29 Sentyabr 2018 09:01
4 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Payız fəsli ayrıca gözəlliyi, romantik ab-havası ilə yanaşı insanlarda özünəqapanma və depressiya halları da yaradır.

Psixoloq Vəfa Rəşidova Teleqraf.com-a deyib ki, depressiya insanın beynində serotonin maddəsinin azalması deməkdir.

Bu, narahatçılıq, sıxıntılar, problemlər, neqativ düşüncələr yarada bilir: ”Genetik və qazanılmış depressiya növləri var. Depressiyadır deyib keçmək olmaz, çünki belə bir psixoloji vəziyyət insanı intihara qədər sürükləyə bilər.

İnsanlarda belə bir düşüncə yaranıb: depressiya deyəndə payız, payız deyəndə depressiya yada düşür. Amma depressiyanın fəsli, günü, ayı olmur. Sadəcə depressiyaya meylli insanlar payız fəslində daha tez sıxıntı keçirirlər. Payızı sevməyən, bu fəsli xoşlamayan insanlar da olur ki, yarpaqlar saralan kimi özlərini depressiyada zənn edirlər”.

Psixoloqun sözlərinə görə, bəzən ətrafımızda kimin depressiyada olduğunu bilmirik: “Depressiv insan həyatında bir dəfə də olsa “mən ölmək istəyirəm” və ya “özümü öldürəcəm” deyəcək, bu isə artıq depressiyanın başlanğıcıdır. Onu psixoloq və ya psixiatra yönləndirmək lazımdır.

Depressiya artıq məşhur psixoloji narahatçılığa çevrilib. İnsanlar son illər bunu o qədər təkrar etdilər ki, biri-birlərinə də ötürlər”.

Vəfa Rəşidova qeyd edir ki, çox adam gizli depressiya yaşaya bilirlər: “Məsələn insan deyir-gülür, özünə, geyiminə, makyajına, üst-başına diqqət edir, amma bunu həddindən artıq edir... Bu da depressiyadan xəbər verir. Belə adamlar işində-gücündə olur, amma bəzi hallarda sosial həyatdan çəkilir, ağlayır və özünə qapanırlar.

Bəzən də evə qapanır, sosial həyatdan çəkinir, onda deyirlər ki, bu onun xasiyyətidir. Bu hal iki-üç həftədən, bir aydan çox davam edirsə, bu, artıq depressiyadır”.

Payız depressiyasından qurtulmaq üçün insanların özbaşına dərmanlardan istifadəsinin ən böyük yanlışlıq olduğunu deyən psixoloq əlavə edir ki, depressiv adamlara qarşı ailə üzvləri çox diqqətli olmalıdır: “Depressiv insanın bir pik nöqtəsi var ki, ona çatanda dayanır. Bu isə artıq intihar və intihara meyllik sayıla bilər. Belə hallarda insan öz gücü ilə depressiyadan çıxa bilmir, tərs xarakterli depressiv insanlar isə hətta bəzən yaxınlarının da köməyini qəbul etmirlər. Bu zaman ailə olaraq möhkəm və bir olmaq lazımdır.

Depressiv insanlarla çoxlu söhbət etmək, danışmaq lazımdır. Depressiyanın dərin forması olanda psixoloq bunu psixiatra yönləndirməlidir. Bəzən psixoloqlar bunu etmirlər.

50 il qabaq depressiya ciddi sarsıntı sayılmırdı. O zaman yaşam tərzi, insanların bir-birinə ünsiyyəti fərqli idi. İndi ona görə depressiya halları artıb ki, insanlar bir-bir ilə söhbət edə bilmir.

Bu sahədə maarifsizlik, məlumatsızlıq da problem yaradır. Hər bir insan 6 aydan bir şəxsi psixoloquna müraciət edərək, bir saat söhbət etməlidir. Problem olmasa belə, profilaktika mənasında özünə yaxşılıq etmiş olur”.

Vəfa Rəşidova deyir ki, payız depressiyası həm də yuxu pozğunluğu və iştahasızlıq yaradır: “Eyni zamanda depressiyada olan insanların əksəriyyəti seksual həyat yaşaya bilmir, buna onların ruh halı imkan vermir”.

Bəs depressiyaya düşməmək, enerjini yüksək tutmaq üçün nə etməliyik? Fitoterapevt Elnur Rəhimov deyir ki, payız depressiyası xroniki yoğunluqla üst-üstə düşür və xoşbəxtlik hormonu azalır: “Bu zaman birinci istifadə etdiyimiz qida küncütlü toxumdur. Sonra, jenşen, digər adı ilə desək eleuterokokun kökünü un halına salaraq, balla qarışdırıb yemək lazımdır. Bir də hazır şəkildə buğda rüşeymli məcunlar var ki, onlar da enerji verir.

İmmunitet zəifliyi, boğaz gəlməsi də xroniki yorğunluq, depressivlik yaradır. Bunun qarşısını exinaseya bitkisi ilə almaq olar ki, onu da 14 gündən artıq içmək məsləhət deyil. Çökə çayı da insanı sakitləşdirir”.

Payız depressiyasında olanları diyetoloqlar da diqqətli olmağa çağırır. Diyetoloq Aygün Abdullayeva deyir ki, qidalanmanın yaz-payızı olmur, ona həmişə diqqət etmək lazımdır: “Yayda insanların iştahası daha az olur, günəşli isti hava onları xoşbəxt edir. Payızda isə günlərin qısalması, havaların buludlu olması insanlarda depressiv vəziyyət yaradır ki, bu zaman insan yeməyə meyllənir, günün çox vaxtını mətbəxdə keçirir. Çünki onlarda stress hormonları çox ifraz olunur və normadan artıq yeməyə başlayırlar”.

Həkim deyir ki, səhər, günorta, axşam – gündə mütləq 3 dəfə qidalanmaq lazımdır: “Ən azı saat 7-də normal, əsas yeməyi yeyəsiniz yaxşı olar. Bu o demək deyil ki, 12-də yatan adam bunla qane olacaq, axşam saatlarında süd, qatıq, quru meyvə ilə çay içmək olar. Yaxşı olardı ki, depressiv vəziyyətdə çıxmaq üçün axşam saatları ən azı 1 saat yürüş etsinlər, bu, həm stressi aradan götürür, həm də xoşbəxtlik hormonunun daha çox ifraz olunması kömək edir.

Sakitləşdirici heç bir şeyi məsləhət görmürəm, amma ümumi yaşıl çaylardan istifadə də bilərlər”.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər