17 Dekabr 2018 19:25
2 501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biri üçün atası, biri üçün anası, biri üçün hansısa filmin, hansısa bədii əsərin obrazı, biri üçün bir döyüşçü, bir inqilabçı, bir yazıçı… Hərənin bir qəhrəmanı var. Bu düşüncə ya insanı qəhrəmana çevirir, ya da qəhrəman olmasına imkan vermir. Əlbəttə, hər kəs qəhrəman ola bilməz, amma hər kəsin bir qəhrəmanı olur. İstisnalar da var.

Bəs, sizin qəhrəmanınız kimdir?

Teleqraf.com bu sual ətrafında sorğu keçirib.

Sorğunu təqdim edirik:

“İlk həmlədəcə…”
Jurnalist Xalidə Gəray: “Əlbəttə, uşaqlıqda, erkən yaşlarında hər kəsin simvolik bir qəhrəmanı olur. Bu qəhrəman bəzən atamız, bəzən hansısa məşhur aktyor, bəzən isə sevdiyimiz əsərdə sevimli obrazımız ola bilir. Lakin yaşa dolduqca anlayırıq ki, əsl qəhrəman reallıqda vətəni, milləti üçün canından keçən, onu hər şeydən üstün tutan şəxslərdir.

Azərbaycanın bu günə qədər xalqın içindən çıxmış çox qəhrəmanları olub. Bu gün isə hər birimiz üçün bir qəhrəman var – Mübariz İbrahimov. O igid ki, inanılmaz cəsarətlə təkbaşına iki ordu arasındakı minalanmış sahəni keçib, ilk həmlədəcə çoxlu sayda düşmən əsgərini və zabitini məhv edib, 5 saat ərzində təkbətək döyüşüb, düşməni ağır itkilərə məruz qoyub, beləliklə, qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.

Mübariz İbrahimov öz gəncliyini, həyatını bu vətən üçün fəda edib. Onun qəhrəmanlığı ölkə hüdudlarını aşıb. Məlum olduğu kimi Türkiyənin dövlət kanalında yayımlanan “Sakarya Fırat”, “Qızıl Alma” seriallarında Mübariz İbrahimovun qəhrəmanlığından söz açılıb, örnək göstərilib.

Çox təəssüf ki, bu gün içimizdə bəzi soyu-kökü məlum olmayanlar var ki, onlar Mübariz İbrahimova və onun kimi qəhrəmanlarımıza dil uzatmağa çalışır. Düşünürəm ki, xalqın, cəmiyyətin özü həmin naxələflərin dərsini birdəfəlik verməlidir”.

“Mənim qəhrəmanım atamdır”

Jurnalist Vüsal Qarayev: “Səmimi deyirəm, mənim qəhrəmanım, idealım, oxşamaq istədiyim adam atamdır. Əlbəttə, mənim atam ideal insan deyil və o, hər kəs üçün qəhrəman ola bilməz. Amma mənim atamı özümə qəhrəman bilməyim də əsassız deyil. Səbəblərim çox sadədir, atam hər zaman zəhmətkeş olub, halal olub, saf olub.

Atam vəzifədə olanda, əlində imkanlar olanda belə evimizə oğurluq bir qəpik də gətirməyib. Atam vəzifədən getdikdən, işsiz qaldıqdan sonra heç vaxt zamanında onun başına dolanan, sonra itirib-axtarmayan insanlara ağız açmayıb, onlara əyilməyib, ailəsini dolandırmaq üçün fəhləlik edib, bunu özünə əksiklik bilməyib.
İndi də bu yaşında suvaqçılıq edir, kimsəyə möhtac olmur.

Ümumiyətlə, atam heç vaxt kimisə yalandan tərifləmədi, kiminsə qarşısında əyilmədi, yaltaqlanmadı, kiməsə xoş görünməyə çalışmadı. Atamın heç vaxt kiminsə qeybətini etdiyini eşitməmişəm.

Atam insanların özəlini müzakirə etmir, kiminsə arxasınca danışmır, başqalarının həyatına müdaxilə etmir, öz övladlarının belə… Mənim atam kimsəyə bilərəkdən pislik etməyib, hətta heç bir canlıya… Bəlkə də mənim atam bəsit insan kimi görünə bilər, amma mənim atam düz adamdır, səhvləriylə, çatışmazlıqlarıyla düz adamdır, yaxşı adamdır, gözəl insandır, sadədir. Mənim qəhrəmanım mənim atamdır”.

“Qəhrəman belə olmalıdır”

Jurnalist Nüşabə Şəkərova: “Hər xalqın öz qəhrəmanları var. Məsələn, ermənilər üçün də Monte Melkonyan qəhrəmandır. Halbuki, biz onun terrorçu olduğunu bilirik. Xocalı dəhşətlərindən çıxmış bir nəfərlə müsahibə alanda o da bildirdi ki, Melkonyan bizim qadınlarımıza əl qaldırırdı, uşaqları döyürdü. Amma o, Ermənistanda dövlət səviyyəsində qəhrəman adını almış biridir. Mənim isə qəhrəman deyəndə, gözlərimin qabağına Mübariz İbrahimov gəlir.

Kim nə deyirsə desin, amma ictimai rəylə də hesablaşmaq lazımdır. Ağzına gələni danışmaqla, ağzına gələni yazmaqla ictimaiyyətin fikrini dəyişmək mümkün deyil.

Mübariz ən ağır şərtlər altında qəhrəmanlıq edərək, vətənin müdafiəsinə qalxıb. O, öz yoldaşlarını, insanlarımızı qorumaq üçün həyatını qurban vermiş qəhrəman insandır. Hər kəsin beynində “qəhrəman belə olmalıdır” düşüncəsi var. Məncə, qəhrəman ən ağır şərtlər altında öz yoldaşlarını qoruyan, vətənini müdafiə edən insandır. Bunun başqa adı yoxdur. Xalqın mənəvi dəyərlərinə isə dil uzatmaq olmaz”.

“Özümü qəhrəman sayıram”

Şair Sən An: “Özüm üçün ideallaşdırdığım qəhrəman yoxdur. Rəğbət bəslədiklərim olub. Uşaq vaxtı atamı bilirdim, sonra filmlərdəki Vandam, Bryus Li, Arnold Şvartsenegger, “Rembo” qəhrəmanıma çevrildilər.

Yeniyetmə vaxtlarımda tarixi sərkərdələri özümə qəhrəman seçmişəm, çünki yeniyetməlik yaşı, insana bir inqilab yaşıdır. Kitablardan da, filmlərdən də qəhrəmalaşdırdığım obrazlar olmayıb.

Sadəcə sevdiyim, rəğbət bəslədiklərim olub. Səmimi deyim ki, hazırda özümü öz qəhrəmanım sayıram ,çünki özümlə yıxılıram, özümlə dururam”.

“O, ideal qadın obrazıdır”

Jurnalist Zeynəb Əkbər: “Mənim qəhrəmanım anamdır. Həyatımda tanıdığım ən cəsur, ən mübariz, ən ədalətli və ən vüqarlı qadın odur.

Bütün addımları, sözləri çətinliklə üzləşdikdə tapdığı həll yolları sözün əsl mənasında mənə həyati dərs olur. Ona anam kimi deyil, bir qadın kimi heyranam. Xüsusilə də hər bir hadisəyə ədalətlə yanaşmasına heyranam.

Yalnız öz sevdiklərinə deyil, hər kəsə qarşı olan ədalətinə heyranam. O mənim üçün həm qəhrəman, həm də bütün mükəmməl xüsusiyyətləri özündə əks etdirən ideal qadın obrazıdır”.

“Şəxsiyyətə pərəstişə qarşıyam”

Jurnalist Səxavət Məmməd: “Heç vaxt oxuduğum kitabların, baxdığım filmlərin təsirinə düşməmişəm.

Ona görə də konkret bir qəhrəmanım olmayıb. Mənim üçün əsl qəhrəmanlar inqilabçılar olub. Tarix boyu bütün inqilabçıları qəhrəman kimi görmüşəm.

Attila, Çingiz xan, Məmməd Əmin Rəsulzadəyə simpatiyam var. Mənim üçün insan yox, ideologiya, mənim üçün şəxslər yox, onların gördükləri iş önəmli olub.

Şəxsiyyətə pərəstişə qarşı olmuşam. İnsanları bütləşdirməyin əleyhinəyəm. Mənim üçün əsl qəhrəmanlar tarixin, proseslərin gedişatını dəyişən insanlardır”.

“Səs-küylə heç nəyi həll etmək olmur”

Jurnalist Gülşən Şərif: “Həyatımda bir deyil, bir neçə qəhrəmanımın olduğunu deyə bilərəm. Mənə elə gəlir ki, insanın seçdiyi qəhrəman onun mənəvi dünyasını birbaşa tərənnüm edir. İnsan özünə seçdiyi hər qəhrəmandan bir şeylər mütləq öyrənir və onu öz həyatında reallaşdırmağa çalışır. Məsələn, ilk qəhrəmanım həmişə anam olub.

Öz ayaqları üstündə durmağı, maddi-mənəvi kiməsə borclu qalmamağı, açıqsözlü olmağı ondan öyrənmişəm. Düzdür, bəzən açıqsözlülük qarşı tərəflər üçün xoş olmayıb. Ancaq bütün hallarda həqiqət yalandan üstün olduğuna görə qəhrəmanımın yolu ilə gedirəm. Digər qəhrəmanım atamdır.

Onun təmkini, səbri sayəsində anlamışam ki, səs-küy, dava-dalaş heç nəyi həll etmir. Səni yoran, üzən insandan sakitcə uzaqlaşmaq ən doğru yoldur. Atamdan insanların maddiyyatına düşkün olmağın önəmsizliyini öyrənmişəm. Növbəti qəhrəmanlarım isə qardaşlarım olub. Onlardan öyrənmişəm ki, insanın dini, irqi, siyasi fikirləri özəldir və buna görə başqa insanlara yüklənmək, onları öz yolunla aparmağa çalışmaq və fərqli mövqedə olan insanları alçaltmaq olmaz.

Ümumən bütün hallarda istənilən insanın özü də başqaları üçün qəhrəman və ya kumir ola bilər. Yetər ki, edilən bütün davranışlar və deyilən sözlər qəlbdən gəlsin. Eyni zamanda cəmiyyətə və insanlığa müsbət təsiri olan hər insanın davamçılarının olması mənəviyyatın inkişafı üçün vacib amillərdəndir”.

“O, İsa peyğəmbərdir”

Şair Səxavət Sahil: “Qəhrəman obrazı insan üçün yaş dövründən asılı olaraq, dəyişir. Uşaqlığın və yeniyetməliyin qəhrəmanları da fərqlidir. Kiçik yaşlarımda oxuduğum kitablar məndə bu hissi yaradıb.

Yadımdadır, 5-ci sinidə Rafaello Covanyolinin “Spartak” romanını oxumuşdum və mənə təsir etmişdi, onun qəhrəmanlığına heyran qalmışdım.

Sonrakı dövrlərdə də oxuduğum əsərlərin qəhrəmanı mənim də qəhrəmanıma çevrilirdi. Lakin sonralar mən əsl qəhrəmanımı tapdım. O, İsa peyğəmbərdir. O, həqiqətən bəşəriyyət üçün əsl qəhrəmandır. Yəni onu ədəbi qəhrəman kimi qəbul edirəm. Onun haqqında oxuduğum kitablar və “İncil”in əsasında bu qənaətə gəlmişəm.

Hesab edirəm ki, dünya ədəbiyyatında ən çox haqqında əsər yazılan da İsa peyğəmbərdir. “Səfillər”dən tutmuş “Qoca və dəniz”ə qədər bir çox əsərlərin qəhrəmanı İsa peyğəmbərdir. Heç bir əsərdə məğlub olmayan İsa bu gün də əyilməzliyin simvollarından biridir”.

“Bu günədək tanıdığım ən real qəhrəman...”

Qiraətçi Xəzər Süleymanlı: “Mənim qəhrəmanım mənim atamdır. Bu günə qədər tanıdığım ən real qəhrəman da atamdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər