Seyid Camal Əzimbəyli: “Onun görüşləri təkfirçi qüvvələrin zərərsizləşdirilməsinə səbəb olacaq”
Ölkəmizdə dövlət-din münasibətlərinə xüsusi önəm verilir. Bu səbəbdən də dini mühitdə baş verənləri tənzimləmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yaradılıb. Bu dövlət qurumuna bir çox insanlar rəhbərlik edib və sonuncu dəfə bu posta millət vəkili Mübariz Qurbanlı təyinat alıb. Komitə sədri kimi M.Qurbanlı artıq bir aydır ki, bu vəzifədə çalışır.
Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli Teleqraf.com-a bildirib ki, Azərbaycanda gerçək İslam adamları dövlətçiliyimizin bütövlüyü yolunda, din-dövlət münasibətlərində hər zaman öndə olublar: “Qarabağ Seyid Ocaqları da hər zaman dövlət-din münasibətlərinin möhkəmlənməsində, Azərbaycan dindarlarının dövlətçilik heysiyyatına sahiblənməsində maarifləndirmə işinin önündə gedir. Tanıdığım dövlətçiliyə bağlı inanclı insanlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə hər zaman dəstək verib”.
C.Əzimbəyli DQİDK-ya yeni təyin edilən sədrin bir ay ərzindəki fəaliyyətini dəyərləndirərək deyib ki, bir sıra insanların gözlədiyindən fərqli olaraq M.Qurbanlının bir ziyalı kimi dövlət-din münasibətlərinin möhkəmlənməsində tutduğu yol və mövqe təqdir olunası haldır:
“Çünki az bir müddətdə əyalətlərdə görüşlər keçirməyə başladı. Bu görüşlərdə bütün məzhəb, təriqət təmsilçilərinin iştirak etməsi, onlarla çox mehriban münasibət qura bilməsi yeni sədrin rəhbərlik etdiyi qurumun bu sahədəki işinin sürətlənəcəyinə inamı artırır. Qarabağ Seyid Ocaqları olaraq biz bu işdə M.Qurbanlıya dəstək verəcəyik”.
Şərqşünas M.Qurbanlının yerlərdə din adamları ilə görüşlərinin mütəmadi davam edəcəyinə əmin olduğunu deyib.
C.Əzimbəylinin fikrincə, hər hansı görüntü üçün deyil, gerçəkdən əyalətlərə üz tutması ondan xəbər verir ki, M.Qurbanlı xüsusi diqqətlə yanaşmaqla bərabər həm də işlərini proqramlı şəkildə həyata keçirir: “İnanıram ki, Mübariz Qurbanlının bu görüşləri Azərbaycanda təkfirçi qüvvələrin zərərsizləşdirilməsinə səbəb olacaq. Eyni zamanda gerçək mənəviyyat adamlarının ölkəmizin dini mühitində yer almasına səbəb olacaq. Bir sözlə Azərbaycanın dini mühitindəki boşluqların dolmasının şahidi ola biləcəyimizə əminəm”.
BƏXTİYAR