Dünən Türkiyənin İstanbul şəhərində azərbaycanlı aktyor Namiq Rüstəmxanlının “Mübariz” obrazını canlandırdığı “Deliler Fatihin Fermanı” filminin təqdimat mərasimi baş tutub.
Teleqraf.com xəbər verir ki, Türkiyədə “Angel Yapım” şirkətinin istehsalı ilə Osmanlı imperiyası ordusunun və döyüşçülərinin qəhrəmanlığından bəhs edən ekran işinin “Game of Thrones” və “Vikings” kimi layihələri kölgədə qoyacağı bildirilir.
Filmin qala gecəsində jurnalistlərin suallarını cavablandıran Namiq Rüstəmxanlı sözügedən filmin təkcə tarixdən bəhs etmədiyini söyləyib: “Deliler Fatihin Fermanı” filmi bu günümüzün də filmidir. Çünki filmdə Trabzonda şəhid olan Ərən Bülbül, Qarabağda şəhid olan Mübariz İbrahimov kimi igidlərimiz də var. Film Türkiyə tarixi ilə məhdudlaşmayıb, ata-anasını, bütün qohumlarını və yaxınlarını gözünün qarşısında itirən və “Sizdən Allaha şikayət edəcəyəm” deyən suriyalı uşağın da xatirəsi də təsvir olunub”.
Filmin baş rol ifaçılarından olan Cem Uçan Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıya, xanımı Tənzilə Rüstəmxanlı və oğlu Cəmil Rüstəmxanlıya film üçün göstərdikləri dəstəyə görə təşəkkür edib.
VHP sədri Sabir Rüstəmxanlı filmin qala gecəsinə 2 mindən çox izləyicinin qatıldığını bildirib: “İstanbulun sənət aləmi orada idi. Ankaradan, Bakıdan, Moskvadan, Türkiyənin müxtəlif şəhərlərindən qonaqlar gəlmişdi. Film doqquz salonda eyni vaxtda göstərildi. Türk tarixinin parlaq bir səhifəsi ekranlaşdırılıb. Qardaşım Mədətin oğlu Namiq Rüstəmxanlının oyunundan qürur duydum. Filmin qəhrəmanlarından biri odur. Bu film onu kino ulduzuna çevirəcək. Sabahdan Türkiyənin hər yerində kino-zallarda filmin nümayişinə başlanacaq. Xeyirli- uğurlu olsun!”, - deyə Sabir Rüstəmxanlı qeyd edib.