28 Noyabr 2018 08:54
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda yeni palçıq vulkanlarının püskürəcəyi ilə bağlı verilən proqnoz özünü doğruldub. Artıq 2 vulkan püskürüb, 4 vulkanın isə bu ilin sonuna kimi və 2019-cu il ərzində püskürəcəyi ehtimal edilir.

Bunu Trend-ə AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.

A.Əliyevin sözlərinə görə, hələ oktyabrda Abşeron yarımadasında Bozdağ Qobu, Ələt qəsəbəsində Bahar, Qobustanda Şəkixan, Nardaranaxtarma, Ayazaxtarma, Şıxzərli vulkanlarında püskürmə olacağı ilə bağlı proqnoz verilmişdi:

"Şəkixan və Ayazaxtarma palçıq vulkanlarındakı püskürmə ehtimalları təsdiqlədi. Palçıq vulkanizmi şöbəsinin əməkdaşları Qobustanda təcrübə-kəşfiyyat işləri apararkən vulkanların yeni oyanışlarının izlərini təyin ediblər. Püskürmələr zəif olub".

Professor əlavə edib ki, bir necə il davam edən sakitlik dövründən sonra 2017-ci il Azərbaycanda vulkanların püskürməsi intensivləşib. Təkcə keçən ilin birinci yarısında Abşeron yarımadasında (Otmanbozdağ, Lökbatan, Keyrəki) və Şamaxı-Qobustan rayonunda (Bozaaxtarma, Şixzərli, Qarıca və Şəkixan) 7 vulkan püskürüb.

A.Əliyev qeyd edib ki, ümumilikdə son 2 ildə Azərbaycanda 19 vulkan püskürməsi halı qeydə alınıb.

Azərbaycanda quru və dənizdə 350-dən çox palçıq vulkanının olduğunu deyən A.Əliyev qeyd edib ki, hər il 3-5 vulkanda müxtəlif intensivlikdə püskürmələr baş verir. Lakin seysmik aktivliyin artdığı dövrlərdə püskürmələrin də sayı çoxalır.

O, belə dövrlərə misal olaraq, 1970 (10 püskürmə), 1986 (12 püskürmə), 1989 (11 püskürmə), 2001 (16 püskürmə), 2018-ci (11 püskürmə) illəri göstərib:

"Palçıq vulkanının püskürməsi ilə bağlı proqnoza gəldikdə, bu suala birmənalı cavab yoxdur. Zəlzələ kimi vulkanların da püskürmə vaxtını qabaqcadan xəbər vermək asan məsələ deyil. Lakin bununla belə, bir sıra onilliklər ərzində palçıq vulkanının fəaliyyətini tədqiq etdiyimdən onların xüsusiyyətlərini, əvvəlki püskürmələri nəzərə alaraq, paroksizmal proqnozların verilməsini mümkün hesab edirəm. Söhbət təbii ki, yarım il və ya il ərzində olan proqnozlardan gedir. Belə ki, 2017-ci ildə biz Abşeron yarımadasında Keyrəki vulkan püskürməsinin olacağını gözləyirdik və o, 12 iyunda baş verdi. İnsanların təsərrüfat fəaliyyətinin də palçıq vulkanının püskürməsinə təsir göstərəcəyini demək olar. Azərbaycanda insan amili nəticəsində bəzi palçıq vulkanları süni şəkildə püskürüb".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər