3 Sentyabr 2014 10:44
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Texnologiyalarının şagird sağlamlığına az zərəri üçün tədbirlər görülür

Təhsil Nazirliyinin təşkilatçılığı ilə 132-134 nömrəli təhsil kompleksində “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində 106 məktəbin direktoru üçün seminar keçirilib.

Təhsil Nazirliyindən Teleqraf.com-a verilən xəbərə görə, seminarda Təhsil Nazirliyinin sektor müdiri Rüfət Əliyev, Milli Təhsil Texnologiyaları Mərkəzinin rəhbəri Şahin İsmayılov və layihənin sınaqdan keçirildiyi müddətdə konsaltinq xidməti göstərən Rusiya Yaradıcı Pedaqogika Akademiyasının həqiqi üzvü, “Uşaqların Sağlamlığı Naminə Rusiya İttifaqı” ictimai hərəkatının rəhbəri akademik Vladimir Filipoviç Bazarnıy “Sağlam təhsil sinifi” layihəsinin təqdimatını keçiriblər.

Qeyd edək ki, “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində hazırlanan “Sağlam təhsil-sağlam millət” layihəsi ötən ildən həyata keçirilməyə başlanılıb. Layihə çərçivəsində müxtəlif məktəblərdə ayrı-ayrı yaş qrupları üzrə 10 000 şagird arasında davamlı tibbi-gigiyenik gender, psixoloji-pedoqoji monitorinqlərin keçirilməsi və mərhələlər üzrə hesabatların hazırlanması nəzərdə tutulur. Ekspertlər ötən müddət ərzində 2500 şagird arasında monitorinqi başa çatdıraraq ilkin məlumatları təqdim ediblər.

Araşdırmalar əsasında Təhsil Nazirliyi “Sağlam təhsil” vasitələri üzrə normativ sənədlər hazırlayır. Bu vasitələrə aid olan binalar, mebellər, sinif tərtibatı, avadanlıq, ləvazimatlar və dərsliklər Milli Təhsil Texnologiya Mərkəzinin nəzdində yaradılmış tibbi-gigiyenik, gender və psixoloji-pedaqoji ekspertiza qrupu tərəfindən öyrəniləcək və tədricən tələblərə uyğun təkmilləşdiriləcək. Beləliklə, təhsil texnologiyalarının şagirdlərin sağlamlığına mümkün qədər az zərər vurmasına nail olunacaq.

Layihə çərçivəsində artıq ölkəmizin məktəblərində 12 “Sağlam Təhsil” sinifi yaradılıb və onlar yeni dərs ilindən fəaliyyətə başlayacaq. Şagirdlər arasında monitorinq işləri davam etdikcə “Sağlam Təhsil” siniflərinin sayı artırılacaq.

Yaxın zamanda “Sağlam Təhsil” məktəblərinin layihələrinin hazırlanması da nəzərdə tutulur. Layihələr hazır olduqdan sonra yeni məktəblər “Sağlam Təhsil”in tələblərinə uyğun tikiləcək.

SEVİL


Müəllif:

Oxşar xəbərlər