15 Oktyabr 2018 19:00
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Milli Məclisin deputatı, yazıçı Hüseynbala Mirələmovla müsahibəni təqdim edir:

- Artıq bir neçə aydır ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş verib. Yeni hökumətin davranışları ortadadır. Gözləntiləriniz nədir?

- Paşinyan seçiləndə mənə maraqlı gəldi. Onun fizionomiyası, xarici görünüşü, davranışları məndə belə təəssürat yaratdı ki, Paşinyandan rəhbər və lider çıxmaz. Mümkündür ki, ondan yaxşı universitet müəllimi, rəssam, idarə başçısı olsun, amma ondan lider çıxmaz. Onda liderlik xüsusiyyətləri yoxdur. Fikrimcə, bizə düşmən olsalar da, orada da xalqını sevən mütərəqqi insanlar var və yəqin ki, səhvlərini düzəldəcəklər. Yəni Paşinyanı yox, erməni xalqını irəli aparmaq, onun problemlərini yoluna qoymaq istəyən lideri ortaya çıxaracaqlar. İndi Ermənistanda baş verənləri biz 1992-ci ildə yaşamışıq.

Paşinyan siyasətçi deyil və ziddiyyətli açıqlamaları ilə diqqəti çəkir. Məsələn, “Dağlıq Qarabağ xalqı” ifadəsini işlədir. O, bildirir ki, “Dağlıq Qarabağ xalqı” danışıqlarda iştirak etməlidir. Görün, bu nə qədər siyasətdən uzaq bir şəxsdir. Bu adam universitetin ikinci kursunu bitirib. Fikrimcə, Paşinyan küləklərin təsadüfən hakimiyyətə gətirdiyi fiqurdur.

- İrəvanda mer seçkiləri zamanı Paşinyanın partiyası 80 faiz səs toplayıb...

- Sərkisyandan sonra erməni xalqı Paşinyanın populist çıxışlarına aldandı. Ona görə onu seçdilər və sonradan mer seçkilərində də qələbə qazandı. Bir neçə gündən sonra Paşinyan baş nazir vəzifəsindən istefa verəcək. Dekabrın ortalarında isə Ermənistanda parlament seçkiləri keçiriləcək. Məncə, belə bir adam uzun müddət siyasi hakimiyyətdə ola bilməz. Yəqin bir müddətdən sonra ermənilər Paşinyan haqqınsa öz sözünü deyəcək.

- Siz də hesab edirsiniz ki, Paşinyan Qərbə bağlı siyasətçidir?

- Belə ifadə mənə çatmır. Bəzən deyirlər ki, filan ölkənin rəhbəri Qərb, Rusiya və ya Şərq yönlüdür. Mən hesab edirəm ki, əslində ölkə rəhbəri öz ölkəsinin vətənpərvəri olmalıdır. Lider öz ölkəsinin adamı olmalıdır. Konkret bizim prezidenti götürək, özünün müstəqil siyasəti, hədəfləri, xətti var. Bu da, Azərbaycana, xalqımıza xidmət edir. Xalq da çətin anlarda prezidentin arxasında duracaq. Nə Qərb, nə Şərq, nə də Rusiya. Sözsüz ki, dostluq, qonşuluq münasibətləri saxlamaq lazımdır. Daha gedib onlara dəsmal tutmaq lazım deyil. Biz heç bir kənar siyasətin təsiri altına düşmürük və bunu özümüzə əsla yaxın da buraxmırıq. Ancaq bu fikirləri Ermənistan haqqında qətiyyən demək olmaz.

- Erməni-rus münasibətləri haqqında fikirləriniz necədir?

- Bu münasibətlərin hara qədər davam edəcəyini müşahidə edəcəyik. Əslində bunlar hamısı rəngdir. Paşinyan və onun komandası bir cür, ondan əvvəl hakimiyyətdə olan komanda isə başqa cür bədbəxt idi. Bu, öz populist çıxışları ilə xalqın hissləri ilə oynayır və düşünür ki, sona qədər bu cür gedə biləcək, erməni xalqı xilas olacaq. Normalda liderin özünün siyasəti olmalı, bu siyasətin arxasında xalq durmalıdır. Belə bir siyasət olmasa, boş söhbətdir.

- Paşinyanın dövründə Qarabağ münaqişəsinin həllini gözləyirsinizmi?

- Yox, gözləmirəm. Bu insan gündə bir cür bəyanat verir, boş-boş danışır. Fikirləri də bir-birilə ziddiyyət təşkil edir. Gündə də bir dəstə qadını yollayır bizim işğal edilən ərazilərimizə və guya burada qadınlar sülh kampaniyası aparırlar. Bununla həm etik davranışları, həm də bizim sərhədlərimizi pozurlar. Bu hərəkətlər rədd olunmalıdır. Mən hesab edirəm ki, bu, düz deyil və vaxtı gələndə zaman öz sözünü deyəcək.

- Müharibə ehtimalları varmı?

- Müharibə ehtimalının olub-olmadığını bir nəfər deyə bilər - Azərbaycanın Ali Baş Komandanı. Yalnız Ali Baş Komandan müharibə haqqında qərar verə bilər. Əlbəttə, neçə illərdir ki, prezident münaqişənin sülh yolu ilə həllinə çalışır. Və düz də edir. Dünyada irili-xırdalı bütün müharibələr insanları məhv edir, genafonda ağır zərbələr vurur. Ümumiyyətlə, müharibə bəşəriyyəti məhv edən kabusdur. Mən də müharibənin olmamasının tərəfdarıyam, amma cənab Prezident elan etdi ki, hər şeyin bir həddi var. Zamanı gələndə Ali Baş Komandanın qərarı olacaq. Mənim və ya sizin müharibə haqqında ehtimallarımız boş söhbətdir. Bir tarixi həqiqət var. Azərbaycan düz yoldadır, Azərbaycan Prezidentinin apardığı siyasət düz siyasətdir. Bizim heç kimin torpaqlarında gözümüz yoxdur. Bizim bir mücadiləmiz var – işğal edilən torpaqlarımızı qaytarsınlar. Biz son nəfəsimizə qədər torpaqlarımız uğrunda mübarizə aparacağıq. Sülh yolu ilə mümkün olmasa, müharibə yolu ilə alacağıq. Başqa söhbət ola bilməz. Onların işğal etdiyi torpaq bizim vətənimizdir.

- Ermənilər Rusiyadan, Fransadan və başqa ölkələrdən insanları dəvət edərək Dağlıq Qarabağa aparırlar. Bununla nəyə nail olmağa çalışırlar?

- Sizi əmin edirəm ki, bunlar boş fəaliyyətdir. Bir dəstə adam turist kimi bizim işğal edilən ərazilərimizə gedirlər. Bir daha qeyd edirəm ki, onlar bununla Azərbaycanın sərhədlərini pozurlar və cinayətə yol verirlər. Amma əmin olun ki, bunu onlar bilərəkdən şişirdirlər. Bir dəstə xanımın turist kimi gəlib oraları gəzib sonra geri qayıtması ilə heç nə dəyişməyəcək. Sözsüz ki, onlar düz etmirlər, beynəlxalq qanunları pozurlar. Bizdə, xalqımız da, diplomatiyamız da bu hərəkətləri pisləyir. Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı bəyanatını verib. Mən hesab etmirəm ki, bu addımla dəhşətli problem ola, “onlar ora gəlməklə Dağlıq Qarabağı bizdən alıb ermənilərə verirlər” fikri yarana bilər. Sadəcə, bu hərəkətlə ürək bulandırırlar.

Bununla paralel olaraq qeyd edim ki, bu ərəfədə Almaniya Bundestaqının işğal edilən tarixi Azərbaycan torpaqları haqqında mövqeyi açıqlanıb. Bu, Dağlıq Qarabağa gedənlərə əslində tutarlı bir cavabdır. Gec və tez zaman öz sözünü deyəcək. Almanlar da, amerikalılar da, başqa dövlətlərin və xalqların rəhbərliyi də gec-tez bu sözü deyəcəklər, erməni məcbur ediləcək ki, BMT-nin məlum 4 qətnaməsi yerinə yetirilsin. Ermənilər sözsüz ki, bizim torpaqlardan rədd olub getməlidir. Onlar bir bəladır. Siz, 1918-ci illərdə Bakıda baş verən qırğınları, Mikoyan və Şamuyanın Bakıda törətdiyi fəlakətlərə diqqət yetirin. İnsan o illərdə baş verənləri oxuduqca dəhşətə gəlir. Onların bir məqsədi olub - sonuncu azərbaycanlıya qədər hamını qətlə yetirmək. Təsəvvür edin ki, Bakı şəhər partiya komitəsinin üç katibindən üçü də erməni olub. Bu, böyük fəlakətdir, ermənilər dünyada bir bəladır. Nərimanov kimi Azərbaycan oğlu onlarla tək mübarizə aparıb. Nə bacarıbsa, ölkəmiz üçün edib. Tarixi oxuyanda, adam dəhşətə gəlir.

- Siz, yazıçısınız. 1988-ci ildən sonra baş verənlər, ermənilərin xalqımızın başına gətirdiyi faciələr ədəbiyyatımızda lazımınca öz əksini tapıbmı?

- Mən, Əlisa Nicatın “Mələklər və iblislər” adlı hekayəsini oxumuşam. O, bu hekayədə XIX-XX əsr Azərbaycan tarixini elə gözəl təsvir edir ki, oxuyanda adam həyəcanlanır. Təsəvvür edin ki, Şamuyan bütün erməni dəstələrinin rəhbərlərini, zabitləri gecə evinə toplayaraq onlara təlimat verib ki, hamısını qırmaq lazımdır. Nəriman Nərimanov çox sağ olsun ki, buna qarşı mübarizə aparıb. Yeri gəlmişkən, elə Cəfər Cabbarlını, Üzeyir Hacıbəylini də Nərimanov xilas edib. Onların adı artıq siyahıda idi və aparıb Nargində güllələməli idilər. Amma Nəriman Nərimanov onları xilas edə bilib. Nərimanov çox böyük şəxsiyyət olub və ona layiq olduğu qiyməti vermirik, biz onu təbliğ etmirik. Azərbaycan xalqının taleyində Nərimanov çox böyük rol oynayıb və nəhəng şəxsiyyətdir.

- Amma Azərbaycanda Nəriman Nərimanovla bağlı birmənalı fikir yoxdur...

- Nərimanov yaşadığı quruluşun yetirməsi olub. Kim kommunist olmayıb? O dövrdə yalnız kommunist partiyası vardı və hamı da kommunist idi. Biz Nəriman Nərimanovun heykəlini qoymuşuq, amma onun şəxsiyyəti, gördüyü işlər haqqında təbliğat aparmalıyıq.

Yeri gəlmişkən, Musa Qasımovun və digər tarixçilərin kitabında siz dediyiniz məqamlara toxunulur. Aqil Abbasın “Dolu” romanı var. Mənim “Xəcalət” povestim var, eləcə də Qarabağ mövzusunda “Yanan qar” romanını yazmışam. Ümumiyyətlə, Qarabağ mövzusunda bir neçə əsərim var. Mən hesab edirəm ki, gənclər də bu mövzuya diqqət etməlidir. Bu saat bizim Qarabağdan ağrılı mövzumuz yoxdur. Azərbaycanın bir problemi var və o da Qarabağdır. Əgər Qarabağ problemi olmasaydı, daha çox inkişaf edərdik. Baxın, Azərbaycan hərbi sahəyə böyük xərclər ayırır. Biz vətəni qorumalıyıq və başqa yolumuz da yoxdur. Ancaq bu problemimiz olmasaydı, ölkəmizə daha çox sərmayə qoya bilərdik.

Hər halda mən yazıçılara məsləhət görürəm ki, Qarabağ mövzusuna, ermənilərin törətdiyi faciələrə diqqət ayırsınlar. Bilirsinizmi, bunu yazıçıya sifariş etmək də olmur. Bu gərək yazıcının içindən gəlsin ki, güclü olsun.


Müəllif: Cavad