Bakı Dövlət Universitetinin yeni rektoru Elçin Babayev ad gününü tələbə yataqxanasında tələbələrlə birgə qeyd edib.
Teleqraf.com xəbər verir ki, bu barədə tələbələr sosial şəbəkədə məlumat yayıb.
Rektorun tələbələrin yataqxanadakı şəraiti ilə yaxından tanış olduğu bildirilir:
“Axşamüstü saat 7-8 olardı. Dedilər, rektor otaqlara baxır, şəraitlə tanış olur. Koridora çıxdıq, ayaqüstü söhbətdən sonra zala yığışdıq. Suallar üçün tam şərait yaratdı, problemlərimizi dinlədi. Gəmirici, ağcaqanad, istilik, internet xətti, pəncərə toru, ödəniş, ürəyimizi boşaltdıq. Qeydlər apardı.
Axır ki, yolu yataqxana otaqlarından düşən, problemimizlə yerindəcə maraqlanan rektorumuz da oldu. Rektor özüylə şirniyyat gətirmişdi. Sonra öyrəndik ki, ad günüymüş. Rektorun ad gününü bizimlə keçirməsi ikiqat sevinc oldu. Təbrik edirik sizi Elçin müəllim və problemlərimizin həllinə kömək göstərəcəyinizə inanırıq”, - deyə tələbələr qeyd edib.
Xatırladaq ki, martın 11-də Prezident İlham Əliyevin sərəncamı ilə BDU-ya rektor təyin edilən Elçin Babayev bundan öncə universitetin bufetində ad gününü qeyd edən tələbəyə jesti - şokolad hədiyyə edərək, onun alnından öpməsi gündəm yaratmışdı.