14 Fevral 2019 17:28
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, sərəncama əsasən, dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlər aşağıdakı məbləğlərdə müəyyən edilib:

1.1. Doktorantura pilləsi üzrə:

elmlər doktoru hazırlığı üzrə doktorantlara - 300 manat

fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 180 manat

1.2. ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:

adlı təqaüd alan tələbələrə – 170 manat

magistratura səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 145 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 120 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 80 manat

bakalavriat səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 130 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 110 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 75 manat

1.3. orta ixtisas təhsili müəssisələrində:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 75 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 60 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manat

1.4. Peşə təhsili müəssisələrinin tələbələrinə – 50 manat.

Sərəncamda bildirilir ki, təqaüdlərin ödənilməsi, doktorantura pilləsində, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayı saxlanılmaqla, dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həddində həyata keçirilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Bu Sərəncam 2019-cu il martın 1-dən qüvvəyə minir.

Bundan başqa, Prezident İlham Əliyev ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə də sərəncam imzalayıb.

Sərəncam ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanmasına dövlət qayğısının artırılması və təhsildə yüksək nəticələr əldə edən tələbələrin təqaüd almaları üçün əlavə imkanların yaradılması məqsədilə imzalanıb.

1. Ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16000 (on altı min) vahid artırılsın və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması təmin edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın:

2.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə cari ilin və növbəti illərin dövlət büdcəsində maliyyə təminatı məsələlərinin həlli ilə bağlı zəruri tədbirləri həyata keçirsin;

2.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. Bu Sərəncamın 1-ci hissəsi 2019-cu il martın 1-dən qüvvəyə minir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər