“Atılma səbəbi araşdırılan və hüquqi qiymət verilənə qədər, uşaqların sığınacaqda yerləşdirilməsini öz üzərimizə götürürük”.
Bunu Teleqraf.com-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.
O bildirib ki, Bərdə rayonunda anası tərəfindən küçəyə atılan iki azyaşlı uşağın sığınacaqda yerləşdirilməsi ilə bağlı müvafiq qurumlara müraciətlər olunub:
“Səbəbi nə olursa olsun, bir ananın uşaqlarını atması qınaqdır, bu belə də olmalıdır. Həmişə olduğu kimi, ən çox məsuliyyəti analarımız daşıyır. Amma biz bu məsələyə bir mənalı da yanaşmamalıyıq. Ana tapılsın, araşdırılsın, çünki uşaqların atılma səbəbləri təkcə ana ilə bağlı olmur. Onu bu vəziyyətə gətirib çıxardan, ona dəstək verməyən, onu ortalıqda buraxan, səhvi oldu-olmadı onu qınağa çevirən kimi səbəblərin hamısı araşdırılmalıdır.
Əlbəttə, biz mediaya bu məlumatları verməklə, bildiririk ki, sizin ailə dediyiniz adamlarla hansısa xoşagəlməz münasibətləriniz ola bilər. Bunu hər dəfə uşaqların üzərin atmaqla, onları döyüb, incitməklə sübut etməyə çalışmayın”.
Qeyd edək ki, Bərdə rayonunda yolun kənarından 2 azyaşlı bacı-qardaş uşaq tapılıb. Uşaqların küçəyə anaları tərəfindən atıldığı iddia olunur. Baxımsız vəziyyətdə olan uşaqlar Rayon Uşaq Xəstəxanasına yerləşdirilib.