Xəbər verdiyimiz kimi, dünən paytaxtın Binəqədi rayonunun Sulutəpə qəsəbəsində 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu itin hücumuna məruz qalıb.
Publika.az xəbər verir ki, uşaq Bakıda 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə edilir. Cərrah Məhəbbət Cəfərov uşağın hazırkı vəziyyəti ilə bağlı açıqlama verib. O bildirib ki, uşağın durumu normaldır:
“Lazım olan bütün tibbi yardımlar göstərilib, bütün zərdabları vurulub, müalicəsi davam edir. Uşağın səhhəti hazırda normaldır. Bir az əvvəl Səhiyyə Nazirliyindən də gəlmişdilər, göz həkimi də müayinə edib. Uşaq infeksionisti də dəvət etmişdik, o da qeydiyyat aparıb.
Lakin küçə itlərinin yığışdırılması barədə müəyyən aidiyyəti orqanlar qərar verməlidir. Onlara məlumat vermək lazımdır ki, küçə itlərini yığışdırsınlar. Camaatın uşağı yazıqdır, 4 yaşlı uşaq öz həyətində oynadığı yerdə küçə iti daxil olub və onu tutub. Quduz olduğu üçün it özü ölüb. Uşağın anası hadisə baş verən kimi xəbər tutub, övladını itin ağzından özü alıb.
Uşağın yanağında qopmuş defektli yara var idi, onu işləmişik. Yaralar qorxulu deyil. Əsas qorxu quduzluq infeksiyasının keçməsi ilə bağlıdır. Əgər uşağa keçsə, çətin olacaq. Hələ ki, uşaqda quduzluğun heç bir əlaməti yoxdur, psixoloji vəziyyəti normaldır, quduzluqda səsdən və işıqdan qorxma halları baş verir, uşaq hələ ki, heç nədən qorxmur. Buna baxmayaraq, demək olmaz ki, uşaqda quduzluq yoxdur. Çünki infeksionist bildirdi ki, quduzluğun əlamətləri 40-60 gündən sonra bilinir".