Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 7-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin açılışında da iştirak ediblər.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov müəssisənin fəaliyyəti barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.
Bildirildi ki, ümumi sahəsi 1770 kvadratmetr olan məntəqə istehsalat və inzibati bölmədən ibarətdir. Dövlətimizin başçısının tapşırığı ilə “Azərxalça” ASC-nin filiallarının, ölkəmizdə fəaliyyət göstərən özəl xalçaçılıq müəssisələrinin yun ipliklə təmin olunması üçün mühüm tədbirlər görülür. Bu istiqamətdə həyata keçirilən layihələrdən biri Sumqayıt Kimya Sənaye Parkında “Azərxalça” ASC-nin yunəyirici-boyaq fabrikinin inşasıdır. Hazırda fabrikin tikintisi sürətlə davam etdirilir. Bu fabrikin xammalla təminatı məqsədilə Naxçıvan şəhərində, Bərdə, Qobustan, Şabran və Sabirabad rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Son illər bu sahənin inkişafına göstərilən diqqət, ölkəmizin müxtəlif bölgələrində emalatxanaların fəaliyyətə başlaması xalça toxunması üçün xammal bazasının yaradılması zərurətini meydana çıxarıb. Bu baxımdan yunəyirici-boyaq fabrikinin və regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin yaradılması idxaldan asılılığı tamamilə aradan qaldıracaq. Tədarük məntəqələri heyvandarlığın inkişafına da öz təsirini göstərəcək. Bu, qoyunçuluq təsərrüfatlarının, fermerlərin yun satışı probleminin həllinə imkan verəcək.
Bildirildi ki, regional tədarük məntəqələrində ildə 1500 ton yun qəbul olunacaq. Hər tədarük məntəqəsində 300 ton yun qəbulu nəzərdə tutulub. Qobustandakı tədarük məntəqəsi 14 rayonu əhatə edəcək. Bu məntəqənin imkanlarından Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Göyçay, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, Ağdaş, Zərdab rayonlarının, Şəki şəhərinin və Bakının Qaradağ rayonunun sakinləri yararlanacaqlar. Bu işin yüksək səviyyədə təşkili məqsədilə maarifləndirici tədbirlər də keçirilib. Bu məntəqədə növbəti ildən boyaq bitkiləri də qəbul olunacaq. Yun tədarükü zamanı xalça toxunması üçün iplik istehsalına yararlı olan yunun qəbuluna üstünlük veriləcək. Belə ki, iplik istehsalı üçün yalnız ildə bir dəfə qırxılan, uzunluğu 8 santimetr olan yunun qəbulu həyata keçiriləcək. İplik istehsalına yararlı olmayan yun isə yuyularaq xammal kimi satışa çıxarılacaq. Bunun üçün araşdırma aparılıb, hansı ölkədə belə xammala tələbatın olduğu müəyyənləşdirilib. Bu məntəqədə növbəti ildən boyaq bitkiləri də qəbul olunacaq.
Məlumat verildi ki, Qobustanın ərazisi boyaq bitkiləri ilə zəngindir. İnsanlar onları toplayıb tədarük məntəqəsinə təhvil verməklə həm də əlavə qazanc əldə edəcəklər. Həm yun, həm də boyaq bitkiləri ilboyu qəbul ediləcək.
Diqqətə çatdırıldı ki, regional məntəqəyə gətirilən məhsul rənginə və ölçüsünə görə çeşidlənəcək. Yun çeşidləndikdən sonra kipləşdiriləcək, onların üzərinə xüsusi yarlıqlar vurulacaq. Həmin yarlıqda yunun rəngi, qəbul tarixi, hansı rayondan alındığı, çəkisi, növü, qaba və incəliyi, nəmliyi barədə məlumatlar əksini tapacaq. Məntəqədə kipləşdirilmiş yun Sumqayıtdakı yunəyirici-boyaq fabrikinə təhvil veriləcək.
Bildirildi ki, Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsində 25 nəfər daimi işlə təmin olunub.
Dövlətimizin başçısı müəssisənin işçiləri ilə söhbət etdi.
Sonda xatirə şəkli çəkdirildi.