24 Aprel 2019 21:42
2 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Azərbaycan və Türkiyə tarixində önəmli rol oynamış Əhməd bəy Ağaoğlunun doğumunun 150-ci ildönümüdür. Teleqraf.com Əhməd bəyin oğlu Səməd Ağaoğlu haqqında məqaləni təqdim edir:

***

Əhməd bəy Ağaoğlunun oğlu Səməd Ağaoğlu 1909-cu il aprelin 23-də Bakıda doğulub, bir neçə aylıq körpə ikən Türkiyəyə köçüb. Doqquz yaşına qədər atasının İstanbulun Molla Gürani səmtindəki evində yaşayıb. 1918-ci ildə baş verən yanğından sonra ailəsi Saraçhanedə bir evə köçüblər. İlk təhsilini İstanbulda, Fevziyyə məktəbində alıb, sonra ailənin Ankaraya köçməsi (Keçiörən məhəlləsi) nəticəsində Ankara liseyində oxuyub. S.Ağaoğlu 1921-1931-ci illər arasında Keçiörəndə yaşayıb.

1927-ci ildə Ankara liseyindən məzun olan S.Ağaoğlu atasının təkidi ilə Ankara Universitetinin hüquq fakültəsinə qəbul olub. Burada ona dərs deyənlər arasında Əhməd bəyin özü də olub. Səməd bəy xatirələrində atasının ondan imtahan götürməsi ilə bağlı yazıb: “… Qarşısında ilk imtahan verdiyim gün salon atanın oğlunu imtahan etməsini görmək üçün gələn tələbələrlə dolmuşdu. Bir çox sual soruşdu. Cavab verərkən Başkomandanlıq Qanunu mövzusuna görə Sakarya müharibəsindən bəhs etməyim lazım gəldi. Müharibənin hansı gün baş verdiyini soruşdu. Tərəddüd edərək söylədim. Bir neçə saniyəlik duruxmağım onu qəzəbləndirdi və bağırdı: Bu tarixi bilməyən, hətta oğlum da olsa, nəzərimdə məmləkətə bağlı olmayan adamdır. O gecə evdə anama “oğlun, əla qiymət aldı, amma xeyli azarladım, tərlətdim” dedi. Dərsə girəndə əvvəlcə mənə baxar, sinifdə olub-olmadığımı yoxlayardı.

Hüquq fakultəsində oxusa da, ədəbiyyata marağı daha güclü olub, universitetin birinci kursunda ikən tələbə yoldaşları ilə birlikdə “Hep Gençlik” adlı dərgi nəşr ediblər. Behcet Kamal Çağlar, Əhməd Mühip Dranas və Hifzi Oğuz Bekata ilə birlikdə 1929-cu ildə “Gənc türk ədəbiyyatı birliyi” adlı cəmiyyət qurublar, Mehmed Əmin Yurdaqul bu təşkilatın fəxri sədri olub.

1930-cu ildə Ankara Hüquq Fakultəsindən məzun olan S.Ağaoğlu təhsilini davam etdirmək üçün Fransanın Strasburq şəhərinə gedib. Burada iki il təhsil aldıqdan sonra yay tətilində Türkiyəyə qayıdıb. Diplom almaq üçün elmi işini təqdim etmək məqsədilə yenidən Strasburqa dönmək istəyərkən Ədliyyə Nazirliyinə müraciət edir, nazir Yusuf Kemal Tengirşenk onun müraciətini müsbət qarşılayır. Lakin Türkiyədə həmin vaxt hökumət dəyişikliyi olur, yeni Ədliyyə naziri Rüştü Saraçoğlu onun yenidən imtahan verməsini istəyir. Halbuki, bu imtahanı daha öncə verən Səməd bəy buna etiraz etdiyi təqdirdə bu cavabı alır: “Cibində vaxtilə rus pasportu daşımış bir adamın oğlunu mən Avropaya göndərmərəm”.

Hadisəni öyrənən Əhməd bəy nazirə belə bir məktub yazır: “Bundan illər öncə İttihad və Tərəqqi müfəttişi olaraq İzmirdə bir məktəbi təftiş etdiyim zaman gənc bir müəllim mənimlə görüşərək Avropada təhsil almaq istədiyini söylədi. İstanbula qayıtdığım vaxt mən bu dəliqanlıya istədiyi imkanı təmin etdim. Yola düşərkən əlimi öpən bu gəncə “Bərxudar ol” dedim. Bu gənc o qədər bərxudar oldu ki, iqtidara gələn kimi onu Avropaya göndərən adamın oğluna bu sözləri sərf etdi”.

Bu məktubdan sonra utanan nazir Səməd bəyin müraciətini dəyərləndirmək istəsə də, Səməd bəy qəbul etməmiş, eləcə də Strasburqda tanış olduğu Nəriman Babaoğlu ilə ailə quracağı üçün Fransaya yola düşmür.

S.Ağaoğlu Strasburqda diplom ala bilməsə də, “Strasburq xatirələri” adlı əsərini yazıb.

Səməd bəy 1931-ci ildə İzmirin yerli ailələrindən Mehmet Ali Münir Babaoğlunu qızı Nəriman xanımla evlənir və Ankaraya yerləşir. 1933-cü ildə anasının vəfatından sonra İstanbula atasının yanına gəlir, lakin bir il sonra yenidən Ankaraya qayıdır. Səməd bəyin Nəriman xanımla evliliyindən Həsən Tektaş, Mustafa Kamal adlı iki oğlu, Fatma Sitarə adlı qızı olub.

S.Ağaoğlu 1934-1946-cı illər arasında dövlət idarələrində müxtəlif vəzifələrdə çalışıb. 1946-cı ildə millət vəkilliyinə namizəd olub, amma qazana bilməyib. Amma yenidən dövlət işinə qayıtmayıb, sərbəst vəkil, partiya müfəttişi kimi çalışıb, mətbuatda yazılar yazıb. Bu illərdə “Türkiyədə kiçik sənət məsələləri” (1939), “Türkiyədə iş hüququ tarixi” (1939), “Türkiyənin iqtisadi təşkilatında iş odaları, ticarət odaları və ticarət borsaları” (1943), “Qüvveyi-milliyyə ruhu” (1944), “Türkiyədə suçlu cocuqlar” (1947), “İki partiya arasında siyasi fərqlər” (1947) kimi broşüra və ilk kitablarını çap edib.

“Zürriyyət”, “Böyük ailə”, “Qatırın ölümü”, “Müəllim Qafur” kimi hekayə kitabları da nəşr olunub.

İkinci Dünya müharibəsindən sonra Türkiyədə demokratikləşmə zərurəti yarandı. Təkpartiyalı sistemin Türkiyəni çağdaş dünyadan ayırdığı bəlli olduğu üçün yeni partiyanın yaradılması zərurəti daha da artdı. Nəticədə 7 yanvar 1946-cı ildə Demokrat Partiya (DP) təsis edildi, Cəlal Bayar sədri oldu. 14 may 1950-ci ildə keçirilən seçkilərdə DP 487 millət vəkili kürsüsündən 408-ni qazandı. 22 may 1950-ci ildə Adnan Menderesin başqanlığında yeni hökumət quruldu, Cəlal Bayar isə prezident oldu.

S.Ağaoğlu 1946-cı ilin iyul ayında Demokrat Partiyaya üzv olub. 1950-ci il seçkilərində Manisadan millət vəkili seçilsə də, ilk hökumətdə ona yer verilmir. Amma I və II Menderes hökumətlərində Menderesin köməkçisi olub. 1954-ci ildəki seçkilərində yenidən Manisa millət vəkili seçilir, III Menderes hökumətində İşlətmələr naziri, IV Menderes hökumətində Sənaye naziri olur. 1957 seçkilərində yenə Manisa millət vəkili olaraq məclisə girən Ağaoğlu, V və son Menderes hökumətində əvvəl Sənaye, sonra Dövlət naziri olaraq vəzifə alır. Sentyabr 1958-ci ildə hökumətdən ayrılır. 1960-cı il 27 May çevrilişinə qədər deputatlıq edir.

Hərbi çevriliş nəticəsində S.Ağaoğlu həbs edilir, ömürlük həbs cəzasına məruz qalır. Əvvəlcə Yassıadada, sonra isə Kayseridə həbsxanada qalır. Daha sonra bir neçə həbsxanaya köçürülən S.Ağaoğlu 1964-cü ildə verilən əfv fərmanı nəticəsində azad edilir. 1964-1980-ci illər arasında “Dünya” və “Meydan” qəzetlərində çalışır. 1966-cı ilin 13 avqustunda xanımı ilə birlikdə SSRİ-yə səfər edir. İki ay ərzində onlar SSRİ-nin bir çox yerlərində, eləcə də, Azərbaycanda olurlar. S.Ağaoğlu Bakıda və Şuşadakı qohumları ilə görüşür. 1967-ci ildə “Sovet Rusiya İmperatorluğu” adlı kitabı nəşr edilir.

Yenidən siyasi fəaliyyət hüququ əldə etdikdən sonra Ədalət Partiyasına daxil olur, 1973-cü il seçkilərində millət vəkilliyinə namizədliyi gündəmə gəlir, lakin Süleyman Dəmirəllə anlaşa bilmədiyi üçün partiyadan istefa verir və siyasi fəaliyyətə bir daha qayıtmır.

Hərbi çevrilişdən sonra S.Ağaoğlu yazdığı memuarlarla gündəmə gəlir. “Atamın dostları”, “Dostum Menderes”, “Mərmərədə bir ada”, “Tanış üzlər”, “Siyasi günlük”, “Həyat bir macəra – uşaqlıq və gənclik xatirələri” adlı memuarını çap etdirib.

Həyatının son illərini xatirələrini çap etmək, hekayələr yazmaqla keçirən S.Ağaoğlu uzun illər əziyyət çəkdiyi mədə xəstəliyindən 6 avqust 1982-ci ildə Cərrahpaşa xəstəxanasında vəfat edib. Sürəyya Ağaoğlu xatirələrində yazır ki, ölüm anında Səməd bəy Füzulinin “Məni candan usandırdı” qəzəlindən misralar oxuyub. Səməd bəy 8 avqust 1982-ci ildə Fəriköydəki ailə məzarlığında dəfn edilib.


Müəllif: Dilqəm Əhməd