14 Dekabr 2018 16:00
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik və uzunluğu 9 km olan Babək prospektində aparılan yenidənqurma işləri artıq yekunlaşıb.

Agentlikdən Teleqraf.com-a verilən məlumata görə, aparılan işlər çərçivəsində prospektin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb.

Yol yatağının yararsız qruntu təqribən 20 min kv.m sahədə ortalama 0.8-1 m dərinliklə qazılaraq çıxarılıb. Bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılıb və əsaslı şəkildə yenidən bərpa edilib.

Yenidənqurma işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Belə ki, prospekt boyunca 4 km-ə yaxın yeni kanalizasiya kollektoru, 1000 və 800 mm diametrli polad borularla 7 km uzunluğunda əsas magistral, prospektin sağ və sol hissəsi ilə polietilen borularla 11 km uzunluğunda paylayıcı kəmərlər olmaqla, ümumilikdə 30 km-ə yaxın su xətti çəkilib.

Bundan başqa, aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunub, zəruri olan yerlərdə yeni sistem qurulub. Bu işlərə uyğun olaraq, prospektin 99 nöqtəsində kanalizasiya xətlərinin baxış qapaqları da yenilənib.

Prospekt boyu 323 609 kv.m sahəyə 3 qat yeni asfalt-beton örtüyü döşənib, yeni üfiqi nişanlanma xətləri çəkilib, zəruri yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yol ayrıcında ikitərəfli yeni işıqlandırma sistemi qurulub.

Qeyd edək ki, prospektdəki qovşaqlar da daxil olmaqla hərəkət zolaqları uzun illər istismar olunduğundan, yolboyu çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəldiyindən əsaslı təmirə ehtiyac var idi. Bu isə öz növbəsində prospekt boyu hərəkətdə müəyyən problemlərə səbəb olurdu. Yenidənqurmadan sonar isə prospekt üzərində tikilən qovşaqlar nəqliyyatın hərəkətini xeyli sürətləndirməyə imkan yaradıb.

Aytən


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər