28 Aprel 2014 16:37
2 768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir qədər əvvəl Nazirlər Kabinetinin qərarı əsasında yaradılan və Bakı şəhərində ictimai nəqliyyat işını təşkil edəcək “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) rəhbərlik hazırda qeyri-rəsmi səviyyədə Bakı Şəhər İcra Hakimiyyətinin xidmət rəhbəri Nazim Əsgərova tapşırılıb. Yaxın zamanlarda Nazim Əsgərovun bu vəzifəyə rəsmi təyinat alacağı bildirilir.

Bu barədə Teleqraf.com-a məlumat verən etibarlı mənbənin sözlərinə görə, vaxtilə Bakı Şəhər Nəqliyyat Departamentinə rəhbərlik edən Nazim Əsgərovun bu sahədəki təcrübəsindən istifadə edilir. Xatırladaq ki, BŞİH-in tərkibində fəaliyyət göstərən Nəqliyyat Departamenti Bakıda ictimai nəqliyyatın təşkilinin Nəqliyyat Nazirliyinə həvalə edilməsindən sonra ləğv edilmişdi.

Departament ləğv ediləndən sonra bir müddət işsiz qalan N.Əsgərov 2006-cı ildə BŞİH-in tabeçiliyində yaradılan «İnterservis» Xidmət Departamentinin rəhbəri təyin olunub. Xidmət Departamenti xarici ölkələrdən Azərbaycana gələn yüksək səviyyəli qonaqların Bakı şəhərində qarşılanması və yerləşdirilməsi ilə məşğul olur. Eyni zamanda, xidmət Bakıda yerləşən diplomatik nümayəndəlik və səfirliklərdə kommunal xidmətləri yerinə yetirir.

Xatırladaq ki, aprelin 14-də Nazirlər Kabinetinin qərarı əsasında yaradılan “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətin təşkili üçün Prezidentin Ehtiyat Fondundan 30 milyon manat pul ayrılıb. Qərarda qeyd olunur ki, Maliyyə Nazirliyinə həmin vəsaitin maliyyələşdirilməsini təmin etmək, Nəqliyyat Nazirliyinə Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Cəmiyyətə məxsus avtobusların marşrutlarını və hərəkət qrafiklərini müəyyən etmək tapşırılıb. BŞİH Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə 1 ay ərzində ən azı 200 ədəd iritutumlu avtobusun saxlanması məqsədilə avtonəqliyyat parkları (qarajları) üçün yerlər ayırmalıdır.

Ruslan


Müəllif: Ruslan Xəlil

Oxşar xəbərlər