25 Avqust 2014 15:49
1 613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sənətkarların sənəti kimi şəxsi həyatları da hər zaman böyük maraq kəsb edir. Xüsusilə də həmin sənətkar öz dövrünün əvəzolunmazlarındandırsa.

Teleqraf.com publika.az-ın sənətkar haqqında maraqlı yazını təqdim edir:

Rübabə Muradova da, heç şübhəsiz ki, XX əsr Azərbaycan musiqisinin ən güclü səslərindəndir. 1933-cü ildə Ərdəbildə Xəlil kişinin ailəsində dünyaya göz açan bu xanım, yeniyetmə yaşlarında ailəsiylə birgə Azərbaycana köçür. Bir müddət keçmiş Əli Bayramlı, indiki Şirvan rayonunda yaşayan Muradova sonradan sənəti ilə əlaqədar paytaxt Bakıya üz tutur...

…Deyilənlərə görə, Rübabə xanım elə də varlı ailənin qızı olmayıb. Atası Xəlil kişi Əli Bayramlı rayonunda mollalıq edir, üç qızını və ailəsini dolandırırmış. Günlər keçib, illər ötdükcə Rübabənin istedadı özünü daha qabarıq şəkildə büruzə verir. Həmin illərdə Əli Bayramlıda teatr olmadığından yeniyetmə Rübabə qonşu rayona – Sabirabada üz tutur. Bir müddət burada dram teatrında təhsil alan Muradova istedadlı da olsa, həm də təsadüf nəticəsində parlamağa başlayır. Belə ki, öz dövrünün müqtədir sənətkarlarından olan Ələsgər Ələkbərov onu burda görür və Bakıdakı Filarmoniyaya dəvət edir. Həmin vaxt Rübabənın 20 yaşı hələ tamam olmamışdı. Qısa müddət ərzində filarmoniyada çalışan gələcəyin sənətkarı 1954-cü ildən etibarən Dövlət Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayır. Amma dövlət teatrının solisti ola-ola təhsil almağı da yaddan çıxarmır: A.Zeynallı adına Bakı Musiqi Məktəbinə (hazırda kollecdir – İ.V) daxil olur, əfsanəvi Seyid Şuşinskidən muğamın sirlərini öyrənir və 1955-ci ildə təhsilini başa vurur.

Rübabə Muradovanın tərcümeyi-halına nəzər salanda bu böyük istedad sahibinin cəmi 38 yaşında xalq artisti fəxri adı alması diqqətdən yayınmır. Halbuki o dövrdə fəxri ad almaq hər sənətkara qismət olmurdu.

Tamamilə fərqli və güclü səsə sahib olan bu xanımın istedadı ona Dövlət Opera və Balet Teatrının solisti olduğu illərdə müxtəlif rollar oynamağa imkan verir. “Leyli və Məcnun”da Leyli, “Əsli və Kərəm”də Əsli, “Şah İsmayıl”da Ərəbzəngi, “Aşıq Qərib”də Şahsənəm, “Koroğlu”da Xanəndə qız, “Gəlin qayası”nda Sənəm kimi rollar oynayan Rübabə Muradova xalqın sevgisini qazanır.

Səhnə həyatındakı bu qədər uğura rəğmən, Muradovanın şəxsi həyatda bəxti gətirmir. Dəqiq tarix məlum olmasa da, onun ilk evliliyi çox gənc yaşlarında baş tutur. Xəlil adlı Cənubi azəbaycanlı ilə ailə quran Muradovanın bu nikahdan Qəmər adlı qız övladı dünyaya gəlir. Amma bu evlilik çox qısa çəkir və xanəndə, həyat yoldaşından ayrılır. Hazırda Qəmər xanım babası Xəlil kişinin yolunu davam etdirir. Bakı məclislərində mollalıq edən Qəmər xanımın Fazil adlı bir oğlu var.

Rübabə Muradovanın ikinci evliliyi isə Tələt adlı bir tacirlə, indiki dillə desək, biznesmenlə olur. Xanım sənətkarın bu şəxslə nikahından da bir qız övladı – Şahnaz dünyaya gəlir. Hazırda Şahnaz xanımın 3 oğlu və bir qızı var. Deyilənə görə, Rübabə xanımın hər iki qızının gözəl səsi var…

Sənət yoldaşları deyir ki, kimsə ona “xala”, “bibi” deyə müraciət edəndə acığı gəlirmiş. Hətta sərt şəkildə iradını bildirirmiş. Ancaq onun bu sərtliyi ilə yanaşı çox səxavətli xanım olduğunu deyənlər də az deyil. Əli Mirəliyevin Rübabə Muradova haqda dediklərindən:

“Rübabə özü ac qalardı, amma ehtiyacı olana kömək edərdi. Çox ürəyiaçıq adam idi. Halbuki müğənnilərdə belə xasiyyət nadir hallarda olur”.

Ə. Mirəliyev deyir ki, Rübabə Muradova qadın xanəndələrin səsinə uyğun olmayan, hətta əksəriyyətin oxuya bilmədiyi muğamları oxuyurmuş:

“Çox çətin muğamlar oxuyurdu. Qadınlar içində “Humayun” muğamını Rübabədən başqa heç kim oxumayıb. Bu onun şah əsəridir. “Çahargah” və “Zəminxarə”ni də qadınlar arasında ondan başqa heç kim ifa etməmişdi”.

Rübabə Muradovanın sənət yolunda Qulu Əsgərovun böyük rolu olub. Opera və Balet Teatrında uzun illər tərəf müqabili olan bu iki sənətkar toylara da bir yerdə gedirmişlər. Hətta münasibətləri o qədər səmimiymiş ki, onların sevgi münasibətlərinin olduğunu deyənlər də varmış. Amma təbii ki, bütün bunlar sadəcə versiyadır.

Maraqlıdır ki, bütün sənət yoldaşları ilə dost olan Rübabə xanımın paxıllığını çəkənlər də elə sənət yoldaşları imiş. Onunla ən çox yola getməyənlərin isə digər xanım sənətkarlar – Sara Qədimova və Şövkət Ələkbərova olduğu bildirilir.

Rübabə xanımın başqa bir özəl xüsusiyyəti isə toya gedərkən heç vaxt qiymət danışmaması imiş. Səbəb də buymuş ki, əksər hallarda toydan yığılan şabaş danışılacaq qiymətdən 2-3 dəfə artıq olurmuş.

Adının çəkilməsini istəməyən başqa bir sənət yoldaşı isə deyir ki, Rübabə xanımın ən az diqqət yetirdiyi şey öz sağlamlığıymış. Hətta iddialara görə, sənətkar toylara gedəndə özüylə termosda konyak aparırmış. Günə 2-3 qutu siqaret çəkən sənətkar elə məhz bunun qurbanı olur. Belə ki, ciyər serrozu xəstəliyinə tutulan Muradova bir müddət xəstəxanada yatdıqdan sonra evə buraxılsa da, sağlamlığına fikir vermir və 1983-cü ilin avqustun 28-də yaradıcılığının ən parlaq dövründə, cəmi 50 yaşında dünyasını dəyişir.

Rübabə Muradova paxıllığını çəkən həmkarları üçün elə bir qorxulu kabus imiş ki, hətta kuluarlarda onun ölümünə sevindiyini gizlətməyənlər də az deyilmiş.

İndi yazacağım fikirlər mübahisə mövzusu olsa da, onun məşhur tarzən Əhsən Dadaşov və müəllimi Seyid Şuşinski ilə sevgili olduğunu da iddia edənlər var.

Rübabə Muradovanın xiffətini çəkdiyi məsələlərdən biri də anadan olduğu Ərdəbili bir daha heç vaxt görməməsi idi. Ölümündən bir az müddət əvvəl sənət dostlarından birinin ona gətirdiyi Cənubi Azərbaycan, Ərdəbil torpağı öldüyü günə qədər onun evində qalırmış.

Qəhrəmanımızın qayğı göstərdiyi şəxslər sırasında sürücüləri də olub. Onlara qarşı o qədər mehribanmış ki, bəzən toydan qazandığının az qala tən yarısını sürücüsünə verirmiş. Xanım sənətkarın iki maşını olub. Uzun müddət toylara “Pobeda”sıyla, sonra isə “Volqa”yla gedirmiş.

Araşdırmamız zamanı məlum oldu ki, Rübabə Muradovanın ölümündən 2 gün əvvəl çəkilən lent yazısı AzTV-nin qızıl fondunda saxlanılır. Belə ki, uzun müddət xəstəxanada yatan Muradovaya həkimlər sağalmayacağı diaqnozunu qoyandan sonra onun sənətçi dostlarından biri AzTV-nin baş redaktoruna bu barədə məlumat verir. Baş redaktor isə R.Muradovanı o zaman “Kirov parkı” adlanan ərazidəki konsert proqramına çağırır. Yeriməyə belə əziyyət çəkən sənətkar çox böyük çətinliklə olsa belə, Əlibaba Məmmədovun “Gəl bizə, gəl bizə, yar...” mahnısını oxuyur. Məhz həmin çəkilişdən iki gün sonra isə dünyasını dəyişir. Əvvəldə qeyd etdiyim kimi, onun vəfatı bəzi həmkarları üçün, az qala, toy-bayram idi. Bəziləri isə, ümumiyyətlə, onun yas mərasiminə gəlməmişdilər.

Allah rəhmət eləsin!


Müəllif:

Oxşar xəbərlər