8 Noyabr 2018 20:09
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli, 1 nömrəli protokol Qərarında nəzərdə tutulmuş qadağa saatlarında Bakı şəhərində yük avtomobillərinin hərəkəti ilə bağlı növbəti tədbirlər həyata keçiriləcək.

Artıq noyabrın 15-dən başlayaraq yük maşınlarının Bakı şəhərinə girməsi üçün marşrutlar müəyyən edilib.

Bəs bu barədə nəqliyyat üzrə ekspertlər nə düşünür?

Ekspert Eldəniz Cəfərov Teleqraf.com-a açıqlamasında deyib ki, qərara görə, çəkisi 5 tondan artıq olan yük maşınlarının paytaxta girişi yalnız müəyyən saatlarda ola bilər. Bu da gecə saatları, yol hərəkəti səngiyən vaxtlarda olmalıdır: “Ağır yük maşınlarına qadağa hələ 2015-ci ildə Avropa Oyunları ilə əlaqədar qoyulmuşdu. Dövlət Yol Polisi kənardan gələn minik avtomobilləri və yük avtomobillərini paytaxt Bakı şəhərinə buraxmırdı.

Lakin sonradan bəzi instansiyalar çəkisi 5 tondan artıq olan maşınların şəhərə istənilən saatda daxil olmasına nail oldu. Son illər ərzində paytaxtın müxtəlif ərazilərində yük avtomobillərinin iştirakı ilə çoxlu sayda qəzalar baş verib.

Ağır tonnajlı maşınların paytaxtın mərkəzi küçələrində şütüməsi anormal haldır. Çünki bu maşınların hərəkəti şəhərdaxili nəqliyyatın ahənginə uyğun deyil. Uzun, enli gövdəli və qoşqusu olan ağır yük maşınları paytaxtda tıxacların yaranmasına səbəb olur. Belə maşınlar ətraf mühitə daha çox zərər verir.

Ən pisi odur ki, bu maşınlar həm piyadaların, həm də minik avtomobillərinin sürücü və sərnişinləri üçün ölümcül təhlükəlidir. Bu maşınların əyləci anidən dayana bilmir. Minik avtomobili sürücüsü və piyadalarla belə yük maşınlarının sürücüsü arasında vizual kontakt olmur. Bu səbəbdən ağır qəzaları baş verir. Şəxsən mən belə dəhşətli qəzaların şahidi olmuşam. Ağır tonlu yük maşını svetoforda vaxtında dayana bilmədi və nəvəsi ilə yolu keçən yaşlı qadının həyatına son qoydu”.

Ekspert Ərşad Hüseynov deyib ki, bu qanun çoxdan vardı, sadəcə tənzimlənmirdi: “2015-ci ildə dəqiqləşdirildi ki, bura hansı ərazi və küçələrdən yük maşınının daxil olmasına məhdudiyyət qoyulur. Ümumi qərar qəbul olunmuşdu ki, yük maşınlarının təkcə mərkəzi hissəyə yox, şəhərə girişinə də məhdudiyyət qoyulsun. Səhər saat 8- dən axşam 9-a, bəzən isə 10-a qədər müddəti əhatə eləsin.

Pik saatlarında yük maşınlarının küçələrdə, prospektlərdə olması manevr imkanlarını gərginləşdirir, müəyyən yerlərdə tıxac yaranmasına səbəb olur.

Hesab edirəm ki, son addımlar, o cümlədən DYP-nin marşrutları müəyyənləşdirməsi bu istiqamətdə ciddi nizam yaradacaq”.


Müəllif: Aytən

Oxşar xəbərlər