Dəri (cild) quruluğu bir çox insanın rastlaşdığı və xüsusilə də qış aylarında tez- tez rast gəlinən bir vəziyyətdir. Unutmayın ki, hər yaşda və cinsdə olan insan bu problemi yaşaya bilər.
Teleqraf.com xəbər verir ki, qış fəslində havadakı nəmin və soyuq havaya görə tərləmənin azalması cildin qurumasına səbəb olur.
Cild quruluğu önəmlidir və mütləq qarşısı alınmalıdır. Cild quruluğu artdıqca ekzema yəni dermatit deyilən bir cild problemi ilə qarşılaşa bilərsiniz.
Bu zaman dəri qaşınır, qaşınmadan sonra dəridə qalınlaşmalar olur, dırnaqlar yırtıqlar yaradır və beləcə yara infeksiyaya yoluxur. Müalicə olunmadığı halda ekzema getdikcə ağırlaşa bilər.
Cildin quruluğu diyet və ya yaxşı qidalanmama səbəbi ilə də ola bilər. Ən çox isə su və ya yağ itirdikdə meydana gəlir. Bu zaman cild sərtləşir, çatlama, ağrı, qaşınma, soyulma, qızartı kimi əlamətlər ortaya çıxır.
Bəs cild quruluğunu aradan qaldırmaq üçün nə etmək lazımdır?
Birinci olaraq isti su ilə çimməməli, təbii məhsullar və qurutmayan sabunlardan istifadə etmək lazımdır. Tez- tez çimməkdən uzaq durmaqla yanaşı cildi qurulamadan nəmləndirici krem sürmək lazımdır. Eyni zamanda fıstıq, fındıq, ispanaq, cəviz, quru üzüm, balıq, kök kimi qidlardan istifadə cild quruluğunun qarşısını almaqda faydalıdır.
Bunlardan başqa mütləq bolluca ilıq su içmək lazımdır.
Ən önəmlisi isə bu problem artarsa, cild müayinəsi üçün dermatoloqa getmək vacibdir.