26 Oktyabr 2018 15:09
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa və ABŞ-dakı erməni lobbisi təkcə Aprel hadisələrini yox, Azərbaycanla bağlı digər məlumatları da dünya ictimaiyyətinə təhrif edərək çatdırıb.

Bunu Rusiyalı deputat Dmitri Savelyevin fikirlərini Teleqraf.com-a şərh edərkən media eksperti Qulu Məhərrəmli deyib.

Ekspertin sözlərinə görə, 2016-cı ilin aprel döyüşlərində də aktiv olan erməni lobbisi baş verən hadisələrin və informasiyaların təhrif edilməsində aktiv rol oynayıb:

“İlk dəfə deyil ki, ermənilər hansısa informasiyanı yalnış yayırlar. İlk dəfə 1915-ci il olaylarında Böyük Britaniya, Fransa və ABŞ mediası bunu dünya ictimaiyyətinə tamamilə yanlış formada təqdim etdi. Hətta bu işdə ingilis hərbçiləri də aktiv rol oynadılar. Demək olar ki, gözümüzü açandan bunu belə görmüşük. Hadisə baş verir, amma bunun mahiyyəti dəyişdirilərək çatdırılır.

Aprel hadisələri də, ən yaxın tarixdə, gözümüzün qabağında baş verib. Əlbəttə, həmin hadisələrin təhrif edilərək dünya ictimaiyyətinə çatdırılması, ermənilərin manipuliyativ metodlarından biridir. Bu hadisələr vaxtı da ermənilər real məlumatlara yalnış şərh verdilər. Amma sevinirəm ki, belə ciddi və beynəlxalq əhəmiyyətli forumlarda qonşu ölkələrin nüfuzlu xadimləri bu haqda danışır, bu həqiqətləri dilə gətirirlər”.

Qulu Məhərrəmli vurğulayıb ki, ermənilərin yanlış məlumatları yaymaq üçün hansı texnologiyalardan istifadə etdikləri artıq uzun müddətdir müxtəlif səviyyələrdə danışılır:

“Sadəcə olaraq, ermənilərin bu fəaliyyəti ciddi formada ifşa olunmalıdır. Kitablar, əsərlər yazılmalı, digər tədbirlər görülməlidir. Təkcə Azərbaycanla bağlı yox, Türkiyə, Rusiya və digər ölkələrlə bağlı da yanlış məlumatlar yayılır. Ermənilər bunun üçün ən dəhşətli metodlardan istifadə edərək, öz yalanlarını sürüyərək qabağa çıxarmağa cəhd edirlər. Nəticədə şüurlara həmin yanlış məlumatları yerləşdirməyə çalışırlar. Bu, çox qorxulu texnologiyadır və bunun üçün qabaqlayıcı tədbirlər görülməlidir. Məlumatların yerində və sürətli formada dünya ictimaiyyətinə təqdim edilməsi texnikası inkişaf etdirilməlidir. Hesab edirəm ki, bu son vaxtlar yaxşı formada baş tutur”.

Qeyd edək ki, VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində baş tutan “Dezinformasiya Siyasəti - Müasir dünyada stabilliyə təhdid” sessiyasında çıxış edən Rusiya Dumasının deputatı Dmitri Savelyev erməni lobbisinin Azərbaycana qarşı dezinformasiya hücumlarını ifşa edib.

O bildirib ki, 2016-cı ilin aprel hadisələri zamanı ABŞ və Avropadakı erməni lobbisi Qərb ictimaiyyətinə yanlış informasiya təqdim edərək, baş verən hadisələrin mahiyyətini təhrif ediblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər