Aydın Mirzəzadə: “İnaqurasiya ilk növbədə dostların məclisidir və orada Ermənistanın statusu heç də aydın deyil”
“Qardaş, dost Türkiyədə bu günlərdə keçirilən prezident seçkiləri və ondan sonrakı proseslər hələ də dünya mətbuatının diqqətindədir. Dünyanın nüfuzlu ölkələrinin birinin atacağı addımlar və yeridəcəyi siyasətdən regionda və dünyada gedən proseslərin axarı çox asılıdır. Bu baxımdan Türkiyəyə diqqət bütün ölkələrin xarici siyasətinin əsas xətlərindən biri olmaqdadır”.
Teleqraf.com-un məlumatına görə, bunu “Facebook” sosial şəbəkəsində Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə yazıb.
Deputat qeyd edib ki, avqustun axırına planlaşdırılan inaqurasiyaya artıq 50 -dən çox ölkənin ən yüksək nümayəndələrinin gəlişi gözlənilir və tədbirə böyük hazırlıq görülməkdədir: “Ancaq bu gün yayılan xəbər Türkiyənin dostlarını çaşdırmaqdadır. Ölkə rəhbərliyi inaqurasiyaya Ermənistan prezidenti Serjik Sarqsyanı da dəvət edib. Dəvət qardaş ölkənin daxili işidir və heç kəs onlara bu məsələdə məsləhət verə bilməz. Ancaq Türkiyənin öz qatı düşmənini yüksək dövlət bayramına dəvət etməyinin səbəbi başa düşülən deyil”.
A.Mirzəzadə bildirib ki, Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımır və rəsmi dövlət siyasətində Türkiyənin böyük bir ərazisinə iddia edir. Erməni dövləti bütün dünyada Türkiyəni uydurma “1915-ci il erməni soyqırımı”nda ittiham edir və artıq 20-dən çox dövlətin bu uydurmanı qəbul etməsinə nail olub: “Erməni terror təşkilatları vaxtaşırı xaricdəki türk səfirliklərinə qarşı terror hərəkətləri ediblər və hələ də bu addımlarından əl çəkmirlər. Ermənistan tarix kitablarında və mədəniyyət əsərlərində Osmanlıya və Türkiyəyə qarşı olmasın ittihamlar irəli sürür. Elə Serj Sarqsyan da Türkiyəyə sevgisini bir sıra antitürk bəyanatları ilə ortaya qoyub.
İndi Türkiyə Ermənistan rəhbərini inaqurasiyaya çağırmaqla nə eldə etmək istədiyi aydın deyil. Heç diplomatik protokolda da düşmən və diplomatik əlaqələr olmayan ölkələrin nümayəndələrinin dövlətiçi tədbirlərə dəvət edilmə praktikası yoxdur. İnaqurasiya ilk növbədə dostların məclisidir və orada Ermənistanın statusu heç də aydın deyil.
Ermənistan isə Türkiyədəki prezident seçkilərinin nəticələrini ilk “təbrik” edənlərdən oldu. Moskavda erməni əsilli Rusiya vətəndaşı 43 yaşlı Artur Mirzoyan 17 avqust tarixində ov tüfəngi ilə Türkiyənin Rusiyadakı səfirliyinin binasının fasadındakı Türkiyənin gerbini hədəf alıb və iki güllə atıb. Verilən məlumata görə isə hər iki güllə hədəfə çatıb”.
Səxavət