Bu gün Beynəlxalq Mətbuat Mərkəzində BDU-nun Jurnalistika fakültəsinin magistrantı Nurlan Ağanın “15 iyul və media” kitabının təqdimat mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid gənc müəllifin önəmli bir mövzuya toxunduğunu deyib və kitabın müasir türk tarixindəki önəmindən danışıb. Daha sonra BDU-nun mətbuat katibi Pərvanə İbrahimova çıxış edərək, Nurlan Ağanın həm gənc jurnalist, həm də tələbə kimi istedadlı olmasından söz açıb.
Kitabın müəllifi Nurlan Ağa tədbir iştirakçılarına təşəkkür edərək, kitabın ərsəyə gəlməsində ona köməklik edən müəllimlərinə minnətdar olduğunu bildirib. O qeyd edib ki, kitabda yer alan məlumatlar KİV-lərdə də yayımlanan xəbərlərin təhlil olunmuş formasıdır.
Türkiyənin ölkəmizdəki səfirliyinin nümayəndəsi Həmid Dəniz çıxışında 15 iyul tarixində yaşanan hadisələrin – hərbi çevrilişə cəhdin canlı şahidi olduğunu bildirib. O, sözügedən olayın işıqlandırılmasında və məsələnin aydınlaşdırılmasında KİV-in rolundan danışıb və kitabın müəllifi Nurlan Ağaya təşəkkür edib.
Qeyd edək ki, MŞ-nin sədr müavini Müşfiq Ələsgərli, idarə heyətinin üzvü Azər Həsrət və digərləri çıxış edərək, Azərbaycan mediasının 15 iyul hadisələrini xüsusi şəkildə işıqlandırmasından danışıblar.