13 Fevral 2019 09:34
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qondarma və saxta Talış-Muğan Mühacir Hökuməti ideyasının müəllifləri qonşu dövlətlərdir. Çox təəssüflə qeyd etmək lazımdır ki, Ermənistanla yanaşı bu işin içində İran İslam Respublikasının adı nədənsə ön plana çıxır. Vaxtilə talış-muğan separatçılarının fəal hərəkətlərində də İran və Rusiya barmağının olduğu artıq sübuta yetirilib. İki il öncə düşmən ölkə Ermənistana qaçmış Şahin Mirzəyevin orada ermənilərin diqtəsi ilə hərəkət edərək yalançı bir qurum yaratmasının gerçəkliklə heç bir əlaqəsi yoxdur.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, bu, sadəcə düşmən Ermənistan tərəfindən danışdırılan şəxsdir:

“Bu ideya qondarma “Talış-Muğan respublikası” ideyasının davam etdirilməsidir və şübhəsiz ki, ətrafına heç kimi toplaya bilməyəcək. Doğrudur, Moskvada gizlənən və Azərbaycan xalqına qarşı anti-təbliğatın ruporuna çevrilən Fəxrəddin Abboszadə, eləcə də Hollandiyada siyasi mühacir kimi Ələkrəm Hümmətov da bu ideyalara müxtəlif formalarda dəstək verirlər. Amma əsas məsələ odur ki, talış xalqı bu ideyaları dəstəkləmir və onların arxasınca getməsi mümkün deyil”.

Q.Hüseynli bildirib ki, talış xalqı bu gün ölkəmizdə yaşayan azsaylı xalqlar arasında Azərbaycan xalqı ilə qaynayıb-qarışmış bir xalqdır:

“Bu iki xalq multikulturalizm və tolerantlıq vərdişlərinə birgə yiyələnib. Bu gün Azərbaycan xalqı ilə talış xalqı arasında təfriqə yaratmaq istəyənlər nahaq yerə çalışırlar. Çünki azərbaycanlılarla talışlar arasında yaxın qohumluq əlaqəsi var. Onları vahid azərbaycançılıq ideologiyası, vahid din, vahid Vətən birləşdirir. Azərbaycan dövləti ölkədə yaşayan talışların milli inkişafı üçün lazım olan şəraiti yaradır. Ən vacibi isə ondan ibarətdir ki, talış xalqı bu azğın separatçıların deyil, hər zaman olduğu kimi bu dəfə də Azərbaycan dövlətinin arxasında dayanacaq”.

Qeyd edək ki, xaricdə qondarma və saxta TMMH (Talış-Muğan Mühacir Hökuməti) yaradılıb. Sirr deyil ki, TMMH Ermənistan xüsusi xidmət orqanları tərəfindən idarə olunur. Özünü TMMH-nin “baş nazir”i elan edən Şahin Mirzəyev iki il öncə – 2017-ci ilin fevralında Azərbaycanda milli azlıqlarla qeyri-insani davranıldığını iddia edərək, Ermənistana sığınan birisidir. O, hazırda Azərbaycan əleyhinə Ermənistanda aktiv iş aparır.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər