22 May 2019 15:30
1 419
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycana 8 baş bizon gətirilib və bu ayın sonunda onların sayı 20-yə çatacaq".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, bizonlar Şahdağ Milli Parkının İsmayıllı rayonunun ərazisində bir müddət volyer şəraitində saxlandıqdan sonra vəhşi təbiətə buraxılacaq.

Nazirlik rəsmisi xatırladıb ki, İDEA İctimai Birliyi ilə birgə nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması sahəsində aparılan işlər bu gün də davam edir: "Mayın 20-də nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərdən olan bizonların ölkəmizə introduksiyası ilə bağlı tədbir olub. Sevindiricidir ki, tarixən bizim ölkəmizin ərazisində məskunlaşan bizonlar yenidən ölkə təbiətinə qaytarılıb. Məlumdur ki, Azərbaycanda bizonlar ilk insanların yaşadığı qədim dövrlərdən olub. Qobustan qayalarının üstündə vəhşi bizonların cizgilərinin əks olunması da bunun göstəricisidir. Tarixçilər bizonlarla bağlı öz salnamələrində qeyd edir ki, Azərbaycan xanları vəhşi bizonları ovlayırdılar. Bu səbəbdən onların ölkə təbiətinə qaytarılması bizim tarixi irsimizin daha bir elementinin bərpası anlamına gəlir"./Report/


Müəllif: Teleqraf.com