“Sovet hüməti dövründə hüquqi yardıma ehtiyacı olanlara məcburi vəkil təyin edirdilər ki, insanların hüquqları bərpa edilsin. Bu gün də vəkilə ehtiyacı olanlar var”.
Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Siyavuş Novruzov "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişiklik edilmisə barədə qanun layihəsinin müzakirəsinə münasibət bildirərkən deyib.
Millət vəkili bildirib ki, Vəkillər Kollegiyasının bununla bağlı yeni mexanizm hazırlanması müsbət haldır:
“Lakin bu məsələ bir az da sadələşdirilməlidir ki, vəkilliklə məşğul olanların sayı artsın. Çünki bu gün ailə, məişət və torpaq məsələləri ilə bağlı problemlər var. Bizdə vəkillərə ancaq cinayət haadisələri zamanı ehtiyac duyulduğu təəssüratı var. Digər sahələrdə vəkillərə olan ehtiyac cinayət məsələləri ilə bağlı ehtiyacdan 5 dəfə çoxdur. Həmkarımız Əli Hüseynli 1000-dən çox şəxsə sertifikat verildiyini bildirdi. Bu müsbət haldır. Hesab edirəm ki, bölgələrdə də bununla bağlı addım atılmalıdır”.
Millət vəkili "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunun yenidən işlənməsini təklif edib:
“Hüquq-mühafizə, məhkəmə sistemindən rüşvət, vəzifə səlahiyyətlərini aşmaq səbəbindən xaric edilənlər vəkil kimi fəalyiytə göstərir. Düzdür, qanun bu şəxslərin vəkil kimi fəaliyyətini qadağan etmir. 25 il hüquq sahəsində fəaliyyət göstərən şəxslərin təqaüdə çıxandan sonra vəkil kimi çalışması normaldır.Lakin rüşvət üstündə işdən qovulanın vəkil kimi işləməsi hansı qanuna uyğundur? Bunu hüquq-müdafiə təşkilatlarına da şamil etmək olar. Rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə işdən qovulanlar da hüquq müdafiə təşkilatı qurur. Hesab edirəm ki, bu kimi hallarla vəkillik institutunun adı korlanır. Bu şəxsləri qəti şəkildə bu fəaliyyətə yaxın buraxmaq olmaz”.