15 Yanvar 2019 18:24
1 577
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2019-cu ilin “Nəsimi ili” elan olunması müzakirələrə yol açdı. Çox sevindiricidir ki, onun ideyaları, yaradıcılığı, irəli sürdüyü fikirlər və günümüzün reallıqları ilə bağlı geniş diskurs başlayıb. Bu, bir daha Nəsiminin dövrümüzdə aktual olduğunu göstərir. Əksi ola bilməzdi, Nəsimi məkanın fövqündə olduğu kimi, zaman hökmünə də tabe deyil”.

Teleqraf.com xəbər verir ki, bu sözləri siyasi ekspert Zaur İbrahimli deyib.

Ekspert Azərbaycanın görkəmli şairinin dəfn edildiyi şəhərdə müharibənin getdiyini bildirib:

“O dövrdəyik ki, Hələb şəhəri bombalanır və şairin ayaq basdığı coğrafiyada qanlar durmur və milyonlarla insan qaçqın düşüb. Bəşər övladı isə texnologiya ilə zənginləşdikcə, zahirən ağıllandıqca, batində kamillikdən uzaqlaşır. Nəinki uzaqlaşır, deyəsən imtina edir. Bəşər övladı kainatın sirlərinə vaqif olduqca, sanki özünün sirlərini, Nəsiminin ideyalarını unudur. Nəsimi ilk növbədə batini kamilliyə çağırırdı, vəhdətə dəvət edirdi - yalnız özünü tanıyan, yaradan və onun əsəri olan dünyanı dərk etməyə çalışan insan kamil quruluş, nizam, cəmiyyət yolunda naliyyətlər əldə edə bilər. Kamilliyə gedən yol ilk növbədə insanın özünün daxili transformasiyasından keçir”.

Zaur İbrahimli qeyd edib ki, İmaddədin Nəsimi bu gün elm adamlarının kosmosda axtardıqlarını orta əsrlərdə insanı nişan verərək göstərib:

“Bu baxımdan Nəsimi filosofdur. Bu günkü Avropa xeyli dərəcədə Sokrat, Platon, Aristotel, Nikolla, Müqəddəs Avqustin, Lüter, Renessans, Makiavelli, Hobs, Mönteskye, Lokk, Furye, Volter, Hegel, Nitşe, Şekspir dünyasıdır. Onların ideyaları Qərbi yuxulu Şərqi qabaqlamağa, ictimai inkişafda irəli çıxmağa imkan verdi. Qərb dünyası pozitivizmdən, Lüterin tezislərindən dirçəldi, “İctimai müqavilə”, Liberalzimlə boy aldı.

Şərq - biz isə Nəsiminin kamillik düsturundan yararlana bilmədik, əksəriyyətimiz onu yalnız şair kimi gördük. Onun göstərdiyi yolun yolçusu olmağa cəsarət, əzm və ən başlıcası, inam, müdrikliyimiz çatmadı. Qafillər oyanmadı, yar unuduldu, batin kölgədə qaldı, tənə vurulduq”.

Z.İbrahimlinin sözlərinə görə, 2019-cu ildə daha bir imkan yaranıb ki, nədən imtina etdiklərimizi bir daha xatırlayaq, ideyaların gücünə inanaq: “Unutmayaq ki, kainat özü elə bir ideyadır, Nəsiminin Yarının ideyasıdır”.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncam imzalayıb.


Müəllif: Mənsur Rəğbətoğlu