İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində baş vermiş zəhərlənmə nəticəsində ölən şəxslərin cəsədləri hələ Bakıdadır.
Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən bildiriblər.
Səfirlikdən verilən məlumata görə, “Nazmehr” quru yük gəmisində ölən 3 nəfər, Əkbər Mənsumi Kərim (1989), Seyid Murtuza Mirhüseyn (1986), Səccad Səyyad Feriydundur (1990) cəsədləri tibbi ekspertiza tərəfindən araşdılır:
"Bu səbəbdən ölən şəxslərin meyitləri hələ Bakıdadır. Ekspertizanın cavablarından sonra cəsədlər İrana ölən şəxlərin ailələrinə təhvil veriləcək. Gəmidə isə hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalar aparılır".
Qeyd edək ki, ötən gün gecə saat 03 radələrində Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində heyət üzvlərindən 12-si zəhərlənib. Hadisə nəticəsində 3 nəfər ölüb, 8 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
Gəminin kapitanı isə xəstəxanaya köçürülməkdən imtina edib. Zəhərlənənlərin və ölənlərin hamısı İran vətəndaşlarıdır.
İlkin ehtimala əsasən, zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddədir.