr başyarma dəstələrini məqsədyönlü şəkildə yaradıb şiə inanclılarının içərisinə salaraq video çəkib dünyaya şiəliyin xurafatdan ibarət olduğunu göstərmək istəyirlər. Amma qətiyyən belə deyil. Şiənin Molla Sədrası, İbn Sinası var. Belə şeyləri İslamla, şiə məzhəbi ilə əlaqələndirmək savadsızlıq və qərəzlilikdir.

Bu sözləri Teleqraf.com-a Qafqaz Müsəlmanları İdarəsinin fətva və moizə şöbəsinin aparıcı mütəxəssisi, Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov deyib.

Onun sözlərinə görə, Aşura günü Təzə Pir məscidi də daxil olmaqla, ölkədəki məscidlərin hər birində, eləcə də müvafiq tibb məntəqələrində qanvermə aksiyaları keçiriləcək: “Qan verməklə kiminsə həyatını xilas etmək olar. Qurani-Kərimdə deyilir ki, bir insanı diriltmək bütün bəşəriyyəti diriltmək, bir insanı öldürmək bütün bəşəriyyəti öldürmək deməkdir. Bu, həm də sədəqə sayılır, pul vacib deyil, xoş söz də, qan da sədəqədir. Qan verən adam bunu İmam Hüseyn əleyhissəlamın xətrinə etdiyi üçün savab qazanır.

İkincisi onun qanı ilə bir və ya bir neçə nəfər həyata bağlanacaqsa, ikinci savabı oradan əldə edəcək. Eyni zamanda öz sağlamlığına xeyirli iş görmüş olur, tibbi baxımdan qan dövranın yaxşılaşması üçün qan vermək böyük rol oynayır.

Ümumiləşdirsək bu, həm cismani, həm də mənəvi savabdır, hansı mövqedən baxsaq, məqbul sayılır. Bir nəfərin yaxını rəhmətə gedəndə üzünə, başına, sinəsinə vurması mümkündür, amma qılıncı başına vuran birini görməmişik”.

Mircəfər Əyyubov İslam dininin tolerant din olduğunu vurğulayıb: “Qurani-Kərimdə bir ayə var ki, qeyri-müsəlmanlardan kimsə, hətta sizinlə müharibə şəraitində olan şəxs sizə əsir düşdükdə təslim olsa və həmin şəxs haqqı qəbul edən məntiq sahibidirsə, ona Qurani-Kərimin maarifini tamamilə öyrədin. Quranın təlimatlarını anladın, dərhal cavab gözləməyin, sizin təzyiqiniz altında olmadan azad şəkildə dini saf-çürük edə biləcəyi əmin-aman yerdə saxlayın ki, fikirləşsin.

O dövrdə müsəlmanlar xristian və ya yəhudilərlə müharibə aparmırdı, əsasən bütpərəstlər müsəlmanlara hücum edirdilər. İslam deyir ki, hətta bütpərəst şəxsə belə Quranı öyrədib onu öz qəbiləsinə aparın, bir müddət düşünsün görsün İslam necə dindir.

İslamda ateist bir şəxslə qonşuluq etmək məqbul sayılır. Amma buyurulur ki, sözünün üstündə dayanmayan, mütəmadi olaraq razılaşmaları pozan insanla qonşuluq eləmə. Əxlaqi kodekslərə ehtiram edən allahsız insanla birlikdə yaşamağı İslam nəinki rədd edir, əksinə deyir birgə yaşaya bilərsiniz”.


Müəllif: Nərgiz