"Prezident İlham Əliyevin ötən ilin dekabr ayında imzaladığı sərəncamla Binəqədi rayonunda abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən Ayna Sultanova adına parkda yenidənqurma işlərinin aparılması məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Binəqədi Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat vəsait ayrılıb. Parkda görülən abadlıq quruculuq işləri uğurla həyata keçirilir. Yay aylarına qədər həmin parkın istifadəyə verilməsi gözlənilir”.
Teleqraf.com xəbər verir ki, bu barədə Binəqədi Rayon İcra Hakimiyyətindən “Report”un sorğusuna cavab olaraq bildirilib.
“Yaşıllaşdırma Təsərrüfatı Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılaraq ərazidə olan ağaclar budanıb, parkda başqa dekorativ ağaclar da əkiləcək. Sözügedən tikili hər hansı obyekt yox, sakinlərin asudə vaxtının təşkili üçün yer olaraq nəzərdə tutulub” - deyə məlumatda qeyd olunub.