"Hər gün olmasa da, hər ay dilə yeni sözlər daxil olur".
Bunu Dövlət Dil Komissiyasının üzvü, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyib.
O bildirib ki, qloballaşma dövründə dilə beynəlmiləl sözlərin daxil olması normaldır: "Amma istənilən yeni sözü dilə daxil etmək olmaz. Bu məsələdə həssas davranmalıyıq. Həmin sözlərin Azərbaycan dilində qarşılığı varsa, onu istifadə etməliyik".
Direktorun sözlərinə görə, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə baş verən köklü dəyişikliklər dil siyasətinə də təsir edib: "Dəyişikliklər üslublarda da özünü göstərdi. Müstəqillik dövründə daha çox publisistik üslub inkişaf etdi. Qəzetlərin və televiziya kanallarının sayının artması dilə də təsir etdi. Qeyd etdiyim dövrdən etibarən Türk dili vasitəsilə dilimizə bir çox sözlər daxil oldu. Təəssüf ki, dilə daxil olan sözlərin içində süni sözlər də var".
M.Nağısoylu qeyd edib ki, Azərbaycanda rəsmi-işgüzar üslub müstəqillik dövründə formalaşıb: "Sovet dövründə ölkədə sənədləşmə əsasən rus dilində idi"./report/