Teleqraf.com Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə müsahibəni təqdim edir:
- Novella xanım, Azərbaycan Prezidenti İlham Əliyevin martın 16-da imzaladığı əfv sərəncamını necə qiymətləndirirsiniz?
- Mən azadlığa çıxan bütün insanları təbrik edirəm. Eyni zamanda prezidentə təşəkkürümü bildirirəm. Prezident həm biz hüquq müdafiəçilərini, həm də çoxlu sayda məhbus ailələrini sevindirdi. Doğurdan da bu çox müsbət addım idi. Biz görürük ki, son üç ayda prezidentin atdığı addımlar Azərbaycanı irəliyə aparır.
İkincisi, beynəlxalq təşkilatların əksəriyyəti ilə əlaqə saxlamışıq və onların reaksiyaları çox yaxşıdır. Prezidentin son əfv sərəncamından çox razıyam. Ümid edirəm ki, əfv sərəncamları yenə olacaq və həbsdə olan jurnalistlər də azad ediləcək.
- Siz, əfvin əhatə dairəsinin bu qədər geniş olacağını gözləyirdinizmi?
- Bəli, gözləyirdim. Çünki əfvdən əvvəl biz hüquq müdafiəçisi olaraq ciddi işləmişdik. Məsələn, deputat Qüdrət Həsənquliyevlə görüşdük, sonradan Qüdrət bəy bu məsələni parlamentdə qaldırdı. Həmçinin Azay Quliyevlə bir neçə dəfə görüşdük. Daxili işlər naziri, Əfv Komissiyasının üzvü Ramil Usubovla görüşüb müzakirələr apardıq. Həmçinin Əfv Komissiyasının üzvü Əliməmməd Nuruyevlə müzakirələrimiz olub. Sonda da Əfv Komissiyasının üzvü Fuad Ələsgərovla görüşdük. Yəni mütəmadi fəaliyyətimiz olub. Bu mənada gözləyirdik, ümid edirdik ki, addım olacaq. Amma şübhəsiz ki, son qərarı prezident verirdi və hər şey prezidentdən asılı idi. Prezident də çox sağ olsun ki, bizim ümidimizi qırmadı.
- Sizin siyahınızda neçə məhbusun adı var idi və onların neçəsi azadlığa buraxılıb?
- Bizim siyahımızda 55 nəfərin adı var idi və onların hamısı azadlığa buraxılıb. Hətta siyasətlə məşğul olmayan 12 məhbus da azadlığa buraxılıb. Hansı ki, onlar bizə müraciət etmişdilər, biz də onların adını təqdim etmişdik.
Əlavə edim ki, biz hüquq müdafiəçisi olaraq çoxlu məhbusun cəzasının üçdə ikisini çəkməklə azadlığa çıxmasına nail olmuşuq. Bizim işimiz çoxdur, ancaq onun reklamını aparmırıq, sadəcə, işimizlə məşğuluq. Səadət Bənəniyarlı həbsxanalara gedib, üçdə iki ilə çoxlu sayda məhbusların azadlığa çıxmasına nail olub. Söhbət təkcə Səadət xanımın fəaliyyətindən getmir. İnsan haqları üzrə işçi qrupunun üzvləri Sahib Məmmdov, Əliməmməd Nuriyev, Eldar Zeynalov və digər hüquq müdafiəçiləri çoxlu sayda insanların cəzasının bir hissəsini çəkdikdən sonra azadlığa çıxmasına səbəb olublar. Biz bunu şişirtmirik, amma bu işləri də həyata keçiririk.
- Deməli, daha sizin siyahınızda heç kim yoxdur...
- Bəzi adlar var. Əfqan Muxtarlı, Seymur Həzi, Səid Dadaşbəyli, Orxan və başqa bir neçə nəfərin adı var. Biz gözləyirik ki, onların azadlığa buraxılması baş versin. Həm də bəzi şəxslərin məhkəməsi ya davam edir, ya da yeni qurtarıb. Ümid edirəm ki, bu şəxslər may ayına qədər azad ediləcək.
- Əfvdən sonra xarici reaksiyalar necə olacaq?
- Biz əfvdən dərhal sonra beynəlxalq qurumlara bu haqda müvafiq informasiya vermişik, atılan böyük addım barədə onlar da məlumatlıdır. Hesab edirəm ki, Azərbaycana münasibət dəyişilməlidir. Məsələn, bu gün ABŞ Dövlət Departamentinin hesabatı olub. Məncə, Departament bu son addımları gözləməli idi. Hesab edirəm ki, bütün beynəlxalq təşkilatlar bu addımı dəstəkləyir. Çünki çoxu ilə danışmışıq və hamısı da razı qalıb.
Qeyd edim ki, biz əfv sərəncamından əvvəl xarici təşkilatlarda çoxlu sayda görüşlər keçirmişik. Onlar bu məsələlərlə maraqlanırdılar. Biz də müvafiq cavablar vermişdik, qeyd etmişdik ki, ümidlərimiz çoxdur. İndi özləri zəng edib bu addımı təqdirəlayiq hal hesab edir və dəstəklədiklərini bildirirlər.
- Bundan sonra fəaliyyətiniz hansı istiqamətdə davam edəcək?
- Əslində mən istəyirəm ki, bizim fəaliyyətimiz davam etməsin. İnanın ki, səmimi deyirəm. Çünki biz hüquq müdafiəçisi olaraq çox ağır məsuliyyətli işlə məşğul oluruq. Şəxsən mən bu günə qədər heç kəsdən təşəkkür istəməmişəm, Allahın mükafatı daha vacibdir. Təsəvvür edin ki, bu illərdə həbsdən azadlığa çıxmasına nail olduğumuz insanların bizi hədəfə alması halları da olub. Amma buna normal yanaşıram. Arzum budur ki, problemlər bitsin, Azərbaycanda bir daha bu məsələyə qayıdılmasın və biz hamımız oturub birgə Qarabağ probleminin həlli haqqında düşünək.
- Yeri gəlmişkən, 55 nəfərlik siyahınızda adı olan hər kəs azadlığa çıxıb. Heç sizə zəng açıb təşəkkürünü bildirən olubmu?
- Sözsüz ki, olub. Sağ ol deyəni də, zəng etməyəni də, bizi sıxışdıranı da olub. Təsəvvür edin ki, elə adam olub ki, əfvdən sonra prezidentə təşəkkür etdiyimizə görə bizi tənqid edib. Ancaq biz hüquq müdafiəsi ilə məşğuluq. Kim bizə əl uzadırsa, kim bizim əlimizdən tutursa, ona təşəkkür edirik və bundan sonra da edəcəyik. Biz millət olaraq təşəkkür etməyi bacarmırıq. Məncə, bizə belə bacarıq lazımdır. Biz bir millət olaraq irəli getməliyik.