5 Noyabr 2018 19:47
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dilin saflığının qorunması, ədəbi dildən düzgün istifadə edilməsi ilk növbədə vətəndaşlıq mövqeyindən, dilə olan sevgidən, millilikdən asılıdır. Anasını, Vətənini sevən şəxs gərək dilini də sevsin. Firudin bəy Köçərliyinin dediyi kimi hər kəs Vətənini, anasını sevdiyi kimi dilini də sevməlidir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında imzaladığı fərman barədə danışarkən deyib.

Onun sözlərinə görə, birinci növbədə dilə sayğı, qayğı, diqqət olmalıdır: “Ulu öndər Heydər Əliyev deyirdi ki, mən Azərbaycan dilini sevir və bu dildə danışmağımla fəxr edirəm. Şəxsən mən də qürur duyur və hesab edirəm ki, dilim dünya dilləri sırasında özünəməxsus yeri olan, zənginliyi, ahəngdarlığı, musiqililiyi ilə seçilən dildir. Bu dilin qədim tarixi, yazılı abidələri var. Azərbaycan Xalq Cümhuriyyəti dövründə də, onun varisi olan müstəqil Azərbaycan Respublikası dövründə də dillə bağlı çoxsaylı sərəncam və fərmanlar verilib. Bunun hamısı sübut edir ki, dil xalqın sərvətidir və xalq onun qoruyucusu olmalıdır”.

Möhsün Nağısoylu bildirib ki, AMEA Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdirləri ilə artıq fərmandan irəli gələn məsələlərlə bağlı iclas keçirilib: “Şöbə müdirlərini yığdım ki, təkliflər hazırlasınlar. Fərmanda qeyd olunub ki, Monitorinq Mərkəzi kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün qanunvericilik aktlarında dəyişikliklər barədə təkliflər də versin. Bir neçə dəfə təklif etmişəm ki, bu qurumlara inzibati cəza tədbirləri tətbiq olunsa, hər kəs məsuliyyət hiss edəcək, çəkinəcək və mənə elə gəlir dil pozuntuları olmayacaq. Eləcə də və maarifçilik işləri gücləndirilməlidir. Bir daha qeyd etmək istərdim, ən əsası dilə olan sevgidir, dilimizin ifadəli, zəngin olduğunu dərk edən adam başqa dildə danışmayacaq”.

Möhsün Nağısoylunun fikrincə, KİV-də dil normalarının pozulması qeyri-peşəkarlıqdan, naşılıqdan irəli gəlir: “Bəzi jurnalistlər var ki, riyaziyyat, iqtisadiyyat ixtisası üzrə oxuyub gəlib mətbuatda çalışırlar. Belə hal mümkündür, elə böyük şəxsiyyətlər var ki, məsələn, İlyas Əfəndiyev, Məmməd Araz coğrafiya ixtisasında təhsil alıblar, amma onlarda yazıb-yaratmaq üçün fitri istedad olub. Jurnalistika da məhz birinci növbədə məsuliyyət tələb edir. Bütün xalq aparıcıya baxır, ona görə də hazırlıqlı, özünə qarşı tələbkar olmalıdır. Bunlara əməl edərsə, məncə, dil pozuntuları da olmayacaq”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər