27 Dekabr 2018 14:19
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul Universitetində Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə “Bir kərə yüksələn bayraq, bir daha enməz” adlı tədbir təşkil olunub.

Teleqraf.com xəbər verir ki, mərasimdə rəsmi şəxslər, Azərbaycan və Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri, elm və mədəniyyət xadimləri, tələbələr iştirak ediblər.

Tədbirdən öncə Türkiyədə yaşayan və fəaliyyət göstərən gənc rəssamların əsərlərindən ibarət rəsm sərgisinin açılışı baş tutub.

Sərgidə Elçin Mustafayev, Rəsul Rzayev, Ezgi Gökçe, Nərmin Əzimzadə, Məsumə Hacıyeva, Sürəyya Abdullalı, Ramilə Əliyeva Gəncoğlu və Xanım Tağıyevanın rəsmləri nümayiş olunub.

Daha sonra mərasimin rəsmi hissəsi Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Birliyin sədri Rəşid Mustafazadə Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət yaşamasına baxmayaraq, böyük nailiyyətlər əldə etdiyini və 100 nəfər gəncin xaricə təhsil üçün göndərilməsini Cümhuriyyətimizin gənclərə verdiyi böyük önəmin göstəricisi olduğunu vurğulayıb. Təşkilatın rəhbəri, Məhəmməd Əmin Rəsulzadənin “Əsrimizin Siyavuşu” əsərindən “Gəncliyə xitab”ı səsləndirib.

Birliyin elmi məsləhətçisi, İstanbul Universitetinin professoru Həlim Qazan Türkiyə ilə Azərbaycanın qardaşlıq münasibətlərinə toxunaraq, bu ənənələrin gənclərə də ötürülməsinin vacibliyini xüsusi qeyd edib. Qazan azərbaycanlı gənclərə lazımi dəstək verməyə hər zaman hazır olduğunu dilə gətirib.

Tədbirdı həmçinin Azərbaycan Milli Məclisinin deputatı Aydın Hüseynov, İstanbul Universitetinin professoru Xəlil Bal və Balıkesir Universitetinin dosenti Səbahaddin Şimşir çıxış ediblər.

Millət vəkili Aydın Hüseynov Azərbaycanın dövlətçilik ənənələrindən bəhs edərək, zaman-zaman xalqımızın müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldığını vurğulayıb. Millət vəkilinin sözlərinə görə, gələcəkdə də bu tarixi sınaqlardan üzüağ çıxa bilmək üçün gənclər daima çalışmalıdırlar.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən söz açan professor Xəlil Bal qeyd edib ki, bu gün məhz Azərbaycan xalqının öz azadlığı uğrunda apardığı mübarizə sayəsində milli bayrama çevrilib. Professor Xalq Cümhuriyyətinin Osmanlı Dövləti arasındakı münasibətləri və Bakının Nuru Paşa tərəfindən xilas edilməsi ilə bağlı tarixi faktlardan bəhs edib.

Balıkesir Universitetinin dosenti Səbahaddin Şimşir Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi keşməkeşli yollardan danışaraq, Məhəmməd Əmin Rəsulzadənin və silahdaşlarının Cümhuriyyətin tanınması və yaşaması üçün apardığı fəaliyyətlərə nəzər salıb.

Mərasim geniş bədii proqramla davam edib.

Konsert proqramında milli rəqslərimiz qonaqların böyük marağına səbəb olub.

Sənətçilər Günel Zeynalova, Səidə Ömər, Mərdan Kazımov, Ayan Babakişiyeva, Sevinc Ağaşirinova, Emilia Ağasiyeva milli və vətənpərvər ruhda rəngarəng mahnı və rəqslər ifa ediblər.

Sonda çıxışçılara, sənətçilərə və rəssamlara plaket və təşəkkürnamələr təqdim olunub.

Qonaqlar milli şirniyyatlarımızdan da dadıblar.

Tələbə Toğrul Xıdırlı bildirib ki, bu tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan Xalq Cümhuriyyətini yad etmək və bu özəl gündə gənclər olaraq həmrəylik nümayiş etdirməkdir.

İstanbul Universitetində ilk dəfə olaraq fəaliyyətə başlayan birliyin əsas məqsədi azərbaycanlı gənclərə dəstək vermək və özlərini daha yaxşı ifadə etmələrinə yardımçı olmaq, yerli və xarici tələbələrə Azərbaycan mədəniyyəti, ədəbiyyatı və tarixini düzgün şəkildə tanıtmaq, "Bir millət, iki dövlət" şüarını əsas tutaraq, qardaş ölkə gənclərinin əməkdaşlığını təmin etməkdir.

Qeyd edək ki, İstanbul Universiteti Türkiyənin ən qədim universiteti olmaqla yanaşı, dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil olmuş (2006) Türkiyənin ilk təhsil ocağıdır və eyni zamanda Asiyanın ən yaxşı 100 universiteti sırasındadır. Universitet iki Nobel mükafatçısını yetişdirib.


Müəllif: Cavad

Oxşar xəbərlər