Prezident İlham Əliyevin 2019-cu il 8 fevral tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği martın 1-dən etibarən 50 manat artırılaraq 130 manatdan 180 manata çatdırılıb. Sərəncam əhalinin gəlirlərinin artırılması, sosial rifah halının yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımdır. Bu da ölkədə həyata keçirilən siyasətin əsas xəttinin Azərbaycan vətəndaşının mənafeyinin təşkil etdiyini göstərir.
Sərəncam 600 minədək vətəndaşı əhatə edəcək. Belə ki, dövlət sektorunda işləyən 450, özəl sektor üzrə isə 150 min nəfər bu Sərəncamdan faydalanacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Əbülfət Məhərrəmov bildirib ki, minimum əməkhaqqının artırılması işçilərin əməkhaqlarını iqtisadi imkanlarından aşağı səviyyədə verən işəgötürənlərə də öz təsirini göstərəcək. İşəgötürənlər işçilərin əməyinin ödəniş sistemini 180 manatla – minimum əməkhaqqı ilə tənzimləyəcəklər. Bu da qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına təsir edəcək.
Milli Məclisin deputatı Hikmət Məmmədov minimum əməkhaqqının artırılmasının əhalinin sosial təminatının gücləndirilməsi istiqamətində atılmış mühüm addım olduğunu deyib: “Bu, sosial təminatda yeni keyfiyyət mərhələsi yaradır. Ölkə başçısının sosial siyasəti daim Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılmasına hesablanıb. Prezident İlham Əliyev öz çıxışlarında həmişə qeyd edir ki, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının mənafeyi dayanır. Bu artım təkcə sosial müavinət kimi başa düşülməli deyil. Həmçinin mikroiqtisadi münasibətlərdə yeni bir dirçəliş, motivasiya gətirəcək addım kimi qiymətləndirilməlidir”.