Çox vaxt uşaqları mələklərlə müqayisə edirik – günahsız, saf, yalandan-riyadan uzaq... O da məlumdur ki, heç bir uşağın özünə valideyn seçmək şansı yoxdur. Çox təəssüf ki, valideynləri tərəfindən atılan, istənməyən, zorakılığa məruz qalan uşaqlar da var.
Onlar bir qab yemək, isti paltar və ən əsası da sevgi üçün Azərbaycan Uşaqları İctimai Birliyinin Uşaq Sığınacağı -Reinteqrasiya Mərkəzinə gəlirlər.
Sığınacağa getmək, uşaqlarla ünsiyyətdə olmaq, onların talelərini çözələmək əslində çox ağrılıdır. Amma artıq burdayıq.
Bizi çöl qapısında səs-küylü, gülərüz uşaqlar qarşılayır və qabağımıza qaçırlar. Hiss edirlər ki, bizdən onlara ziyan gəlməz.
Öncə balacalardan ayrılıb Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadənin yanına gedirik. Söhbətin əvvəlində deyir ki, ötən illər ərzində 11 məkan dəyişməli olublar: ”Küçə uşaqlarının adı gələndə yer vermək istəmirlər, qonşular küçə uşaqları ilə yaxın yerdə qalmağı arzulamırlar. Hətta qapı ağzında çıxarılan ayaqqabıları görəndə “elə bil məscid qapısıdır” deyənlər də olur. Biz onlarla başa salmağa çalışırdıq ki, uşaqlar bura ümidlə gətirirlər”.
Bir balaca keçmişə dönüb söhbətə başlayırıq. Kəmalə xanım deyir ki, bura vaxtilə pioner təşkilatı olub: “Ümumrespublika toplantısından sonra uşaq və yeniyetmələrin hüquqlarının müdafiəsi məqsədilə Azərbaycan Uşaqları İctimai Birliyi yaradılıb. Təşkilat 2000-ci ilə qədər əsasən məcburi köçkün ailələrindən olan uşaqların təhsil, səhiyyə, asudə vaxtının təşkili, ekologiya mövzusunda layihələr icra edirdi”.
Küçə uşaqları ilə işləməyə bir əhvalatdan sonra başladığını deyir: “Gecə saatlarında evə qayıdanda məni küçə uşaqları döydülər, çantamı almaq istədilər, onlar saxlanıldı və polisə düşdülər. O uşaqların tarixçələrini biləndə şikayətimi geri götürdüm, o vaxtdan küçə uşaqları ilə işləməyə başladım.
Küçə uşaqları arasında zərərli vərdişlərin azalması istiqamətində iş apardıq, onları səhiyyə müəssisələrinə istiqamətləndirdik, hüquqi baxımdan sənədlərinin bərpası, ailələrinə qaytarılmasına çalışdıq.
2007-ci ildə “Günərzi Qayğı Mərkəzi” ni yaratdıq. Paralel olaraq Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzini formalaşdırdıq.
2010-cu ildən isə fəaliyyətimizi zorakılığa məruz qalmış uşaqlara yönəltdik. Əslində bu uşaqlar da hansısa zorakılıqla qarşılaşdıqları üçün küçəyə atılıblar. Son vaxtlar ən çox hüquq-mühafizə orqanları tərəfindən bizə istiqamətləndirilən uşaqlarla işləməyə başlamışıq.
Sığınacağın yaranmasının səbəblərindən daha bir ağrılısını danışım. Biz küçədə vərəmdən əziyyət çəkən bir uşaq aşkarlamışdıq, onun heç bir sənədi olmadığı üçün xəstəxanaya yerləşdirə bilmirdik. Antibiotiklər küçədə vurulur və o, yenə parkda yatırdı.
Ən azından bu xəstəliyə düçar olmalarının qarşısını azaltmaq üçün biz sığınacağı yaratdıq ki, heç olmasa o tip insanlardan uzaq olsunlar”.
Kəmalə Ağazadə deyir ki, ən çətini körpə uşaqlarla işləməkdir. Amma bu gün hər kəsdən çox onların müdafiəyə ehtiyacı var, sığınacaqda 13-14 yaşından yuxarı uşaqlar azdır:
“Əslində 18 yaşa qədər uşaqları qəbul edirik, ancaq zorakılıq faktı ilə daxil olan uşaqlardan daha çox kiçik yaşda olanları götürürük . Səbəbi odur ki, böyüklər, özünü dərk edənlər üçün sosial sığınacaqlar var, uşaqları ora yerləşdirmək olar. Kiçik yaşlı uşaqların çoxu sənədsiz olur, reabilitasiya zamanı sənədləşməni aparırıq deyə artıq uşağı dövlət müəssisəsinə yerləşdirməsini bir qədər yüngülləşdirmiş oluruq.
14 yaşdan yuxarı uşaqlar səfil həyat sürüb bura düşürsə, onun reabilitasiyası həm özü üçün çətin olur, həm də kiçik uşaqlara təsir göstərir.
Uzun müddət cinsi zorakılığa məruz qalmış uşağın reabilitasiyası olduqca çətindir, onların fikirlərini kökündən dəyişmək zülmlə başa gəlir. Çünki davranışlar formalaşıb, aqressiyası elə həddədir ki, beləsiylə uzun müddət işləmək lazımdır”.
Birlik sədrinin sözlərinə görə, belə uşaqların bioloji valideynlərini tapanda deyirlər ki, imtina etmirəm, uşağı saxla, böyüyər, gəlib götürərəm. Məsuliyyətsiz yanaşmalar var: “Bizim sığınacaqda təkcə mərhəmət əsas deyil, həm də uşaqları sevgi, istək duyğusuyla əhatəyə alırıq. Hazırda sığınacaqda 30 uşaq, 3 valideyn var. O valideyndən birini 3 uşağı ilə bura yerləşdirmişik. 2 il öncə onun uşaqları seksual hərəkətlərə təhrik olunub, ananın özü atalığı tərəfindən fiziki zorakılığa məruz qalıb, onun özünü və uşağını qorumaq məqsədilə bura gətirdik. İndi göndərməyə yer yoxdur.
Burda uşağın nə qədər qalması onun reabilitasiyasından asılıdır. Əgər söhbət cinsi zorakılıqdan gedirsə, onun normal həyata qayıdışına uzun zaman lazımıdır. Yaşı bir qədər böyük uşaqla işləmək üçün 1, bəzən 2 il zaman gərəkdir, bu, uşağın vəziyyətindən və reaksiyasından asılıdır.
4 aylıq Uğur adlı uşağı polis bizə istiqamətləndirdi, anasını tapdıq, dedi ki, o mənə lazım deyil, böyüsün, imkanım olar, gəlib apararam. Uşaq ağır durumda idi, onun sənədlərinin bərpası üçün icra hakimiyyətinə müraciət etdim, qəyyumluğunu öz üzərimə götürdüm, noyabr ayında onun 1 yaşı tamam olacaq. Ona biz sevgi veririk, qayğı göstəririk, bir az böyüsün, dirçəlsin, körpələr evinə verəcəyik.
İki yaşlı Laləni bir neçə gün əvvəl polislər gətirib. Uşağı gecə saatlarında çılpaq vəziyyətdə küçədə itlər əhatə edib. Bəziləri deyir ki, qaraçı uşağıdır, amma o, uşaqdır, ailəsinin davranışı fərqlidirsə, bu o demək deyil ki, müdafiəsiz qalmalıdır.
Uşaqların sosiallaşması üçün sevgidən başlayırıq, dərhal müəllim, psixoloq qarşısında oturtmuruq. Uşaq ən azı 1 həftə, 10 gün sadəcə gəzir, aqressiyasını nümayiş etdirir və görür ki, onu burda incidən yoxdur. Sonra başlayırıq iş aparmağa. 3 yaşlılarla bir az gec başlayırıq. Müəllimlər ona nağıllar danışır, tədbirlərə, gəzintilərə aparır.
Bizə iki yaş yarım bir uşaq gəlmişdi, sadəcə pişik kimi miyoldayır, ancaq pişik kimi qabdan su içirdi. 8 aydan sonra uçaq bütün davranışları öyrəndi”.
Maraqlıdır, burdakı uşaqlar biri-bir ilə necə yola gedirlər? Müşahidələrimizdən gördük ki, aralarında qəribə bir bağlılıq var. Kəmalə Ağazadə deyir ki, Uğur gələndə gecə saatları idi: “Biz onu yatmağa aparanda uşaqlarımız yuxudaydı. Səhər durub görüblər ki, ortada bir uşaq da var, onu əhatə alaraq, “təzə qardaşımız gəldi” deyiblər.
Hamısı burada bacı-qardaş kimidir, düzdü, təzə gələn bir qədər fərqlənir, amma onu da öz aralarına alırlar. Döyəndə biri-birlərini döyürlər, saçlarını yolurlar, yer və oyuncaq üstündə dava salırlar, amma sonra yenə bir yerdədirlər”.
Biz orda olarkən uşaqlara paltarlar gətirdilər. Kəmalə xanımdan soruşdum ki, sığınacağa kömək edən varmı? Deyir, indicə geyilmiş paltarlar gətirdilər: “Biz uşaqlara uyğun olanları götürürük. Amma mən istəmirəm ki, bu uşaqların şüurunda həmişə geyilmiş paltar formalaşsın, onlar özlərini istifadə edilmiş hiss etməsinlər. Gündəlik həyatda bu paltarları geyinirlər, amma çöl-bayıra geyindirmirik, hamısının təzə paltarları var. Müraciət edirəm, dostlar-tanışlar gətirir...
Regionlarda himayəmizdə 70-dən çox ailə var, ora paylayarıq. Ehtiyacı olan ailələrimiz var, onlara veririk. Bayramlarda azuqə də gəlir, o ailələri çağırıb paketləşdirərək veririk”.
Kamələ Ağazadə ilə söhbəti bitirəndən sonra uşaqları danışdırmaq istəyirəm, mənə deyir ki, başlarına gələn əhvalatlardan sual verməyin, çox həssasdırlar.
Mən də elə edirəm, sadəcə məktəbdən, dostlarından danışırıq. Hiss olunur ki, bəziləri hələ də aqressivdir, bəziləri isə çox sakitdir, kənardan bizi izləyirlər. Soruşanda ki, burda dostlarınız kimdir, demək olar ki, hamısı biri-birinin adlarını çəkir.
Onlara arasında rəqs edən, yaxşı səsi olan uşaqlar da var, gələcəkdə polis, rəqs müəlliməsi olmaq istəyənlər də...
Birliyin art-terapesti Zümrüd Əliquliyevanı uşaqlar əhatə edib, öpüb qucaqlayır, bir balaca imkan tapan kimi söhbətləşirəm. Bura gələndə ilk vaxtların çətin olduğunu, sonrakı prosesdə uyğunlaşdığını deyir: “Onlarla söhbət edəndə başlarına gələn hadisələrin üzərinə getməməyə çalışırıq, açıq suallar vermirik, yaşadıqları qapı arxasında qalır. Talelərini biləndə, əlbəttə, pis oluruq, amma onlara sirayət etməsinə imkan vermirik”.
Sosial işçi Emin Pənahov deyir ki, əslində hər bir işin çətinliyi var, insan gün ərzində neqativləri bəzən evə də aparır, bir növ uşaqların ruhu olursan: “Bura gələn uşaqları psixoloqa , həkimə, hüquqşünasa yönləndirirəm.
Fuad təzə gələndə mənə ata deyirdi, ona başa saldım ki, mən müəlliməm, çünki sonra stress yaşaya bilər”.
Uşaqların əziyyətini ən çox tərbiyəçi Ceyhunə Orucova çəkir. İki ildir burda olduğunu və uşaqları öz övladlar kimi çox istədiyini deyir: “Günümüz bir yerdə keçir, burdan gedəndə bizi evə buraxmaq istəmirlər.
Uğur mənsiz qala bilmir, özüm anayam, onlar da mənim övladlarımdır. Bura gələn kimi uşağı birinci hamama çimdiririk, başında bit varsa təmizləyirik, uşaqlarla tanış edirik. Təzə gələn uşaq əvvəl sakitləşmir, ağlayır, aqressiv olur, amma sonra öyrəşirlər”.
Burda olanda bir şeyi daha yaxşı anlayırsan ki, önəmli olan dünyaya uşaq gətirmək, ata-ana olmaq deyil, önəmlisi onlara himəyədarlıq etmək, yanında olmaq və böyütməkdir.
Əslində hər bir uşağın xoşbəxt olmağa haqqı var.... Onların xoşbəxtliyi isə hər birimizdən – məndən, səndən, ondan asılıdır. Uşaqları xoşbəxt eləmək elə də çətin deyil: Qayğı, sevgi, diqqət...
Zəruri qeyd: Bütün uşaq adları şərtidir.
Foto: Elnur Muxtar