Teleqraf.com-un “Brifinq” layihəsinin budəfəki qonağı Bakı Dövlət Universitetinin “Ərəb filologiyası” kafedrasının professoru, filologiya elmləri doktoru Aida Qasımovadır.
Qeyd edək ki, bundan sonra “Brifinq” yeni biçimdə – həm də video formatda oxucuların ixtiyarına veriləcək.
Qurban Yaquboğlu: Aida xanım, 2019-cu ilin “Nəsimi İli” elan edilməsinin aktuallığını ərəbşünas kimi necə əsaslandırardınız?
- Bu ilin “Nəsimi İli” elan olunması çox əhəmiyyətli hadisədir. Birincisi, bu, bir çox alimlərin diqqətini Nəsimi irsinə yönəltdi. Nəsimidən yazanların sayı artdı. “Nəsimi İli”nə qədər bu mövzuda çox az alim yazıb-yaradırdı. Bəlkə də Nəsimi poeziyası müasir oxucu üçün çətin anlaşıldığından, sanki şairin poetik irsi üzərində bir tabu var idi.
Mənə gəlincə, doktorluq dissertasiyamın bir fəsli Nəsimi şeirində Quran qissələrinin əksi ilə bağlıdır. Bundan əlavə, Nəsimi ilə bağlı 3-4 məqaləm çıxıb. Düzdür, konkret olaraq Nəsimini araşdırmamışam, amma bir layihəm var – Klassik Azərbaycan şeirində üz cizgilərinin vəsfi ilə bağlı Quran simvolizmi. Nəsimi poeziyası bu kontekstdə mənə maraqlı gəldi. Təxminən 20 il öncə Nəsimi şeirində xalın vəsfi ilə bağlı bir məqalə yazdım. Bu mənim doktorluqdan sonrakı proyektimin üz cizgiləri ilə bağlılığının ilk rüşeymi oldu.
“Nəsimi İli” elan ediləndən sonra Nəsimi və hürufiliklə bağlı bir sıra məsələlər meydana çıxdı və mən bu istiqamətdə ərəb mənbələrini araşdırmağa başladım. “Ərəb mənbələrində hürufilik və Nəsimi” proyektim həm də Məmluk tədqiqatları ilə bağlı Tokioda keçiriləcək bir konfransa dəvət almağımla bağlıdır.
Bu proyekt çərçivəsində Orta əsr ərəb mənbələrində Nəsimi və hürufilik barədə müxtəlif xəbərləri araşdırıram. Bu iş sona çatmaqdadır və yaxın zamanda işıq üzü görəcək.
Qurban Yaquboğlu: Maraqlıdır, üz cizgiləri ilə bağlı araşdırmanızla hürufiliyə gedib çıxdınız?
- Təbii, üz cizgilərinin vəsfi birbaşa hürufiliklə əlaqədardır. Mən öz tədqiqatlarımda Üz-Quran anlamının trayektoriyasını belə göstərirəm:
Üz-Tale. Bu qədim fizioqnomika (ilm əl-firasət) ilə bağlıdır. Quran-i Kərimdə dəfələrlə insanların üz əlamətlərinə görə tanınmasından söhbət gedir. Nəsimi şeirində rast gəlinən “simahum” ifadəsi bu məsələ ilə bağlı olub Qurandan iqtibasdır (Məhəmməd surəsi, 30, əl-Fəth surəsi, 29):
Həq təala elm içində çünki “simahum” dedi,
Hər kişinin bax yüzünə, surətindən bəllidir.
Dərvişin pirini sormaq dedilər adət degil,
Arifanə yek nəzər qıl, kisvətindən bəllidir.
Dedilər kim, müddəi sən necə fəhm edəsən,
Mən dedim ki, ağzı əgrisindən bəllidir.
Yazı-Tale. Burada söhbət insan talelərinin müqəddəs kitablarda, xüsusilə meta-kitabda –Lövh-i məhfuzda yazılmasından gedir
Üz-Yazı. Həm üzdə, həm də kitabda yazılan tale kitab və yazı anlamlarını bir araya gətirir. Burada artıq üz bir kitab, müqəddəs yazı olaraq diqqəti cəlb edir.
Azərbaycan klassik şeirinin qaynaqları cərgəsində hürufiliyin xüsusi yeri var və hürufiliyin əsas konsepsiyalarından biri də Üzün müqəddəs yazı olmasıdır. Məlum olduğu kimi, hürufilik sufizmin daxilində bir istiqamətdir. İlk baxışda belə təsir bağışlaya bilər ki, madam bu, sufizmdir, deməli, birbaşa ruhla bağlı məsələlər ön planda olmalıdır, çünki bu cərəyanlarda ruhun kamilləşməsi və paklaşması mühüm yer tutur. Amma həm sufizmdə və hürufilikdə, həm də şiəlikdə insan bədəninə xüsusi önəm verilir.
Son dövrdə qərb şərqşünaslığında mistik cərəyanlarda bədənin yeri ilə bağlı məsələlərə xüsusi önəm verlir və bir sıra əsərlər yazılıb. Bunlar arasında Şahzad Bəşirin tədqiqatı, Bruce Laurensin redaktəsi ilə nəşr olunan toplu, Seyyid Huseyn Nasrın yazıları diqqəti cəlb edir. Klassik müəlliflərdən Mahmud Şəbüstərinin, Şərəfəddin Raminin və Fəzlullah Astarabadinin üz cizgiləri ilə bağlı deyimləri maraq doğurur.
Mistik təlimlərdə kainatın dörd əsas hissəsi, yəni Allah-təala, İnsan, Kainatın özü və Müqəddəs yazı arasında sıx bağlılıq var. Bu təlimə görə, İnsan kiçik dünya olaraq sanki bir yandan kainatın, o biri tərəfdən Allah-təalanın məzhəri, təzahürüdür. Yəni Allah-təala insanlarda öz təcəllisini nümayiş etdirir və hürufilikdə bu, müqəddəs Kəlamın materiallaşmış forması olan hərflərlə həyata keçir. Bu baxımdan təbii ki, üz cizgilərinin hürufilikdə çox böyük əhəmiyyəti var. Hürufilikdə qaşlar, dörd cərgə kirpik, saçın ortadan ayrılması önəmlidir, amma qeyd edim ki, hərf simvolizmi, rəqəmlər bu təlimdə bir vasitədir, əsas məqsəd deyil.
Məqsəd insanın “oxunması”dır, hürufilikdə isə konkret olaraq Fəzlullah Astarabadinin Allahın məzhəri olmasının sübuta yetirilməsi və bunun arxasındakı bir sıra dini-siyasi ambisiyaların ifadəsidir. Bunun bir qolu da messianizmdir. Yəni hürufilik insanlara bir xilaskar ideyasını təlqin edir.
Qurban Yaquboğlu: Demək istəyirsiniz ki, hürufilik bəzi məqamlarda xristianlığa gedib çıxır?
- Bəli, messianizm xristianlıqda güclüdür. Digər tərəfdən şiəlik özü də bu məsələdə xristianlığa yaxındır. Xristianlıq bir xilaskar olaraq İsa əl-Məsihi, şiəlik isə Mehdi Sahib əz-Zamanı təqdim edir. Hürufilikdə Fəzlullah xilaskar kimi başa düşülür.
Qurban Yaquboğlu: Hürufilikdə üz cizgiləri məsələsinə toxundunuz. Ümumən klassik ədəbiyyatda qadının, gözəlin vəsfi xüsusi yer tutur. Bir məqalənizdə vurğulamısınız ki, orta əsrlər təsəvvüf ortamında Allah yeniyetmə oğlan şəklində təsəvvür olunur, hətta ona şeirlər yazılır. Söhbət şahid obrazından gedir...
- Orta əsrlərin irfani şeirində təsvir olunan gözəl kimdir? Gözəlin hansı tip və kateqoriyaları var? Bunun birincisi Mütləq Gözəl, yəni Uca Allahdır. İkinci sırada Kamil İnsan gəlir. Kamil insan öz varlığı ilə Allahın məzhəridir.
İbn Ərəbi fəlsəfəsinə görə, Allah-təala bütün varlıqlarda, amma daha çox kamil insanda təcəlli edib. Kamil insan bir obraz olaraq Gözəldir və bu ad altında Fəzlullah da, imamlar da, peyğəmbərlər də başa düşülə bilər. Biz Məhəmməd peyğəmbərin də bir Gözəl kimi təsvirini müşahidə edirik.
Qurban Yaquboğlu: Söhbət ilk baxışda zahiri gözəllikdən gedir?
- Təbii ki, peyğəmbərin zahiri gözəlliyi, yanağından gözəl ətir gəlməsi və sair poeziyada təsvir olunub. Zahiri desək də bu rəmzi mənaları olan bir gözəllikdir və bu gözəlliyi ancaq qəlblə duymaq olar. İlahi gözəlliyi hər adam duya bilməz. Hürufiliyin əsas mahiyyəti batinə varmaqdır. Hətta Quran ayələrinin şərhində batinə, arxetiplərə, ilkin varlığa baş vurmaq nəzərdə tutulur.
Hürufilik Quranı qəbul edib özünün müqəddəs kitabı saysa da, onun təvilinə xüsusi önəm verir. Təvil “əvvəl” sözündən olub varlığın başlanğıcına qayıtmaq, arxetiplərə varmaq anlamındadır. Bir Quran yazısı olan insan simasında da batini mənalar nəzərdə tutulur və bunun açıqlaması kimi Quran ayələrindən istifadə olunur.
Gözəl ilahi mahiyyət kəsb etdiyindən onun cinsi bəlkə də o qədər önəm daşımır. Bununla belə, bəzən cins məsələsi özünü aşkar şəkildə göstərir.
Klassik ədəbiyyatda dönə-dönə vəsf edilən gözəllərin bəzilərinin arxasında bəlkə də qadın nəzərdə tutulmur. Hətta ola bilsin ki, cavan oğlan durur. İslam patriarxal din olduğundan, İslam daxilində yaranmış sufizm Allah-təalanın qadın şəklində manifestasiyasını çətin qəbul edir. Amma istisnalar da var. Məsələn, İbn Ərəbi deyir ki, Allah-təala ən çox gözəl qadının simasında təcəlli edir. Onun şeyxləri, müəllimləri qadın idi, mistik kamilləşmə təcrübəsində həyat yoldaşının təsiri də böyük olub.
Amma cavan oğlan obrazı islamda, xüsusilə sufi poeziyasında xüsusi yer tutur. Bu, ədəbiyyatdır, bəzən eyni obrazlar insanları yorur, beynin silkələnməsi üçün yeni obrazlar yaranır ki, oxucuya maraqlı olsun. Bu silsilədə xristian gənc (tərsa-beçə), atəşpərəst gənc (muğ-beçə) adları altında obrazlar meydana gəlir.
Klassik sufi şeirində aşiqlə məşuqun vəhdəti olaraq bir obraz da dıqqəti çəkir; buna xüsusilə Nəsimidə tez-tez rast gəlinir – bilmirsən, şair özündən, yoxsa məşuqdan, yaxud məşuqədən danışır. Bu əslində fəna məqamında Aşiqlə İlahi Gözəlin vəhdətə çatdığı halın təsvir və tərənnümüdür.
Qurban Yaquboğlu: Nəsimi ilə bağlı ən çox mübahisə və diskussiyaya səbəb olan mövzulardan biri də onun cəzalandırılması ilə bağlıdır. Bəziləri Nəsiminin diri-diri soyulmadığını deyir. “Brifinq”də professor Səadət Şıxıyeva da bu fikri müdafiə edir. Ərəbşünas Fidan Rzayeva bizə müsahibəsində söylədi ki, ərəb mənbələrində “öldürdülər, sonra dərisini soydular” deyə yazılıb. Sizin bu mübahisələrə hansı əlavəniz var?
- Səhv etmirəmsə, bu mübahisəli mülahizəni ədəbiyyatşünaslığımıza Qəzənfər Paşayev gətirib. Nəsimişünaslıqda böyük xidməti olan Qəzənfər müəllim, yəqin ki, bu məsələyə münasibət bildirəcək. Nəsimi ona görə Nəsimidir ki, o, təkcə şair deyil, həm də bir əzabkeşdir. Əzabkeşlik dinlər tarixində çox böyük yer tutur. Əzabkeş olmağın özünün xüsusi məqamı var.
Nəsimi niyə bu qədər məşhurdur, insanlar nəyə görə əsrlər boyu onu sevir? Ona görə ki, o əzabkeş olub. İsa əl-Məsih də əzabkeşdir. İsa peyğəmbər haqqında Quranda deyilir ki, “onu öldürmədilər, çarmıxa çəkmədilər”. Amma məntiqlə yazılmalı idi ki, çarmıxa çəkmədilər, öldürmədilər. İsa əl-Məsih çarmıx əzabı çəkib, onun müqəddəsliyi birbaşa əzabkeş olması ilə bağlıdır.
Nəsiminin həyatını mükəmməl şəkildə araşdırdığımı söyləsəm, düzgün olmaz. Hər kəsin məşğul olduğu konkret sahələr var. Mən ərəbşünasam və əsas sahəm də klassik ərəb ədəbiyyatıdır. Bununla belə, bu məsələ ilə maraqlandım və gördüm ki, həqiqətən də bəzi ərəb mənbələrində şairin qətli barədə “boynu vuruldu, dərisi soyuldu və çarmıxa çəkildi” yazılır. Bu əl-Asqalanidə belədir və ərəb mənbələrinə xas təkrarçılığı xatırlasaq, əl-Asqalanidən təsirlənən tarixçilərin də onun mətnini olduğu kimi təkrarladığını görərik. (Sibt əl-Əcəmidə isə Sultan Müəyyədin fərmanında deyilir ki, dərisi soyulsun, sonra yeddi gün Hələbdə cəsədi car çəkilib nümayiş etdirilsin. Gördüyümüz kimi, bu, bir qədər fərqli xəbər olub dərisi soyulmaqla edam edilməni nəzərdə tutur.)
Quranda da, yuxarıda qeyd etdiyim kimi İsa ilə bağlı bu cür sıralanma var. İsa əl-Məsih haqqında ibri mənbələrinin əksəriyyətində onun edamı bu cür ardıcıllıqla gedir: edam olundu, çarmıxa çəkildi. Amma heç kəs söz sırasını əsas tutub “İsa əvvəl öldürülüb, sonra çarmıxa çəkilib,”-- demir. Bu absurd bir iddia olardı. Biz hərfi mənadan yapışıb düşünməməliyik ki, İsa əvvəl edam olunub, sonra çarmıxa çəkilib, eləcə də Nəsimi öldürülüb, sonra dərisi soyulub.
Çünki sami dillərinin, eləcə də ərəbcənin öz qaydaları var. “Və”, yəni “vav” bağlayıcısını İbn Mənzurun “Lisan əl-Ərəb” kitabında axtardım. Orada VIII əsr ərəb dilçisi Fərranın “vav”la “fə” bağlayıcılarının fərqi ilə bağlı fikrinə rast gəldim. Vurğulayır ki, “fə” bağlayıcısı yazılanda ardıcıllıq gözlənilir, “vav” olanda isə ardıcıllıq gözlənilmir. Fikir “vav”la bağlananda hərəkətin ardıcıllığı pozula bilər. Digər tərəfdən, “vav”ın bir mənası da “ilə”dir. Mənim fikrimcə, Nəsiminin dərisi soyulub, sonra qətlə yetirilib.
Mən sonra başqa müəlliflərin, Şəraninin əsərini tapdım. Bu, sufizm mövqeyindən yazılıb, İbn Ərəbi tərəfdarlarına və onların kitablarına qarşı olan terrordan bəhs edən əsərdir.
Orada Nəsimidən də danışılır və ona olan məhəbbət özünü göstərir. Şərani yazıb ki, Nəsimi hətta dərisi soyularkən muvaşşah şeirləri də deyib. Təbii ki, bu hissə uydurula da bilər, amma bir məqam da var: dərinin soyulması Hələbdə, qədim Assuriyada əsas edam növlərindən biri olub. Bəşər tarixində bu dəhşətli edama məruz qalanlar olub. İsa əl-Məsihin həvarilərindən olan Vorfolomey də bu üsulla qətlə yetirilib. Bu barədə Mikelancelonun çəkdiyi bir tablo da var. İsa əl-Məsihin həvarilərindən olan Vorfolomey barədə daha bir faktı şərqşünas Vüqar Qaradağlıdan öyrəndim. Dedi ki, Vorfolomey Bakıda qətlə yetirilib. Axtarış apardım, bu zaman qarşıma başqa bir məlumat çıxdı; ermənilər yazır ki, Vorfolomey ermənilərin qədim şəhəri Albanipolisdə, Albaniyanın paytaxtında, indiki Bakıda öldürülüb.
Yeri gəlmişkən, ermənilərin fantaziyasına, həyasızlığına baxın ki, Bakını qədim erməni şəhəri kimi qələmə verirlər. İkincisi, onların albanlarla nə əlaqəsi ola bilər?! Ağ bənizli, sarışın, mavi gözlü, uca boylu albanlar hara , ermənilər hara?
Burada bir məqam da var: Niyə məhz dəri? Bunun hürufilikdə önəmi nədir? Bu da maraqlı məsələdir. İslamda deyilir ki, qiyamət günü insanın dərisi onun üzünə duracaq, əleyhinə şahidlik edəcək. Dəri adi məsələ deyil, hürufilikdə də bunun xüsusi önəmi var. Çünki Qurani-Kərim aşılanmış dəri üzərində yazılan kitab kimi vurğulanır (Va kitəbin masturin fi raqqin mənşurin, Tur surəsi, 2-3). Hürufilər söyləyir ki, o kitab insan özüdür. Yəni aşılanmış dəri insanın simasıdır, insan özü həm Quran, həm də Allahın məzhəridir. Quranda antropomorfik “danışan kitab”dan bəhs edilir (Muminin, 62)
Digər maraqlı cəhət odur ki, Nəsimi “zındıq” ittihamı ilə qətlə yetirilib. Zındıq birbaşa manixeyçiliklə bağlıdır. Yəni zındıq tərcümədə “kafir”, “dinsiz” mənasındadır, amma əsl mənası Avestanı batini şərhidir ki, ona “zənd” deyilib, “zındıq” sözü də oradan yaranıb, yəni batini şərhə varan.
Bir ərəb mənbəsində qəribə detal diqqətimi çəkdi. Həmin mənbədə Nəsiminin qətlə yetirilməsinin ardınca Şamaxıdan söhbət gedir, məsələn, belə: Şamaxıda həmin il filan hadisə baş verdi. Bilmirəm müəllif Nəsimini fikrində tutub Şamaxıdan söhbət salır, yoxsa bu, təsadüfdür.
Qurban Yaquboğlu: Yeri gəlmişkən, islam fiqhində dərinin soyulması kimi cəza növü var?
- Düzü fiqh, şəriət mənim sahəm deyil və mən İslam cəza sistemini araşdırmamışam. Hazırda Misirdə yaşayan Seymur Nəsirov bildirib ki, İslamda ölü üzərində əməliyyat aparmaq olmaz. Yəni şairin öldürülüb sonra dərisinin soyulması şəriətə ziddir.
Amma biz Məmluk sultanlarını nə dərəcədə əsl islam hakimi saya bilərik? Tədqiqatlar onların bəzilərinin bir sıra məsələlərdə dinə əhəmiyyət vermədiyini, hətta Quranı belə yetərincə bilmədiyini göstərir. Bu barədə Annemarie Şimmelin maraqlı yazısı var.
Qeyd edim ki, Misirdə Nəsimidən əvvəl Əbu Bəkr Nəbulisi adlı bir sufi dərisi soyulmaqla qətlə yetirilib. Nəsiminin edamı baş verəndə Misirdə Məmlük bəyləri hakimiyyətdə idi. Məlum olduğu kimi, Məmlük bəyləri türk və çərkəz əsilli olmaqla iki yerə bölünür. Nəsimi çərkəz əsilli məmlük bəylərinin dövründə qətlə yetirilib. Faktlar deyir ki, dərinin soyulması sufilərə və hürufilərə tətbiq edilib. Nəsiminin edamından təxminən on il sonra İsfahanda Hacı Sorx adlı bir hürufi də dərisi soyulmaqla qətlə yetirilib.
Nəsiminin ölümündən heç bir il keçmir ki, onun edamında birbaşa rolu olan Hələb hakimi Yaşbəkin özünü öldürürlər. Mənbələrin birində qəribə bir məlumat yazılıb ki, o basdırılanda qəbrinə dərisi də qoyulub. Belə çıxır ki, onun da dərisi soyulub. Bəlkə də Nəsiminin qisasını almaqdan ötrü, belə edilib...
Nərgiz Ehlamqızı: Sağ ikən dəri soyulmaq və ya şeir söyləmək absurd iddialar deyilmi? Çünki dərisi soyulan insan ən azı huşunu itirər.
- Bunlar insanların əzabkeşə olan məhəbbətindən doğan əfsanələrdir. İnsanlar həmişə öz qəhrəmanları haqqında əfsanələr yaradır. Nəsimi də belə qəhrəmanlardandır.
Mənsur Rəğbətoğlu: Nəsiminin üz dərisi soyulmuşdu, yoxsa bütöv bədəni? Bəzi mənbələrdə qeyd edilir ki, təkcə üz dərisi soyulub...
- Doğrusu, şairin yalnız üz dərisinin soyulması barədə ilk dəfə eşidirəm. Söhbət cilddən, yəni dəridən gedir. Amma konkret üz, bədən dərisi barədə ərəb mənbələrində məlumata rast gəlməmişəm.
Qurban Yaquboğlu: Nəsiminin doğum yeri ilə bağlı da mübahisə var. O, şamaxılıdır, yoxsa təbrizli?
- Ərəb mənbələrində Nəsimiyə Təbrizi deyilir. Məsələ burasındadır ki, tək Nəsimiyə yox, bizim Nəimi kimi tanıdığımız Fəzlullah Astarabadiyə də Təbrizi deyilir. Çünki bunların əsas fəaliyyəti Təbrizdə olub. Hətta bir kitabda oxudum; Fəzlullahın dilindən yazılmışdı ki, “vəhdətin günəşi Təbrizdə doğulub”. Təbriz dini və mistik bir mərkəz olub. Bu səbəbdən, ərəb mənbələri Nəsimini, Fəzlullah Astarabadini Təbrizi, yəni Təbrizdən gələn adam kimi qələmə veriblər.
Təbriz də, Şamaxı da, Nəsiminin yazdığı azəri türkcəsi də bizimdir, heç kim bizdən başqa Nəsimiyə yaxın dura və sahib çıxa bilməz.
Nəsimini Salman Mümtaz şamaxılı adlandırıb. “Azərbaycan ədəbiyyatının qaynaqları” kitabında o, Nəsiminin “Şirvanda təvəllüd etdiyini” yazır. Konkret mənbə göstərməsə də, Salman Mümtazda Nəsiminin avtoqraf əlyazması olduğu ehtimalı var. Qızı xatirələrində bunun çox qədim əlyazma olduğunu, özü də Salman Mümtazın onu qızıl pulla aldığını deyib. Salman Mümtaz həbs olunarkən kitabxanası yük maşınına yüklənərək naməlum istiqamətdə aparılıb.
Salmaz Mümtazda Fəzlullilahın “Caviddan-name-i sağir” əsəri də olub; bu kitab dünyada heç yerdə yoxdur. Ancaq qeyd elədiyimiz kimi, alimin qiymətli kitabları yük maşınında naməlum istiqamətə aparılıb. Onun özü ilə birlikdə NKVD-yə bir-iki çamadan kitabının aparıldığı və guya həyətdə yandırıldığı da söylənilir. Hər halda o kitablar əlimizdə deyil.
Bu haqda mətbuatda da yazmışam, Salman Mümtaz irsini bəlkə də axtarıb tapmaq mümkündür. Onun irsini Sankt-Peterburqda, Moskvada, lap Ermənistanda axtarmaq olar. Salman Mümtazda Nəsiminin ən qədim divan nüsxəsi də olub. Həmin divanın əvvəlində Nəsiminin tərcümeyi-halının yazıldığını da bildirilib.
Qurban Yaquboğlu: Yəni Nəsiminin Şamaxı mənsubiyyəti bütün hallarda ehtimallar üzərindədir.
- Ehtimallar üzərindədir. Amma ərəb mənbələri ona Təbrizi deyirsə, bu da ehtimaldır. Mənsə güman edirəm ki, Nəsimi şamaxılıdır, çünki mədəniyyətlərin dialoqu, qaynaşması Qafqazda daha güclü olub. Nəsimi şeirində xristianlığın izləri çoxdur, onun “Divan”ının Qafqazda yaranması ehtimalı böyükdür.
Qurban Yaquboğlu: Hürufilərin Şirvana köçü və Şirvan hakimiyyəti ilə razılaşma da tarixi hadisədir... Belə çıxır ki, Nəsimi də daxil olmaqla hürufilər Şirvana Miranşahla razılaşma əsasında gəlib.
-Mənə hürufilərin Miranşahla razılaşması barədə heç nə məlum deyil. Bildiyim odur ki, Fəzlullahı Miranşah öz əli ilə qətlə yetirib. Bu səbəbdən, hürufilər Miranşaha nifrət ediblər. Ümumiyyətlə isə hürufilərsiz də Şamaxıda mistik həyata meyl olub. Nəsimiyə, hürufiliyə Həllac Mənsurun böyük təsiri məlumdur. Görkəmli şərqşünas alim Luis Massinion Həllac Mənsurun ən qədim əlyazma nüsxələrindən birinin Şamaxıda tapıldığını bildirir.
Biz Şamaxını mistik həyatdan kənarlaşdıra bilmərik. Avropa alimləri bəzən Həllac Mənsur təsirini Nəsimi yaradıcılığının son dövrünə aid edirlər. Amma Həllac Mənsur ideyalarının Qafqaz mühitinə yad olmadığını bildirən bu məlumat, yəni onun divanının Şamaxıda mövcud olması faktı şairin gənclik illərindən bu böyük əzabkeş mistikin təsiri altda olmasını düşünməyə əsas verir.
Düzü, mənə elə gəlir ki, bu mübahisələrdən daha çox şairin əsərlərinin tədqiqinə yönəlmək daha düzgün olardı. Nəsimi bizim dildə yazıb-yaradıb. Mənə elə gəlir, təbrizli yaxud şamaxılı olmasının o qədər də böyük önəmi yoxdur.
Nərgiz Ehlamqızı: Nəsiminin məzarını görmüsünüzmü, nəslinin davamçıları ilə təmasınız olubmu?
- Yox, belə bir təmas mənə qismət olmayıb. Onu da deyim ki, mən cəmi bir ərəb ölkəsində olmuşam.
Nərgiz Ehlamqızı: Ərəbşünas olmanıza rəğmən...
- Bəli. Hüsnü Mübarəkin vaxtında dörd həftəlik Misirə getmişəm. Amma ərəb mənbələrini oxuyuram. Ərəblər öz kitablarını paylaşmaqda çox səxavətlidirlər. Yəni material cəhətdən qıtlığımız yoxdur.
Sevinc Xan qızı Süleymanova: Müsahibələrinizdən birində qeyd etmisiniz ki, Nəsimi və hürufiliklə bağlı son dövrün tələblərinə cavab verən monoqrafik tədqiqat yoxdur. Eləcə də tərcümənin önəmindən bəhs etmisiniz. “Nəsimi İli” çərçivəsində bu sahədə hansı işlər görülməlidir?
- Bu yaxınlarda eşitdim ki, AMEA Şərqşünaslıq İnstitutunun dəstəyi ilə Səadət Şıxıyevanın monoqrafiyası işıq üzü görəcək. İnanıram ki, bu, dəyərli monoqrafiya olub ciddi əks-səda yaradacaq. “Nəsimi İli” məhz bu cəhətdən təqdirəlayiqdir ki, institut rəhbərlərinin diqqətini unudulmuş alimlərə yönəldir. Hal-hazırda Nəsimi ilə bağlı dörd kitabın hazırlanması ilə bağlı məlumatım var.
Sevinc Xan qızı Süleymanova: Sizcə, ingilis dilli alimlərin püxtələşməsi istiqamətində nə kimi işlər aparılmalıdır?
- Məlum olduğu kimi, Nazirlər Kabinetinin nəzdində Tərcümə Mərkəzi var, Bu alimlər yetişənədək tərcümə işlərini, yəni alimlərimizi xaricdə tanıtmağı bu mərkəz həyata keçirə bilər. Yaxşı tədqiqatlar xaricdə asan qəbul olunur. Bizim dəyərli alimlərimizin işləri tərcümə olunub xaricdə təbliğ edilə bilər. Mənim kimi həvəsə düşüb ingilis dilini də öyrənmək olar... Mən ingilis dilini 40 yaşımdan sonra özüm öyrənmişəm. Çünki istəmişəm Biləcəridən o tərəfə keçim... Bu, çox çətin idi, ancaq nail oldum. Qərbin şərqşünaslıqla bağlı nüfuzlu jurnallarında Azərbaycan ədəbiyyatına dair 4-5 məqalə nəşr etdirmişəm.
Mənsur Rəğbətoğlu: Hürufilərin siyasi iddialarının olduğu da sirr deyil. Sizcə, onların yaratmaq istədiyi dövlətin mərkəzi hara düşürdü? Ümumiyyətlə, dövlətin quruluşunu müəyyən etmişdilərmi, real planları nə idi?
- Hürufilərin siyasi iddiaları məlumdur. Ərəb mənbələrindən də bu görsənir. Nəsimi çox güman ki, çərkəz məmlukları ilə türk məmlukları arasındakı siyasi mübarizəyə cəlb edilib. Amma konkret dövlət yaratmaq planları barədə məndə dəqiq məlumat yoxdur. İbn Tağribirdidə bu mübarizə, o cümlədən, bəzi mənbələrdə Nəsiminin edamı ilə bağlı adı çəkilən Əli Bəy Zulqadir və və Osman Qarayölük kimi türk əyanları, onların çərkəzlərlə düşmənçiliyi barədə məlumatlar var. Amma Tağribirdi Nəsimidən bəhs etmir.
Orta əsrlərdə hər bir siyasi hərəkatın arxasında bir dini ideologiya dayanırdı. Hürufilərin ambisiyaları böyük idi. Böyük olmasaydı, Fəzullah gedib Teymurlənglə görüşməzdi, onu öz tərəfinə çəkməyə çalışmazdı. Amma Teymurləng Fəzlullaha əhəmiyyət vermir, oğlu Miranşah isə Fəzlullahın qətlini həyata keçirir.
Nəsiminin ardınca da çox insanlar gedirdi. Ərəb mənbələrində bu hərəkatla bağlı “hürufiyyə” ilə yanaşı “nəsimiyyə” ifadəsi də yazılır, yəni nəsimilik ayrıca təriqət kimi nəzərə çarpır. Orta əsrlər müsəlman dünyasında “kafir” damğası ilə edam edilən bir çox şəxslər məhz din pərdəsi altındakı siyasi fəallar olub.
Mənsur Rəğbətoğlu: Hürufiliyin dini ideologiya olduğunu bilirik, onların insan, təbiət, yaradılışla bağlı elmi baxışları necədir?
- O baxır “elmi baxış” adı altında nəyi nəzərdə tuturuq. Müasir anlamda dəqiq elmlərimi? Hürufilik özü əslində bir elm idi, hürufilik pifaqorçuluqla, kabbalistika ilə sıx bağlı idi. Hürufilik, yəni “ilm-əl-huruf” okkult elmlərə aiddir. O, yalnız din deyil, həm də fəlsəfi təlim idi. Elm deyəndə sırf təbiət elmlərini nəzərdə tutursunuzsa, Orta əsrlərdə mistik fəlsəfənin özünün də təbiətlə bağlılığı, çalarları olub. Amma bu daha çox okkult elm xarakterindədir. Məs. biz astrologiyaya “elm” deyib, onu müasir astronomiya ilə yanaşı tuta bilərikmi?
Hürufilər hərflərə, 28 və 32 rəqəmlərinə çox böyük önəm verirdilər. 28 Həzrəti Məhəmmədin kitabındakı, 32 isə Fəzlullahın “Caviddan-namə”sindəki hərflərin sayı idi. Çox qəribədir, insanların dişi də əvvəl 28 olur, sonra dörd ağıl dişi çıxır və say 32-yə çatır.
28 Qurani Kərimdəki müqəddəs hərflərin sayıdır. İnsan üzündəki 7 cərgə tük 4 ünsürə vurulanda 28 edir. Hürufilər saçı tən ortadan ayırıblar, bu, peyğəmbərlərin sünnəsi, yolu olub, tən ortadan ayıranda türk cərgəsi 8 olurdu. 8 cərgə də 4-lə birləşəndə 32, yəni fars dilinin Astarabad ləhcəsində yazılmış “Cavidan-namə”dəki hərflərin sayını edir. Bunlar barədə “Cavdan-namənin” türkcə tərcüməsində dönə-dönə yazılır.
Hürufilər öz təlimlərini daha kamil və əhatəli hesab edirdilər. Bəzi mistik təlimlərə görə hər bir dövrün özünün kamil insanı olub. Sufizmdəki fərziyyəyə görə, hər dövrü bu görünməz insanlar – “qütblər”, “qövslər” idarə edib. Hürufilik messianik təlim olub öz dövrünün xilaskarı kimi Fəzlullahı müqəddəsləşdirirdi.
Dgər tərəfdən, hərflər insanları cəlb etməkdən ötrü bir vasitə idi. Hürufilikdə Fəzlullahın əsl möcüzələri yuxu yozumu ilə bağlı idi. O, insanları bu yolla cəlb edirdi. Möcüzə, kəramət göstərməsən, insanları ardınca apara bilməzsən. Hürufiliyin əsas müddəası insanı Allahın məzhəri hesab etməsidir. Hürufilər dinlər və təlimlər arasında körpü yaradır, xristianlıqla islamı müqayisə edirdilər. Peyğəmbərimiz “ümmü” adlanır, yəni yazıb-oxumağı bilməyən. “Ümmi” sözünün bir mənası da “anaya aid” deməkdir.
İsa peyğəmbər də ümmü idi, çünki onun bioloji atası yox idi, anadan ilahi hökmlə doğulmuş peyğəmbər idi. İsa Allah-təalanın Məryəmə verdiyi Kəlam idi. Qurani-Kərim də Allah-təalanın Məhəmməd peyğəmbərə bəxş etdiyi bir Kəlamdır. Bu məqamda bir tərəfdə İsa əl-Məsihi, o biri tərəfdə Qurani-Kərimi, bir tərəfdə Məryəm ananı, digər tərəfdə Məhəmməd peyğəmbəri görürük. Bütün bunlar “Cavidan-namə” də dönə-dönə vurğulanan fikirlərdir. Onu da qeyd edim ki, Fəzlullahın “Cavidan-namə”si nəşr olunmayıb. Amma Londonda gənc hürufişünas alim Orxan Mirqasımov bu əsəri ingiliscəyə tərcümə edir və yaxın zamanda əsərin tənqidi mətnlə birlikdə ingiliscə tərcüməsinin nəşri gözlənilir.
Mən isə əsərlə Fatih Usluerin nəşr etdiyi türk tərcüməsində tanış olmuşam. Dərviş Murtaza adlı şəxs əsəri farscadan türk dilinə tərcümə edib. Fatih Usluer bunu sözbəsöz tərcümə sayır. Bu, xaotik bir əsərdir və təkrarlar üzərində qurulub. Ekstaz vəziyyətdə söylənən kəlam və sözlərə, Quran üslubuna çox bənzəyir.
Qurban Yaquboğlu: Hürufilərin Pifaqor fəlsəfəsini bildikləri haqda hər hansı məlumat varmı?
- Pifaqor öz fəlsəfəsini rəqəmlər üzərində qurub. Rəqəm simvolikası isə, məlumdur ki, hürufilikdə əsas yeri tutur. Amma, Pifaqorun adının hürufilik mətnlərində çəkilib-çəkilməməsi mənə məlum deyil. Mən hürufilərin Sokratdan məlumatlı olduqlarını daha dəqiq bilirəm. Sokrat deyir ki, insan bir gözəlliyə çox baxanda dəli olmaq səviyyəsinə gəlib çatır. Həqiqi aşiq əslində məcnun olur. Eynilə bu cür fikrə “Cavidan-namə”nin tərcüməsində rast gəlmişəm.
Pifaqorçular həndəsi fiqurlara və onların kainatla bağlı sirli mənalarına böyük əhəmiyyət verirdilər. Hətta, deyilənə görə, tələbələrindən biri dördbucaqlının sirrini açdığı üçün Pifaqor digər tələbələrini ətrafına yığıb ona simvolik qəbir düzəldir və çox keçmir ki, həmin tələbə ölür. Gördüyümüz kimi, sirr saxlamaq, ilahi hikmətləri gizli tutmaq pifaqorçuluğa xas cəhət olub və bu sonradan özünü sufizmdə də göstərib. Nəyə görə Mənsur Həllac digər sufilər tərəfindən töhmət olunurdu? Çünki o, sirri açdı, əslində “Ənəl-həqq” deməli deyildi. Sufizm də, hürufizm də simvollarla danışır, onların söhbətləri bir sekta üçün nəzərdə tutulur.
Mənsur Rəğbətoğlu: İsa peyğəmbərin bioloji atasının olmadığını xatırlatdınız, göydən mələk endiyi, Məryəmin hamilə qaldığı və İsanın doğulduğuna dair əfsanələr var. Başqa bir fikir var ki, Məryəm romalı əsgər tərəfindən təcavüzə uğrayır, Joseflə evlənir, işanın atasının da o olduğu deyilir.
- Bunun dini tərəfini deyə bilərəm. Dini rəvayətə görə, İsa peyğəmbər Cəbrayılın üfürməsi ilə dünyaya gəlib. Bildiyim odur ki, biz İsaya peyğəmbər deyirik, xristian dünyası onu Oğul Allah kimi qəbul edir. Quranın özündə isə İsa Allahın kəlamıdır.
Mənsur Rəğbətoğlu: Bəlkə şəxs kimi heç olmayıb...
- Məsələ belədir ki, xristian dünyasında, xüsusilə ateistlər tərəfindən İsa əl-Məsihlə bağlı bir çox əsərlər yazılır, bəzən məsələlər Renanın əsərində olduğu kimi, tarixilik baxımından araşdırılır, bəzən isə hətta təhqiramiz ifadələr işlənir, karikaturalar çəkilir. İsa əl-Məsih İslamda da müqəddəs sayılır. Mən, kiminsə heysiyyətinə, dini əqidəsinə toxunan məsələləri gündəmə gətirmək istəmirəm.
Mənsur Rəğbətoğlu: Məhəmməd peyğəmbərin real şəkli varmı?
- Yox, dillə təsviri var, Həzrəti Əli təsvir edib. Orta boylu, enli kürəkli, tər damcılarından daim gözəl qoxu gələn, iri alınlı, yaraşıqlı bir insan kimi təsvir edilib. İslamda bilirsiniz ki, insan surətinin çəkilməsi məqbul sayılmır. Məhəmməd peyğəmbərin şəklinin çəkilməsinə inanmıram, amma hədislərdə onun yaraşıqlı insan olduğu deyilir.
Sevinc Xan qızı Süleymanova: Klassiklərin əsərlərinə improvizələri qəbul edirsinizmi? Məsələn, Nəsiminin qəzəlinin hind musiqisi fonunda ifası...
- O mahnını dinləməmişəm, amma onu deyə bilərəm ki, həmin xanım özünü yaxşı reklam etdi və məşhurlaşdı. Belə insanları boş vermək daha yaxşı olardı.
(Ardı var)