Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvininq layihəsi çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi ilə keçirdiyi “Əhalinin sağlamlığının qorunmasında icbari tibbi sığortanın rolu” mövzusunda yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Teleqraf.com-un məlumatına görə, müsabiqənin keçirilməsində məqsəd əhalinin icbari tibbi sığorta (İTS) və sığorta çərçivəsində təminat verilən tibbi xidmətlər haqqında məlumatlılığını artırmaqdan, ictimaiyyətin rəy və münasibətini öyrənməkdən, Azərbaycanda İTS-nin uğurlu tətbiqi üçün alternativ dayanıqlı maliyyə mənbələrinin və bu sahədə beynəlxalq təcrübənin təhlili ilə əlaqədar araşdırmalar aparmaqdan ibarət idi.
Tədbirdə tvininq layihəsinin daimi müşaviri, Agentliyin departament rəhbərləri, habelə müsabiqədə qalib olmuş jurnalistlər iştirak ediblər.
Mükafatlandırma mərasimində açılış nitqi ilə çıxış edən Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova müsabiqədə iştirak edən KİV nümayəndələrinə, müsabiqənin təşkilinə dəstək göstərdiklərinə görə tvininq layihəsinin nümayəndələrinə öz dərin minnətdarlığını bildirib. Yazı müsabiqəsinə 29 məqalənin təqdim edildiyini diqqətə çatdıran departament rəhbəri məqalələrin Agentliyin və tvininq layihəsinin ekspertləri tərəfindən (7 nəfər) qiymətləndirildiyini qeyd edib.
Tvininq layihəsinin daimi müşaviri Qediminas Çerniauskas əlavə edib ki, sosial-iqtisadi islahatların uğurla həyata keçirilməsi üçün vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi və media nümayəndələrinin prosesdə iştirakı çox önəmlidir: “Agentlik ilə birgə təşkil etdiyimiz yazı müsabiqəsi jurnalistlərlə əməkdaşlığın daha sıx olması baxımından gözəl təşəbbüsdür”.
Monitorinq, təhlil və aktuari departamentinin rəhbəri Araz Nəsirov bildirib ki, Agentliyin fəaliyyəti daima KİV-in diqqət mərkəzindədir: “İTS-nin tətbiqi nəticəsində qazanılan nailiyyətlər barədə əhalinin dolğun və obyektiv məlumatlandırılmasında KİV-in rolu böyükdür. Pilot layihənin tətbiqində media bizim uğurlu tərəfdaşımız, yardımçımız olub”.
Tibbi sığorta departamentinin rəhbəri Vüqar Qurbanov bildirib ki, əhalinin sağlamlığının qorunması dövlətin sosial siyasətində önəmli yer tutur: “Agentlik İTS-nin hamı üçün əlçatan olması, əhalinin sağlamlığının qorunması məqsədi ilə tibbi xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılması istiqamətində çalışır. Bu səpkidə keçirilən tədbirlər KİV nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsində önəmlidir”.
Qeyd edək ki, İlhamə İsabalayeva I, Zarina Orucəliyeva II, Ruhiyyə Hüseynova III yerə layiq görülüblər. Həvəsləndirici mükafatlar isə aşağıdakı şəxslərə təqdim edilib:
1.Ruslan Xəlilov
2.Qaşqay Ramazanov
3.Cavid Şahverdiyev
4.Raminə Ağayeva
5.Zülfiyyə Quluyeva
6.Nurlanə Quliyeva
7.Aynurə Haqverdiyeva
8.Aida Quliyeva
9.Göyçək Mahmudlu
10.Gülşən Qasımova
Qeyd edək ki, yazı müsabiqəsi ilə yanaşı “İcbari tibbi sığorta həyatımda nəyi dəyişəcək?” və ya “İcbari tibbi sığorta nədir?” mövzularında sosial videoçarx müsabiqəsi də elan edilib. Videoçarx müsabiqəsinə kifayət qədər sayda video təqdim edilmədiyinə, təqdim edilmiş 3 sosial videoçarxın müsabiqə şərtlərini qarşılamadığına görə namizədlərin qiymətləndirilməsi baş tutmayıb.