16 Mart 2019 22:01
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamını çox yüksək qiymətləndirirəm. Bu əfv sərəncamı həqiqətən də son dövrlərdə imzalanmış ən əhatəli sərəncam olmaqla cəmiyyətdə daha çox müsbət hisslər doğurdu, daha müsbət duyğular yaratdı. Buna görə Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupu adından cənab Prezidentə təşəkkürümüzü bildiririk.

Bunu Teleqraf.com-a açıqlamasında Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri, hüquq müdafiəçisi Səadət Bənənyarlı deyib.

O qeyd edib ki, Prezident yanında Əfv Komissiyasının iclaslarının keçirildiyi dövrdə komissiyanın üzvləri ilə mütəmadi görüşlər keçiriblər:

“Əfv Komissiyasının üzvləri – Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərovla, daxili işlər naziri Ramil Usubovla, həmçinin komissiyanın üzvü olmayan AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü və qurumun vitse-prezidenti Azay Quliyevlə görüşlərimiz oldu. Biz onlara Monitorinq Qrupu adından siyahı təqdim etmişdik. O siyahıda hər bir məhkum haqqında geniş məlumatlar əks olunmuşdu. Bu insanların tezliklə azadlığa çıxması üçün xahişlərimizi çatdırdıq. Onlar da sağ olsunlar, cənab Prezident də çox sağ olsun ki, bizim siyahımıza böyük önəm verdi. Siyahımıza daxil olan məhkumların 90 faizi bu gün əfv sərəncamı ilə azad olundular”.

Qeyd edək ki, Monitorinq Qrupunda hüquq müdafiəçiləri Səidə Qocamanlı, Novella Cəfəroğlu, Çingiz Qənizadə, Arzu Abdullayeva və Səadət Bənənyarlı təmsil olunur.


Müəllif: Səxavət

Oxşar xəbərlər