2 Fevral 2019 15:08
395
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan prezidentinin və dövlətin gənclərin fəaliyyəti və onların problemlərinin həlli üçün yaratdığı geniş imkanlar dövlətçiliyimizin inkişafına müsbət töhfə verir”.

Azərbaycan Prezidenti İlham Əliyevin Gənclər Gününə həsr olunmuş Respublika Toplantısında gənclərlə görüşü barədə Teleqraf.com-a danışan “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə belə deyib.

Baş redaktor qeyd edib ki, ötən dövrlər ərzində prezidentin rəhbərliyi ilə həyata keçirilən çoxlu sayda proqramlar sayəsində gənclərin sosial müdafiəsi, məşğulluğunun artırılması, yaradıcılıq axtarışlarının stimullaşdırılması və digər istiqamətlərdə yüksək nəticələr əldə edilib:

“Bu baxımdan, cənab prezident gənclərlə görüşündə önəmli mesajlar verdi. Bundan əvvəl ulu öndərimiz tərəfindən Gənclər və İdman Nazirliyinin yaradılması, Gənclər Gününün təsis olunması, parlament tərəfindən “Gənclər siyasəti haqqında” Qanunun qəbul olunması gəncliyin inkişafına böyük stimuldur, böyük təsir gücünə malik olan hadisələrdir.

Cənab prezidentin gənclərlə görüşü və geniş nitqlə çıxış etməsi gənclərin gələcək həyatları üçün böyük bir istiqamətdir. Düşünürəm ki, çox əhəmiyyətli görüş oldu. Qarşılıqlı səmimi söhbətlər və bir çox gəncimizin təltif olunması, onların prezidentin fərdi mükafatlarına layiq görülməsi bir daha göstərdi ki, onların problemləri və müsbət fəaliyyətləri diqqət mərkəzindədir.

Gəncliyin inkişafı üçün prezidentin bir çox qərar və sərəncamları var ki, bunlar gənclərimiz üçün böyük stimuldur. Xaricdə təhsil proqramı çərçivəsində gənclərimizin xarici ölkələrin ali məktəblərində təhsil alması önəmli hadisədir.

Hesab edirəm ki, həmin gənclərə dəstəyin verilməsi, yaxşı mütəxəssis kimi yetişdirilməsi, Azərbaycana qayıtdıqdan sonra işlə təmin edilməsi cənab prezidentin ən böyük hədəfləridir”.

Vüqar Rəhimzadənin sözlərinə görə, prezident sonuncu görüşdə gənclərimizə böyük dəyərin verildiyini bir daha ortaya qoydu: “Çox dəyərli, məzmunlu və əhatəli çıxışı oldu. Başqa sözlə, bu, gənclərimizin istiqamətləndirilməsi üçün çox əhəmiyyətli bir tədbir idi”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Gənclər Gününə həsr olunmuş Respublika toplantısında iştirak edib. Dövlət başçısı gənclərlə görüşündə Azərbaycan dövlətinin gənclərə diqqət və qayğısı, gənclərin cəmiyyətdə yeri və rolu kimi məsələlər haqda önəmli mesajlar verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər