Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin İnkişaf Proqramı (BMTİP) Azərbaycanda inkluziv iqtisadi inkişaf, xüsusilə əlilliyi olan insanlar üçün biznes imkanlarının yaradılması məqsədini güdən yeni layihəyə imza atıb.
Teleqraf.com xəbər verir ki, 5 il müddətində davam edəcək “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” adlı texniki yardım layihəsinin məqsədi əhalinin həssas təbəqələrindən olan işsiz şəxslərin potensialını artırmaq və onların formal əmək bazarında məhsuldar məşğulluğu üçün imkanlar yaratmaqdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMTİP tərəfindən maliyyələşdirilən layihənin qarşısında duran olduqca ciddi məqsədlərdən biri icra müddətinin məhz ilk ilində əlilliyi olan 500 nəfərə dayanıqlı iş imkanlarının və şəxsi bizneslərin yaradılmasında dəstək göstərməkdir. Xüsusilə də aztəminatlı və həssas sosial təbəqələrdən olan insanlara özünüməşğulluq fəaliyyətlərini həyata keçirmək üçün yardım etməyi nəzərdə tutan bu yeni təşəbbüs Azərbaycanın bütün regionları və paytaxt Bakını əhatə edəcək.
İmzalanma mərasimində çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu istiqamətə aparılan işlərdə, həyata keçirilən islahatlarda BMT-nin İnkişaf Proqramı ilə səmərəli əməkdaşlığın formalaşdığını qeyd edib. Birgə fəaliyyətin vacibliyini qeyd edən nazir belə layihələrdən biri olan “Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı” layihəsinin uğurlarını qeyd edib, Bakıda və ölkənin ayrı-ayrı bölgələrində təşkil olunan təlim mərkəzləri vasitəsilə gənclərə müasir iş axtarışı bacarıqlarının öyrədilməsinə, qısa müddətdə onların işlə təmin edilmələrinə dəstək verdiyini deyib.
Bu gün imzalanan “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi çərçivəsində isə ən yaxşı biznes plan təqdim etmiş 500 nəfər əlilliyi olan şəxsə biznesin yaradılması və yeni yaranmış bizneslərin qeydiyyatdan keçirilməsində dəstək göstəriləcək. Daha sonra, seçilmiş startaplara dəstək qrantlarının təqdim olunması nəzərdə tutulur. Qrant dəstəyi çərçivəsində əlilliyi olan şəxslərə biznesin qurulması üçün tələb olunan avadanlıq və xammal veriləcək.
Qarşıda duran məqsədlərin həyata keçirilməsi üçün, BMT-nin İnkişaf Proqramı Azərbaycanda dövlət siyasəti üzrə məsul şəxslərin və icraçıların səmərəli aktiv məşğulluq tədbirlərini hazırlamaq və icra etmək potensialının gücləndirilməsi istiqamətində də bir sıra addımların atılmasını nəzərdə tutur.
İmzalanma mərasimində çıxış edən BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandro Frakassetti isə deyib ki, bu kimi özünüməşğulluq layihələri sahibkarlığın hamı üçün işləyə biləcəyini göstərə bilər.