17 Fevral 2019 21:13
1 270
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci Dünya müharibəsi illərində Almaniya tərəfə keçən azərbaycanlı hərbçilər mübarizələrinin bir hissəsi kimi “Azərbaycan” adlı qəzet çap ediblər. Bu qəzet təbliğat məqsədi olmaqla yanaşı həm də legionerlərin özlərini ifadə etmələri üçün düşünülmüşdü. Bir tərəfdən cəbhədə baş verən hadisələr qəzetdə yer alır, digər tərəfdən legionerlərin şeirləri, məktubları, hekayələri və rəsm əsərləri çap edilirdi.

Legionerlərin yazdıqları şeirləri tədqiqatçı Məmməd Cəfərli “Azərbaycan legion ədəbiyyatı” adlı kitabda toplayıb. Eləcə də bu şeirlər sosial şəbəkələrdə mütəmadi paylaşılır. Amma legionerlərin çəkdikləri rəsm əsərləri kifayət qədər diqqət çəkməyib.

Maraqlıdır ki, Ç.İ imzalı legioner qəzetin 84-cü sayında (5 fevral 1944) “Azərbaycanda rəsm sənəti” adlı məqalə yazıb, Əzim Əzimzadədən və digərlərindən bəhs edib.

Arxivimizdə “Azərbaycan” qəzetinin bir çox elektron nüsxəsi var. Həmin nüsxələri gözdən keçirərkən legioner Həsənin çəkdiyi rəsm əsərlərinə rast gəldik. Bu əsərlərin mövzusu Nizami Gəncəvinin poemalarının qəhrəmanları olduqları üçün çox önəmlidir.

Qəzetin 86-cı sayında (19 fevral, 1944) rəssam Həsənin “Xaqani həbsdə” adlı rəsm əsəri çap edilib.

Qəzetin 96-cı sayında (1 may 1944) Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında bir rəsm əsəri verilib və altında yazılıb: “Adı ilə fəxr etdiyimiz Nizami Gəncəvinin “Yeddi gözəl” poemasına çəkilmiş bir rəngli tablodan. Ortada əsərin qəhrəmanı Bəhram Gur, dövrəsində isə yeddi iqlimin – ölkənin gözəlləri. Şəkil gənc rəssamlarımızdan Həsənindir”.

Qəzetin 98-ci sayında rəssam Həsənin yenə Nizami Gəncəvinin əsərlərinə müraciət etdiyini görürük. Rəssam bu dəfə “Leyli və Məcnun” əsərini təqdim edib.

Bizə görə bu əsərlər çəkildiyi şərait və tarixi dövr baxımından qiymətləndirilməli, nizamişünaslıqda diqqətdən kənarda qalmamalıdır.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər