DİM mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə ümumilikdə 16 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (3 vəzifə) və B (65 vəzifə) növünə aid olan 68 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsini elan edir.
Dövlət İmtahan Mərkəzindən (DİM) Teleqraf. com-a verilən məlumata görə, müsahibədə iştirak etmək üçün qeydiyyat müddəti 2018-ci il 15 noyabr tarixinə qədər davam edəcək.
Müsahibədə iştirak etmək istəyən namizədlər əldə etdikləri sertifikata uyğun gələn vakant vəzifələrin müsahibəsində iştirak edə bilər. Müsahibədə iştirak üçün namizədlər 15 noyabr 2018-ci il saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.
Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.
Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.
Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.
Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatı qeydiyyat başa çatdıqdan sonra Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından əldə edə bilər.
Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir: struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə və vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.
Müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Dövlət Mülki Aviasiya Agentliyi (16 vəzifə) tərəfindən təqdim olunmuşdur.
Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunmuş vakant vəzifələr haqqında məlumat aşağıda qeyd edilib:
Dövlət Mülki Aviasiya Agentliyi (16 vəzifə) – AB4 altqrupu üzrə 1, AC2 altqrupu üzrə 2, BB1 altqrupu üzrə 11, BB2 altqrupu üzrə 2
Energetika Nazirliyində BA4 altqrupu üzrə 2 vəzifə
Ekologiya və Təbii Sərvətlər Nazirliyində BA4 altqrupu üzrə 5 vəzifə
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində BB2 altqrupu üzrə 5 vəzifə
Sumqayıt Şəhər Məhkəməsində BB4 altqrupu üzrə 10 vəzifə
Şirvan İnzibati-İqtisadi Məhkəməsində BB2 altqrupu üzrə 3 vəzifə
Sumqayıt Apellyasiya Məhkəməsində BA4 altqrupu üzrə 3 vəzifə
Təhsil Nazirliyində BA4 altqrupu üzrə 1 vəzifə
Salyan Rayon Məhkəməsi BB4 altqrupu üzrə 1 vəzifə
Şirvan Şəhər Məhkəməsi BB4 altqrupu üzrə 5 vəzifə
Ağcabədi Rayon Məhkəməsi BB4 altqrupu üzrə 3 vəzifə
Abşeron Rayon Məhkəməsində BB4 altqrupu üzrə 4 vəzifə
Bərdə Rayon Məhkəməsində BB4 altqrupu üzrə 3 vəzifə
Saatlı Rayon Məhkəməsində BB4 altqrupu üzrə 4 vəzifə
Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində BB2 altqrupu üzrə 2 vəzifə
Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsində BA3 altqrupu üzrə 1 vəzifə
Qeyd edək ki, ümumilikdə, müsahibəyə çıxarılmış 68 vakant vəzifənin 13- ü 5-ci təsnifata, 25-i 6-cı təsnifata, 30-u isə 7-ci təsnifata aid olmaqla, 1-i AB, 2-si AC, 12-si BA, 53-ü isə BB vəzifə qrupuna aiddir.