24 Mart 2019 10:35
2 385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhməd Cavad və Ümmügülsüm haqqında

Ötən il mühacir şair Almas İldırıma aid kitablarında yer almayan, tədqiqatçıların diqqətindən qaçan bir neçə yeni şeirini əldə edib mətbuatda dərc etmişdik. Daha sonra bu şeirləri “Bir ildən yüz ilə” adlı kitabımıza daxil etdik, mühacir şairimizin yeni əsərlərinin izinə düşdük. Xoşbəxtlikdən aradan ötən bu müddətdə Almas İldırımın ədəbiyyata daxil olmayan bir neçə yeni şeirini də tapdıq. Amma ən önəmlisi mühacir şairə aid iki məqaləni əldə etməyimiz oldu.

Almas İldırım 1947-ci ildə Elazığda çap etdiyi “Azərbaycan maniləri” kitabının ilk nəşrinin arxasında iki kitabının çap olunacağının elanını verib. “Kafdağına türkülər” adlı kitabın müəllifinin Almas İldırım olacağı qeyd edilib. İldırımın bu adda şeiri məlumdur, görünür, şair Türkiyədə “Boğulmayan bir səs” (1936) kitabından sonra çap edəcəyi ikinci şeir kitabına bu adı düşünüb. Lakin araşdırmamız nəticəsində belə bir kitaba rast gəlmədik.

“Azərbaycan maniləri” kitabında elanı olan digər kitab “Azərbaycanın bəxtsiz şairləri” adlanır. Bu kitabın müəllifi qeyd edilməsə də, irəlidə görəcəyik ki, bu kitab da Almas İldırıma məxsus olacaqmış.

Almas İldırımın manilər kitabı qısa zamanda uğur qazandığına görədir ki, elə həmin il Elazığda genişləndirilmiş ikinci nəşri “Bayatılar” adı ilə çap edilib. İkinci nəşrin arxasında yenə “Kafdağına türkülər” kitabının nəşrdə olduğu yazılsa da, belə bir kitabın varlığından hələ ki məlumat yoxdur. İkinci nəşrdə daha bir kitabın da elanı verilib: “Göygöl – Axundzadə Cavadın şeirləri”. Görünür, Almas İldırım məfkurə yoldaşı Əhməd Cavadın Türkiyədə tanıdılması üçün onun şeir kitabını çap etməyi düşünüb. Təəssüf ki, belə bir kitaba da rast gəlmədik.

Bəs bu kitablar niyə çap edilməyib?

Bizə görə, bu, Almas İldırımın II Dünya müharibəsindən sonra yaşadığı acınacaqlı həyatı ilə bağlıdır. Çünki onun müəllim yoldaşı Ramiz Arda şairlə bağlı xatirələrində bu maraqlı məlumatı qeyd edib: “Almanlar geri çəkildikcə Almas İldırımın ağzını bıçaq açmaz olmuşdu. Özünü içki ilə ovutmağa çalışdı. Hər gün biraz daha əriyir, çökürdü. Nəhayət, o kiçicik cüssə bu qədər böyük xəyal qırıqlığına dayana bilmədi, düşdüyü yataqdan qalxmadan Tanrısına qovuşdu”.

Görünür, müharibədən sonra Almas İldırımın Azərbaycan bayatılarını toplaması da bir tərəfdən ədəbiyyatımızın yaşadılmasıdırsa, digər tərəfdən düşdüyü əhval-ruhiyyə ilə bağlı olub.

Amma araşdırmamız nəticəsində Almas İldırımın çap edəcəyi “Azərbaycanın bəxtsiz şairləri” kitabından iki məqaləni əldə edə bildik.

Bu məqalələrin indiyədək Azərbaycanda çap edilib-edilməməsini bilmirik. Amma Almas İldırımla bağlı yazılan kitablarda, aparılan tədqiqatlarda bu fakta rast gəlmədik. Bu baxımdan Almas İldırımın bəxtsiz şair hesab etdiyi iki dəyərli şairimiz – Əhməd Cavad və Ümmügülsüm haqqındakı yazılarını ilk dəfə olaraq təqdim edirik. Qeyd edək ki, bu yazılar Türkiyədə “Özləyiş” adlı jurnalda çap edilib.

Almas İldırımın bu məqalələri Türkiyədəki millətçi dərgidə çap etməsinin bir səbəbi də həmin dönəmdə Azərbaycan mühacirlərinə aid nəşrlərin olmamasıdır. Çünki 1947-ci ildə Rəsulzadə Avropadan Türkiyəyə yeni qayıdırdı, digər mühacirlərin də jurnal çap edəcək gücü yox idi. Ona görə də Almas İldırım, Məhəmmədsadıq Aran kimi şairlər, siyasətçilər daha çox Türkiyədəki millətçi dərgilərlə əməkdaşlıq edirdilər.

Almas İldırımın Əhməd Cavad haqqındakı yazısı “Azərbaycanlı türkçü şairlər” başlığı altında verilib. Məqaləni təqdim edirik:

***

Şair Axundzadə Cavad​

Azərbaycanın Namiq Kamalı olan mərhumun qəlbi iman və ümidlə dolu idi. Qırmızı inkivizisiya digər millətçilər kimi onu da söndürdü. Fəqət... Sönmüş sanılan bu kül yığınındakı bir qığılcım qoca bir vulkan yarada bilər!

O, talesiz Azərbaycanın işğalçılar tərəfindən məhv edilmiş bir Namiq Kamalıdır. Cavadın şeirlərini oxumayan, əzbərləməyən bir azəri aydınına az təsadüf edilir. Qırmızı inkivizisiyanın dəhşət və vəhşəti içində Cavad şeirlərini şirin bir simvol pərdəsinə bürüyərək gizli-gizli tərənnüm etdi, çoxu da əldən-ələ dolaşaraq yurdun içində, hətta hüdudları aşaraq mühacir azərilərə qədər çatdı. Şeirlərində tək bir xitab vardır: Yurd gözəli... Yəni Azərbaycanın ilahi bir şəkildə canlandırılmış timsalı... Bütün oxucuları bilir ki, Cavadın sevdiyi bir qadın yoxdur (görünür, Almas İldırım Şükriyyə xanımdan xəbərsiz olub – D.Ə), bəs şeirlərində həsrətini, hicranını, eşqini tərənnüm etdiyi bu gözəl kimdir? Budur, bu sevgili yuxarıdakı sətirlərdə adı çəkilən sevgilidir. O sevgili ki bəzən Göygöl, bəzən Kür, bəzən gəlin, bəzən unudulmuş qadın şəklində şeirlərində təzahür edir. Hətta gözəl bir qadın olan Leylaya yazdığı bir şeirində də həqiqətdə Qarabağın Leylasına xitab edilmişdir. Yurdun Leylaları üzüntü və ələm içində çırpınırkən Cavad şeirlərində nə yaza bilər?...

Az yazar, öz yazardı. Son zamanlarında ona nə üçün yazmırsan deyənlərə qarşı dodaqlarından içli bir şikayət axmışdı:

Nə yazayım

Nə yazım, ayrılıq nədir bilməzsən,

Nələr çəkdiyimi çəkənlər bilər.

Nə deyim, dərdimə varmı bir ölçü,

Səssiz göz yaşını tökənlər bilər!

Sənsiz nədir Günəş, nədir qaranlıq?

Nədir günahımız biz ayrı qaldıq?

İşıqsız bir dünya yaşarmı artıq?

Gözünə qaranlıq çökənlər bilər!...

Misralarından axan göz yaşı, ələm, hicran ağılarına, ümidsizliyə rəğmən Cavadın qəlbi iman və ümidlə dolu idi. Bir gün əməllərinin həyata keçəcəyinə iman etmişdi. Etmişdi deyirik, çünki Cavadın aqibəti məchuldur. Biz yaşamır, yaşatmadılar deyirik. O da digər millətçilər, vətənpərvərlər kimi məchula qarışıb. Qırmızı inkivizisiyanın ağır silindiri sümükləri üstündən keçmişdir bəlkə də.

Fəqət nə olur-olsun Cavadın qəlbində ümidlə iman birləşdikdən, “Bir günlər” kimi canlı şeirlərin misralarında yaşadıqdan sonra Cavadın fani vücudunun bir qiyməti yoxdur. “Bir gün”ü dinləyək:

Hicranlar, ələmlər, tufanlar içrə

Qısıq bir səs kimi öləcəyəm bən!

Böylə göz yaşıyla keçən ömrümün

Sonunda bir acı güləcəyəm bən!

Eşqimin nə imiş bilməm günahı?

Yıxıldı qəlbimin istinadgahı.

Nəsibim olsa da, dünyanın ahı,

Bir gün göz yaşımı siləcəyəm bən!

Yaxında didarın nəsib olmasa,

Ümidsizlik bəni düşürsə yasa!

Alaraq əlimə dəmirdən əsa

Bir gün hüzuruna gələcəyəm bən!...

Yurd eşqi, yurd sevgisi xalq ədəbiyyatının axıcı lirizmi ilə birləşdikdən sonra misralarında canlanan ümid və iman belə də olmalıdır. Fəqət qırmızı imperialistlər tufana tutulmuş bir şairin

Tutuldum tufana, sarıldım sana,

Sən ey qırıq qələm, gəl bir tüğyana!

Dözmək güc olarsa böylə hicrana,

Səninlə dərdimi böləcəyəm bən!..

deməsini də xoş qarşılamayaraq qələmini əlindən alıb özünü sulu zirzəmilərə atmışlar. Şair indi nə etsin? Dərdini tökəcək bir kağızdan belə məhrumdur. Həə... həbsxananın divarları var axı... oraya bu dörd misranı nəqş edib:

Hanı yaz mövsümü, gülüm, çiçəyim,

Tez düşdü yurduma xəzan, ay ellər.

Mən yaza bilmədim, qolları bağlı

Yoxmu bir dərdimi yazan, ay ellər...

Fəqət zavallı şair bilmədi ki, ürəkdən gələn şeirlərdəki dərdi yazacaq gənclər yetişdirdi. Uğrunda varlığından keçən azəri gözəlini, Cavadın gözəlini, daha doğrusu, Qafqazın bənzərsiz gözəlini bütün ehtişamı ilə, yenə eyni həyəcanla eyni qüvvətlə şeirlərində canlandıra biləcək, yenə özü kimi talesiz neçə-neçə şairləri tələbə olaraq arxasında buraxdı. Bunlar da Cavadı öyrəndilər. Demək ki, Azərbaycanın dəyərli övladı olan şair Cavad ölmədi. Onun ölməsi üçün bir millətin yox olması lazım gəlirdi. Azəri türkü.. Türklük.. fəqət bu asan işdirmi?

Görünür ki, kütləvi qətliamlar, kütləvi sürgünlər, şiddət, dəhşət, atəş və qan bu işə kafi gəlmir... Sönmüş sanılan bir kül yığınındakı qığılcım qoca bir vulkan yarada bilir. Bunu bilməyənlər tariximizi ya oxumadılar, ya da oxuyub anlamadılar.

“Özleyiş” dərgisi, sayı 4, 1947

***
Şair Ümmügülsüm xanım

Bədbəxt Azərbaycanın yetişdirdiyi son əsr şairləri arasında ötən sayda bəhs etdiyimiz Axundzadə Cavad kimi şeirləri əldən-ələ, dildən-dilə keçərək dolaşan içli və vətənpərvər şairlərdən Ümmügülsüm xanıma azəri gəncliyi “yurdun ikinci Cavadı” adını veriblər. Şeirləri sifariş olmadığı üçün qırmızı mətbuatda nəşr edilməyib. Buna rəğmən idealist azəri gənclərinin dilindən ana yurdun (Türkiyə nəzərdə tutulur – D.Ə) mətbuatına qədər əks olunmuş şeirləri mövcuddur.

Bu talesiz azəri şairinin də həyatı digərləri kimi məchullara qarışıb. Onsuz da yurdunun iztirablarını şeirlərində çəkinmədən çığıran hansı azəri şairinin həyatı belə keçməyib ki.

Çar zamanında yazdığı iki misra üçün, bəli bu iki misra:

Zülm evi bərbad olur, gər kəbatullah olsa da

Qan içən şəxsin içərlər qanın Allah olsa da...

deyə çığıran zavallı Əlabbas Müznib də tutularaq o diyarın buzlu cəhənnəmi olan Sibirə sürgün edilmədimi?

Buna görə də Ümmügülsümün söylədiyi

Bağlandımı üzümə Türk elinin qapısı

misrası onun məchullara qarışmasına səbəb olmağa kafi idi.

Bir çox azəri qadın şairlərinin ürəkdən yazdıqları qoşmalar içində Ümmügülsümün təkcə vətəninin halını canlandıran qoşmaları tamamilə ayrı bir cəbhədən tədqiqə dəyər mahiyyətdədir.

Yurdunun dağlarına xitabən yazdığı bir şeirindən götürdüyümüz bu 4 misra onun qüdrətli bir şair olduğunu göstərməyə kafidir:

Yenə də qəlbimə axşam kölgəsi,

Hicran qayğıları tökdü, a dağlar,

Yenə çeşmələrin gözündən axan

Yaşlar ürəyimi sökdü, a dağlar...

İstiqlalını verdiyi çoxlu qurbanlar bahasına alan yurdun bayrağını, şimalın qanlı və qudurmuş rüzgarı endirincə yurdun şairi əllərini çarpazlayıb baxacaqdımı? Bir may sabahı yuxudan qalxınca hər tərəfi qırmızı qan görən şair dərhal qələminə sarılmışdı:

Sən, bayrağım, o yüksək şanlarınla enərkən,

Mavi göyə bir duman gəldiyini sezdim bən.

Qoynundakı ağ nurlu ay-ulduzun sönərkən,

Üzümə doğacaq o günəşlərdən bezdim bən.

Al-yaşıllı bağında çiçəklərin solarkən,

Ürəyimdən pək acı bir inilti yüksəldi.

Hıçqırıqlar içində bayılırkən, düşərkən,

Məni tutub qaldıran xain, murdar bir əldi.

Yazıq, səni bayrağım, endirdilər öyləmi?

Səni yıxıb devirən o zəhərli ruzigar,

O “Haqq” deyən haqsızlar, vəhşilər, tanrısızlar,

Yanar ocağımı da söndürdülər, öyləmi?

Bir röyamı oldu o gördüklərim həpisi?

Bağlandımı üzümə Türk elinin qapısı?

Çırpınan şairin çəkdiyi bu mənəvi iztirablar kafi gəlməmiş kimi bir də sevgili həyat yoldaşını, bəli Azərbaycanın digər dəyərli bir ədibini (Seyid Hüseyni – D.Ə) tutub zindana atınca bu dəfə zavallı Ümmügülsüm öz pərişan halının üzüntüsünü qələmiylə paylaşmağa çalışmışdır. Ötən il ancaq bir dil mövzusuna görə “Ulus” qəzetində dərc olunan bu şeirinin necə acı bir xatiratın əks-sədası olduğunu ancaq şairin başına gələnləri bilənlər anlaya bilər. İçli və bir fəlakətin tərcümanı olan bu şeiri təkrar nəql edirik:

Bir solğun çiçəyəm, bir sarı yarpaq

Candan şikayətkar, canandan iraq,

Çıxdım ki, yollardan alayım soraq,

Xəbər verən yoxdur, sorma dedilər!

Ayrılınca hilal qaşlı yarımdan,

Mən yaslara batdım, geymədim əlvan,

Düşünüb o ulduz gözləri hər an,

Ardınca qaçarkən, varma dedilər!

Mənim göylərimdən günəş çəkildi,

Parlaq həyatıma zülmət töküldü:

Vərəmli qəlbimə oxlar tikildi,

Qoy axsın qanları, sarma dedilər!

Günəşim bir daha doğmayacaqmı?

Vəhşi qaranlığı boğmayacaqmı?

Kölgələri şəfəq qovmayacaqmı?

Sordum, ümidini qırma dedilər!

Ah... Sevgili şair... Haqq dedikləri o nəsnə o qədər məchullaşdı ki, təcəllisi bir günəşin doğmasına deyil, mehvərini dəyişib tərsinə dönən bu dünyanın özündə daha yıxıcı bir ulduza çarparaq paramparça olduqdan sonra yenidən bir dünya yaratmasına bağlı qaldı. Artıq boş ümidlərin yaşadığı bir aləmdə yuvarlanırıq.

“Özləyiş” dərgisi, sayı 6, 1947


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər