Qarabağ Azadlıq Təşkilatı (QAT) son ay ərzində Fransadan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə müxtəlif adlar altında səfərlərin intensivləşməsini pisləyən bəyanatla çıxış edib.
Teleqraf.com xəbər verir ki, bəyanatda həkimlərin, elm adamlarının, yazıçıların və digər peşə sahiblərinin xeyriyyəçilik adı altında həmin ərazilərə qanunsuz səfərlər etdiyi, qondarma rejimin rəhbərləri ilə görüşdükləri vurğulanır:
“Bu qeyri-qanuni prosesdə Fransa xüsusi fəallıq göstərir, ayrı-ayrı şəhərlərin rəhbərləri bölgəyə gəlir, “qardaşlaşma” kampaniyaları aparırlar.
Biz hesab edirik ki, bu hərəkətlər işğalçı Ermənistana dəstək və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma, separatçı rejimin təbliğ edilməsi məqsədi güdür. Bu ölkələr bu hərəkətləri ilə beynəlxalq hüquq normalarını, Azərbaycanın qanunlarını kobud şəkildə pozurlar.
Həmçinin hesab edirik ki, bu addımlar təsadüfi deyil, erməni mərkəzləri tərəfindən hazırlanaraq həyata keçirilir, Azərbaycana qarşı ciddi təxribatların hazırlanmasından xəbər verir”.