Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə "Bakı Metropoliteni" QSC daha bir sosial layihə həyata keçirib.
"Bakı Metropoliteni" QSC-dən Teleqraf.com-a verilən məlumata görə, "Nərimanov" elektrik deposundan nostalji ovqatlı vaqona minən Yeni ilin qəhrəmanları Şaxta Baba və Qar qız "Nəriman Nərimanov" stansiyasında sərnişinləri salamlayıblar. Öz təbiri ilə uşaqların səsinə səs verən Şaxta baba sözü-söhbəti, tapmacaları, atalar sözləri, yanıltmacları ilə retro vaqonda əsl yeni il şənliyi ovqatı yaradıb. Uşaqlardan şeir, nəğmə hədiyyəsini alan Şaxta baba və Qar qız azyaşlı sərnişinlərə Yeni il sovqatları paylayıblar.
Şaxta baba rolunu tanınmış aktyor, 40 ilə yaxın bu obrazın mahir ifaçılarından olan Allahverdi Yolçuyev canlandırıb. Qar qız obrazında isə "Bakı Metropoliteni" Hərəkət xidmətinin platforma növbətçisi Ruhiyyə Mehdizadə çıxış edib.
Uşaqları şənləndirən qəhrəmanlar retro vaqonlarda "İçərişəhər" stansiyasına gəliblər. Daha sonra isə "Həzi Aslanov" stansiyasına qədər gediblər.
Yeni ilin əsas personajları dekabr ayının 31-nə qədər - üç gün azyaşlı sərnişinlərə hədiyyələr paylayaraq, onları sevindirəcəklər.
Qeyd edək ki, bayram günlərində “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışacaq. Şəhərdə ki, bayram şənlikləri ilə əlaqədar dekabrın 31-dən yanvarın 1-nə keçən gecə saat 02:00-a qədər stansiyalar sərnişinlərin üzünə açıq olacaq.